Rozmarin ekstraktı kimyaterapiya fonunda yaranan yaddaş və diqqət pozuntularını zəiflədə bilər. Bu qənaətə Misirin Ayn Şams Universitetinin alimləri gəliblər.
Redaktor.az xəbər verir ki, tədqiqatın nəticələri "Food & Function" jurnalında dərc olunub.
Araşdırma çərçivəsində alimlər siçovullarda klinik praktikada geniş istifadə olunan və nevroloji yan təsirləri ilə tanınan oksaliplatin preparatı vasitəsilə koqnitiv pozuntular yaradıblar. Daha sonra heyvanlara rozmarin ekstraktı adi spirtli formada və ya bioloji əlçatanlığı artırmaq üçün nanohissəciklər şəklində verilib.
Hər iki halda rozmarin öyrənmə və yaddaşa cavabdeh olan hipokamp bölgəsinin zədələnməsini azaldıb, davranış, yaddaş və diqqət göstəricilərinin pisləşməsini zəiflədib. Biokimyəvi analizlər ekstraktın sinir toxumasında antioksidant müdafiəni bərpa etdiyini, iltihabı azaltdığını və neyronların ölümünə bağlı mexanizmləri zəiflətdiyini göstərib. Eyni zamanda beynin struktur və funksiyalarının qorunmasında mühüm rol oynayan Wnt/β-katenin siqnal yolu aktivləşib.
Tədqiqatçılar vurğulayırlar ki, rozmarin oksaliplatinin şişəleyhinə təsirini azaltmayıb ki, bu da mümkün klinik tətbiq baxımından xüsusi əhəmiyyət daşıyır. Hələlik nəticələr yalnız heyvanlar üzərində əldə edilsə də, alimlər qida bitkilərinin xərçəng müalicəsinin nevroloji yan təsirlərini azaltmaq üçün perspektivli köməkçi vasitə ola biləcəyini bildirirlər.
Nuriyyə NATİQQIZI