2025-ci ilin yekunlarına əsasən, Azərbaycanda fəaliyyət göstərən Bank Olmayan Kredit Təşkilatlarının (BOKT) cəmi xalis mənfəəti 111,5 milyon manat təşkil edib. Bu, əvvəlki ilin yekunu ilə müqayisədə 45,6 milyon manat və ya 29% azalma deməkdir.
FED.az biznes və maliyyə xəbərləri portalı Azərbaycan Mərkzi Bankının hesabatına istinadən xəbər verir.
Xalis mənfəətin azalmasında əsas rolu 2025-ci ildə zərərin əsas səbəbi BOKT-lər tərəfindən “Bank olmayan kredit təşkilatlarının fəaliyyətinin prudensial tənzimlənməsi Qaydası”nın müvafiq tələbinə uyğun olaraq xərclər hesabına xüsusi ehtiyatların yaradılması olub.
BOKT-lar aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatlara 107 milyon manat ayırıblar. Bu, əvvəlki illə müqayisədə 42,7 milyon manat (66,4%) çoxdur.
Eyni zamanda, sektorun qeyri-faiz xərcləri də 56,4 milyon manat (40,5%) artaraq 195,5 milyon manata çatıb. Buna qarşılıq, qeyri-faiz gəlirləri isə 59,7 milyon manat (31,1%) artaraq 251,6 milyon manat olub.
Gəlirlərin artmasına baxmayaraq, xərclərin və ehtiyat ayırmalarının daha sürətli artması yekun mənfəətə azaldıcı təsir göstərib. Nəticədə, əməliyyat mənfəəti 29,4 milyon manat (11,2%) azalaraq 232,8 milyon manata düşüb. Vergilər ödənilənədək mənfəət isə 71,1 milyon manat (35,8%) azalaraq 127,5 milyon manat təşkil edib. Hesabat dövründə BOKT-lar 16 milyon manat mənfəət vergisi ödəyiblər ki, bu da əvvəlki ilə nəzərən 25,6 milyon manat azdır.
Xatırladaq ki, əvvəlki ilin yekununda BOKT-ların xalis mənfəəti 157,1 milyon manat, əməliyyat mənfəəti 262,2 milyon manat, ehtiyat ayırmaları isə 64,3 milyon manat təşkil edirdi.
Qeyd: Hesabatda "Aqrarkredit" QSC istisna edilib.