Bakı, 28 yanvar, AZƏRTAC
Yol hərəkətinin yenidən təşkili ilə bağlı ümumilikdə 10-dan çox layihə icra olunur. Yol nişanları və nişanlanma xətləri ilə bağlı da işlər həyata keçirilib.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın ötən il üzrə icrasına həsr olunan dəyirmi masada bildirib.
Onun sözlərinə görə, görülən işlər çərçivəsində 32 min yol nişanı, 407 ədəd LTP tipli məlumat lövhəsi quraşdırılıb, 1,7 milyon kvadratmetr xətlənmə işləri görülüb: “Ümumilikdə yol hərəkəti təhlükəsizliyini artıran 60 layihə icra edilib”.
Aktiv mobillik tədbirlərinin həyata keçirilməsi üçün mikromobillik və piyada infrastrukturunun genişləndirildiyini deyən Anar Rzayev hazırda Bakıda mikromobillik zolağının uzunluğunun 60,3 kilometr təşkil etdiyini, hədəfin isə 100 kilometr olduğunu açıqlayıb: “Görülən işlər çərçivəsində skuter üçün 700, velosiped üçün isə 564 parklanma məntəqəsi təşkil edilib. Hazırda icarəyə verilən skuter sayı 4900, velosiped sayı 2200-dür. 2025-ci ildə icarə xidmətindən təxminən 405 min mikromobillik istifadəçisi yararlanıb. Mikromobillik vasitələri ilə 3,74 milyon səfər edilib, qət edilən ümumi məsafə isə 10,6 milyon kilometr olub. Şəhər mərkəzində başlayan və bitən fərdi nəqliyyat vasitələri (minik avtomobili, taksi və mikromobillik) ilə edilən səfərlərin ümumi sayında mikromobilliyin xüsusi çəkisi 12 faiz təşkil edir”.