AZ

Braziliyada yeni gənə növü tapıldı

Braziliyanın Butantan İnstitutunda aparılan elmi tədqiqatlar zamanı miniatür ölçülü bir hörümçəyin üzərində qeyri-adi struktur aşkarlanıb.

AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki, ilk baxışda zərif muncuq zəncirini xatırladan bu görüntünün illərdir elm dünyasından gizlənən yeni parazit gənə növü olduğu müəyyən edilib.

Tədqiqatçı Rikardo Bassini-Silva bildirib ki, sözügedən gənə larvaları hörümçəyin bədənində zirehsiz və zəif nöqtələr boyunca zəncirvari şəkildə düzülərək onun lenf mayesi ilə qidalanır. Alimlərin sözlərinə görə, bu tapıntı həm yeni növün kəşfi, həm də həmin gənə ailəsinin Braziliya ərazisində qeydə alınan ilk nümunəsi kimi böyük elmi əhəmiyyət daşıyır.

Mütəxəssislər qeyd edirlər ki, bu kəşf laboratoriya kolleksiyalarında hələ də çoxlu öyrənilməmiş canlı növlərinin mövcud olduğunu göstərir. Kiçik ölçülərinə görə uzun müddət diqqətdən yayınan bu parazitlər zoologiya və akarologiya sahəsində gələcək araşdırmalar üçün yeni imkanlar açır.

Hazırda alimlər parazitlərin niyə məhz zəncirvari formada yerləşdiyini, eləcə də onların ekoloji təsirlərini daha dərindən araşdırmağı planlaşdırırlar. Kəşf Braziliya ekosisteminin indiyədək məlum olmayan tərəflərinin üzə çıxarılması baxımından mühüm addım kimi qiymətləndirilir.

Zeynəb Tehranlı

Seçilən
0
1
azedu.az

2Mənbələr