"Sumqayıt" basketbol klubunun legioneri Cey Cey Kolakon klubun mətbuat xidmətinə geniş müsahibə verib. Təcrübəli oyunçu karyerası, Azərbaycandakı həyatı və milli çempionatın səviyyəsi ilə bağlı maraqlı fikirlər səsləndirib.

Offsideplus.az xəbər verir ki, basketbolçu əvvəlcə peşəkar keçmişinə nəzər salıb:

“Finlandiyadakı ilk ilim kifayət qədər ağır keçmişdi, oyun praktikasından əziyyət çəkirdim. Lakin klubumu dəyişdikdən sonra komandanın əsas fiqurlarından birinə çevrilə bildim. Azərbaycana gəlişim isə mövsümün ortasına – dekabr ayına təsadüf etdi. İlk vaxtlar meydanda az görünsəm də, özümə inanırdım. Artıq baş məşqçinin etimadını qazanmışam və xüsusən NTD ilə kubok oyununda özümü yaxşı tərəfdən göstərə bildim”.

“Sumqayıt mənə Misiri və Cənubi Sudanı xatırladır”

Azərbaycan haqqında təəssüratlarını bölüşən Kolakon paytaxtın gözəlliyinə heyran qaldığını gizlətməyib:

“Bakı memarlıq baxımından möhtəşəmdir, demək olar ki, hər yerini gəzmişəm. Sumqayıt isə mənə çox doğmadır. Mən əslən Cənubi Sudandanam, köklərim həm də Misirə bağlıdır. Sumqayıtdakı həyat tərzi və insanların mentaliteti həmin yerlərlə çox bənzərdir. Buna görə də özümü burada tam rahat hiss edirəm”.

“Azərbaycan çempionatı Finlandiya liqasından güclüdür”

Liqanın səviyyəsini ABŞ-dakı kollec liqası ilə müqayisə edən idmançı, yerli çempionatın rəqabətə davamlı olduğunu bildirib:

“Azərbaycan Basketbol Liqasının səviyyəsi məni qane edir. Hətta deyərdim ki, burada səviyyə Finlandiya birinciliyindən daha yüksəkdir. Finlandiyada oyun daha çox müdafiəçilər üzərində qurulsa da, Azərbaycanda mərkəz oyunçuları və forvardlar ön plana çıxır. Komandamıza gəlincə isə, heyətdə hər an məsuliyyəti üzərinə götürüb nəticəni dəyişə biləcək bacarıqlı basketbolçularımız var”.