Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) və polis birgə əməliyyat keçirərək, İncirlik hava bazası ətrafında kəşfiyyat fəaliyyəti ilə məşğul olan və qətl qrupları yaratmağı planlaşdıran İran casus şəbəkəsini zərərsizləşdirib.
NOCOMMENT.az xəbər verir ki, əməliyyat beş əyalətdə, əsasən İstanbul bölgəsində aparılıb və nəticədə altı şübhəli saxlanılıb.
Saxlanılanlar arasında müdafiə sənayesi şirkətlərinin sahibləri Erxan Ergelen və Taner Özkan, tekstil sahəsində sahibkarlar Cemal Beyaz və Remzi Beyaz, Əlikan Koç, həmçinin İran vətəndaşı Əşkan Calali var. Hamısı İstanbul Cəza Məhkəməsinin qərarı ilə “dövlət sirlərini siyasi və ya hərbi kəşfiyyat məqsədilə əldə etmək” ittihamı ilə həbs olunublar.
Türkiyə KİV-lərinin məlumatına görə, şəbəkənin rəhbərlərinin İran kəşfiyyatçıları Nəcəf Rüstami (“Hacı”) və Mahdi Yəkə Dəxqan (“Doktor”) olduğu müəyyən edilib. Məhkəmə materiallarına görə, Rüstami Əlikan Koça İncirlik bazasında foto və video çəkilişlər üçün kadrlar seçməyi tapşırıb.
Əşkan Calali isə Ankara-da yaşayır və onun planına görə, Türkiyədən Şimali Kipr Türk Cümhuriyyətinə döyüş dronları göndərmək və şirkətləri Bulaq Robotik və Arete Industries vasitəsilə Kiprin yunan hissəsində əməliyyatları idarə etmək nəzərdə tutulub. Araşdırmalar göstərir ki, Calali və Koç 2025-ci ilin avqust-sentyabr aylarında İranda dron idarəçiliyi üzrə xüsusi təlim keçiblər.
Həmçinin, istintaq materiallarına görə, Erxan Ergelen və Taner Özkan 2025-ci ilin oktyabr ayında İrana gedərək dronların Kiprin yunan hissəsinə tədarükündə iştirak ediblər.
Aliyə