AZ

Ailədaxili şiddət halları artır – Nə etməli? 

Yanvarın 25-də Xətai rayonunda baş verən və rəsmi qurumlar tərəfindən araşdırılan ağır hadisə cəmiyyətdə ailədaxili zorakılıq və psixoloji gərginliyin artması ilə bağlı ciddi müzakirələrə yol açıb. Hadisə ilə bağlı yayılan məlumatlar göstərir ki, ailə münaqişəsi fonunda baş verən bu faciə təkcə hüquqi müstəvidə deyil, eyni zamanda sosial və psixoloji baxımdan da dərin problemlərin mövcudluğunu üzə çıxarır. Son dövrlər məişət zəminində ağır zorakılıq hallarının, xüsusilə də bıçaqlanma ilə nəticələnən konfliktlərin artması cəmiyyətdə narahatlıq doğuran tendensiya kimi qiymətləndirilir.

Əhməd Qəşəmoğlu

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan sosioloq Əhməd Qəşəmoğlunun fikrincə, bu cür hadisələrin artması tək bir səbəblə izah oluna bilməz. Onun sözlərinə görə, son illərdə cəmiyyətin sosial strukturu ciddi stress altındadır:

“İqtisadi qeyri-sabitlik, sosial ədalətsizlik hissi, ailə daxilində rolların dəyişməsi və gözləntilərin toqquşması insanlarda yığılan aqressiyanı artırır. Ailə cəmiyyətin ən kiçik modeli olduğu üçün ümumi sosial gərginlik ilk növbədə ailədaxili münasibətlərdə üzə çıxır. İnsanlar problemlərini institusional yollarla həll edə bilmədikdə, konfliktlər daha çox məişət müstəvisində və zorakı formada partlayır”.

 

Saytımıza danışan psixoloq Nəzrin Əhmədovanın yanaşmasına görə isə bu tip hadisələrin kökündə emosional tənzimləmə bacarığının zəifliyi dayanır:

“Bir çox insan uzun müddət stres, qısqanclıq, nəzarət ehtiyacı və daxili narazılıq hissi ilə yaşayır, lakin bu hissləri sağlam şəkildə ifadə etməyi bacarmır. Belə vəziyyətlərdə konflikt anı “son damla” rolunu oynayır və insan öz davranışına nəzarəti itirir. Bu zaman nəticənin nə qədər ağır ola biləcəyi düşünülmür və impulsiv qərarlar faciə ilə bitə bilir. Bıçaqlanma kimi hallar çox vaxt planlaşdırılmış cinayət deyil, emosional partlayışın nəticəsi olur. Xüsusilə ailə daxilində baş verən zorakılıq hadisələrində tərəflər bir-birini yaxşı tanıdığı üçün emosional təsir daha güclü olur və risk artır. Cəmiyyətdə psixoloji yardım almağa qarşı olan stereotiplər bu problemi daha da dərinləşdirir. İnsanlar psixoloqa müraciəti hələ də “zəiflik” kimi qəbul edir və nəticədə problemlər gizli şəkildə böyüyür.

Psixoloq qeyd edib ki, ailədaxili zorakılıqla mübarizə yalnız cəza mexanizmləri ilə məhdudlaşmamalıdır:

“Erkən xəbərdarlıq sistemləri, ailə psixoloqlarının əlçatanlığı, maarifləndirmə proqramları və emosional savadlılığın artırılması bu cür faciələrin qarşısının alınmasında həlledici rol oynaya bilər. Xətai rayonunda baş verən bu hadisə bir daha göstərir ki, ailə daxilində baş verən zorakılıq fərdi problem deyil, cəmiyyətin ümumi psixoloji və sosial sağlamlığının güzgüsüdür və bu sahədə kompleks yanaşma zəruridir”.

Tunar

Seçilən
82
20
nocomment.az

10Mənbələr