AZ

Şaara­nın Moskva gedişi pərdəarxası planların başlanğıcıdır?-Şok səfərin GİZLİ SƏBƏBLƏRİ

Yaxın Şərqdə formalaşmaqda olan yeni geosiyasi konfiqurasiya fonunda regional və qlobal güclərin Suriyaya yanaşması yenidən aktuallaşır. Post-Əsəd mərhələsində rəsmi Dəməşqin atdığı addımlar, xüsusilə böyük dövlətlərlə münasibətlərin yenidən qurulması cəhdləri Suriyanın gələcək xarici siyasət prioritetləri barədə mühüm mesajlar verir. Bu kontekstdə Suriya Prezidenti Əhməd əl-Şaraanın Rusiyaya planlaşdırılan səfəri təsadüfi deyil və daha geniş strateji çərçivədə dəyərləndirilməlidir.

Politoloq Azər Qasımov Editor.az-a açıqlamasında bildirib ki, Suriya–Rusiya münasibətlərinin kəskin şəkildə pozulması tərəflərin heç birinin maraqlarına cavab vermir:

“Rusiya artıq Suriyada siyasi hakimiyyət dəyişikliyini qəbul edib və Bəşər Əsədin yerinə Əhməd əl-Şaraanın gəlməsi reallıq kimi dəyərləndirilir. Məhz bu səbəbdən Moskva yeni mərhələyə uyğun olaraq rəsmi Dəməşqlə münasibətləri yenidən formatlamağa çalışır. Eyni zamanda, Suriya rəhbərliyinin də Rusiya ilə əməkdaşlıqda maraqlı olduğu açıq şəkildə görünür.

Beynəlxalq münasibətlərdə əsas olan konkret liderlər deyil, dövlətlərin uzunmüddətli maraqlarıdır. Bu baxımdan Suriya Prezidentinin Moskvaya səfəri də məhz milli maraqlardan irəli gələn praqmatik addım kimi qiymətləndirilməlidir. Rusiya Ukrayna müharibəsi fonunda müəyyən imic və mövqe itkiləri yaşasa da, hələ də qlobal proseslərdə təsir imkanlarını tam itirməyib”.

Politoloqun fikrincə, Rusiya üçün Suriyada konkret şəxsin hakimiyyətdə olmasından daha vacib olan məsələ Yaxın Şərqdə, xüsusilə “isti sular” bölgəsində strateji mövcudluğunu qorumaqdır:

“Bu reallıq fonunda Əhməd əl-Şaraanın Moskvaya səfəri iki ölkə arasında münasibətlərdə yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilə bilər. ABŞ və Avropa İttifaqının Suriyanın yeni hakimiyyətinə münasibətdə daha çevik mövqe sərgilədiyi bir şəraitdə Rusiyanın tam əks xətt tutması Moskvanın öz maraqlarına zidd olardı. Rusiya Suriyanın təhlükəsizliyi və iqtisadi bərpası prosesində müəyyən rol oynaya bilər. Ən azı rəsmi Dəməşqə qarşı destruktiv mövqedən çıxış etməməsi və enerji, xüsusilə qaz təchizatı sahəsində mümkün əməkdaşlıq perspektivləri gündəmdə qala bilər”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
41
editor.az

1Mənbələr