AZ

MİT-dən SENSASİON ƏMƏLİYYAT: İran casus şəbəkəsi ifşa edildi – FOTOLAR

Türkiyənin kəşfiyyat və hüquq-mühafizə orqanları İncirlik aviabazası ətrafında kəşfiyyat fəaliyyəti ilə məşğul olan, həmçinin qətllər törətmək üçün qruplar yaratmağı planlaşdıran İrana bağlı casus şəbəkəsini zərərsizləşdirib.

Bu barədə çərşənbə günü rəsmi qurumlar məlumat yayıb.

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) polis əməkdaşları ilə birgə beş vilayətdə, əsasən İstanbul bölgəsində xüsusi əməliyyat keçirib. Əməliyyat nəticəsində altı şübhəli saxlanılıb.

Həbs edilənlər arasında müdafiə sənayesi şirkətlərinin sahibləri Erhan Ergelen və Taner Özkan, tekstil sektorunda fəaliyyət göstərən iş adamları Cemal Beyaz və Remzi Beyaz, Alikan Koç, eləcə də İran vətəndaşı Aşkan Cəlali var.

İstanbul Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə saxlanılan şəxslər “siyasi və ya hərbi kəşfiyyat məqsədilə dövlət sirrlərinin əldə edilməsi” ittihamı ilə həbs olunublar.

Türkiyə mediasının yazdığına görə, araşdırma zamanı casus şəbəkəsinə “Hacı” kod adı ilə tanınan iranlı kəşfiyyatçı Nəcəf Rostami və “Doktor” ləqəbli Mehdi Yeke Dehqanın rəhbərlik etdiyi müəyyən edilib.

İstintaq materiallarına əsasən, Rostami Van şəhərində yaşayan Alikan Koça Adanadakı İncirlik aviabazasında foto və videoçəkiliş aparacaq şəxslərin cəlb olunmasını tapşırıb.

Ankarada yaşayan İran vətəndaşı Aşkan Cəlali isə Türkiyədən Şimali Kipr Türk Respublikasına (TŞKR) döyüş dronlarının göndərilməsini, eyni zamanda ona məxsus “Bulaq Robotik” və “Arete Industries” şirkətləri vasitəsilə Kiprin yunan hissəsində əməliyyatların idarə olunmasını planlaşdırıb.

Hakimiyyət orqanlarının məlumatına görə, Cəlali və Koç 2025-ci ilin avqust–sentyabr aylarında İranda pilotsuz uçuş aparatlarının idarə olunması üzrə xüsusi hazırlıq keçiblər.

Bundan əlavə, istintaq sənədlərində qeyd olunur ki, Erhan Ergelen və Taner Özkan 2025-ci ilin oktyabrında İrana səfər edərək Kiprin yunan hissəsinə pilotsuz uçuş aparatlarının tədarükündə iştirak ediblər.

Musavat.com

Seçilən
15
2
editor.az

4Mənbələr