AZ

“Birinci liqadakı komandaların hər biri rəqibimizdi” - Adil Şükürov Rəhman Hacıyevin ayrılmasından danışdı

Ötən mövsümə iddialı başlayıb sonda aşkar autsayder kimi elitanı tərk edən “Səbail” bu mövsüm birinci liqada mübarizə aparır. “Dənizçilər”in burda rahatlıqla çempion olub premyer-liqaya qayıdacağı gözlənilsə də, qış fasiləsinə nəinki 2-ci, hətta 3-cü yerdə yollandılar - “Şəfa” ilə “Baku Sportinq”dən geri qaldılar.
Bayıl təmsilçisi 1-ci liqada “transfer pəncərəsi” açılandan bəri ən fəal komandalardan biridi. “Şahdağ Qusar”ın hücumçusu, 1-ci liqa tarixində ən çox oyun keçirən futbolçu Ruslan Voronsovu transfer edən komanda “Difai”dən Roman Hüseynovu, “Mingəçevir”dən Qurban Səfərovu heyətinə qatıb. Emin Rüstəmov isə elita təmsilçisi “Karvan-Yevlax”a mövsümün sonuna qədər icarəyə verilib. Yanvarın 6-da təlim-məşq toplanışına start verən komanda ev oyunlarını keçirdiyi “ASCO Arena”da hazırlaşır. Yanvarın 16-da keçirdiyi ilk yoxlama oyununda U-21-ə 0:1 hesabıyla məğlub olan “dənizçilər” ötən gün ikinci liqanın şərikli lideri “Qaradağ Lökbatan”ı iki cavabsız topla məğlub edib.
Paytaxt klubu mövsümün gedişində baş məşqçisi Elvin Məmmədovla yolları ayırıb, Adil Şükürovla müqavilə bağlandı. Komandanın indiki durumu ilə bağlı adı çəkilən mütəxəssislə söhbət etdik.
- Yeni komandada işiniz necə gedir?
- Komanda ilə hazırlığa davam edirik və indi yoxlama oyunları mərhələsindəyik. Bildiyiniz kimi, ayın 16 da U-21 milisi ilə yoldaşlıq oyunumuz olub. Dünən isə ikinci liqanın qış çempionu “Qaradağ Lökbatan”la oynadıq, qarşıda, yəni yanvarın 25-də “Sumqayıt”ın əvəzedici komandası, 28-i isə hələ ki adı bəlli olmayan rəqib ilə qarşılaşacağıq.
- Rəhman Hacıyev də komandadan ayrıldı. Əsas futbolçulardan biri idi. Klub futbolçunun transferindən pul qazanmadı. Onunla müqavilədə elitadan təklif gəlsə, buraxmaqla bağlı bənd var idi?
- Rəhman komandanı tərk edib. Müqaviləsində belə bənd yox idi. İstədi, premyer-liqa komandasına keçdi. Momo və iki gənc oyunçumuz da komandadan ayrılıb . Komandaya yeni oyunçular cəlb etmişik və bu yöndə yenə də işimizi davam etdiririk.
- Yəni bundan sonra da transfer olacaq.
- Bəli, yeni transferlər gözlənilir. İnşallah, yaxın günlərdə klub açıqlama verəcək.
- “Səbail”in maliyyə durumu premyer-liqaya yüksəlməyə imkan verir?
- Bilirsiz ki , klub premyer-liqadan düşəndən sonra büdcəsi də xeyli azalıb. Lakin imkan daxilində hansısa addınlar atmağa çalışırıq.
- Elitaya yüksəlmək uğrunda mübarizədə əsas rəqibiniz “Şəfa” idi. Artıq “Baku Sportinq”i də rəqib kimi görürsüz?
- Birinci liqadakı komandaların hər biri bizim rəqibimizdi. Ona görə də istənilən rəqibə qarşı 100 faiz mübarizə aparmaq lazımdı.
MÜZƏFFƏR QULUZADƏ

Seçilən
22
football-plus.az

1Mənbələr