AZ

Sahib Məmmədovdan xəbərdarlıq: Yeni dəyişikliklər tələbələrin hüquqlarını tam qorumur

Əmək Məcəlləsinə növbəti dəfə genişmiqyaslı dəyişikliklər və əlavələr edilib. Bu dəyişikliklərin sayı yeddi yüzdən çoxdur və onların bir qismi redaksiya xarakteri daşıyır. Bu dəyişiklikləri tələbələrlə bağlı məsələlərə də qismən redaksiya xarakterli hesab etmək olar.

QHT.az xəbər verir ki, bu sözləri Vətəndaşların Əmək hüquqlarını müdafiə liqasının rəhbəri, hüquqşünas Sahib Məmmədov bildirib. Onun sözlərinə görə, çünki Nazirlər Kabinetinin ali və orta ixtisas təhsili müəssisələrində təcrübə keçmə qaydaları mövcuddur. Peşə təhsili ilə bağlı qaydalar da bir neçə dəfə qəbul edilib. Sonuncu redaksiya “Təhsil haqqında” qanunun qəbulundan sonra Prezidentin fərmanı və Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiqlənmişdir və artıq bir neçə ildir qüvvədədir:

"Həmin sənədlərdə göstərilir ki, təcrübə keçən tələbələrlə işəgötürənlər əmək müqaviləsi bağlaya bilərlər. Əslində isə normativ hüquqi aktlar haqqında Konstitusiya Qanununa əsasən “bilər”, “ola bilər” kimi ifadələr deyil, imperativ xarakterli “bağlanmalıdır” forması işlədilməlidir. Lakin hazırkı mətn bu şəkildə tərtib olunub. Əmək Məcəlləsinə son dəyişikliklərdə 47-ci maddəyə (işçilərlə hansı hallarda müddətli əmək müqaviləsi bağlanması) iki yeni bənd əlavə edilib. Bunlardan biri vətəndaşlığı olmayan şəxslərin iş icazəsi alarkən müddətli əmək müqaviləsi bağlaması ilə, digəri isə təcrübə keçən tələbələrlə müddətli əmək müqaviləsi bağlanması ilə bağlıdır".

QHT sədri bildirib ki, halbuki bu dəyişikliklərdən əvvəl də belə müqavilələr bağlamaq mümkün idi. Çünki maddədə artıq “E” və “C” bəndləri mövcud idi və onlara istinad edilə bilərdi. Məsələn, əgər şəxs iki aylıq təcrübəyə gəlirsə, onunla müddətsiz əmək müqaviləsi bağlamaq mümkün deyil. O, yalnız müəyyən müddət üçün əmək müqaviləsi bağlaya bilər. Bu baxımdan yeni dəyişikliklərin mahiyyət etibarilə ciddi yenilik yaratmadığını demək olar:

"Bununla yanaşı, fikrimcə, bu sahədə ciddi problemlər mövcuddur və tənzimlənməsi vacib olan bir sıra məsələlər qalmaqdadır. Praktikada müəyyən çətinliklər yaranır. Məsələn, Elm və Təhsil Nazirliyi sistemində uzun illərdir mövcud olan bir təcrübəyə görə, tələbə hazırlayan təhsil müəssisəsi (universitet, kollec və s.) tələbəni başqa bir təhsil müəssisəsinə təcrübəyə göndərir. Müəllimlər həmin müəssisədə dərs deyir. Qəbul edən müəssisənin büdcəsində bu şəxslər üçün əməkhaqqı nəzərdə tutulmur. Müvafiq vəsait göndərən müəssisənin büdcəsindən köçürülür və həmin əsasda təcrübə keçən şəxslərlə əmək müqaviləsi bağlanır və ya onların işi təşkil olunur".

Seçilən
39
qht.az

1Mənbələr