Kulis.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Bu gün yazıçı Eyvaz Əlləzoğlunun doğum günüdür.
Kulis.az Nəriman Əbdülrəhmanlının “Eyvaz Əlləzoğlu: Nəfsini sındırmış adam” yazısını təqdim edir.
Gözümü böyüdən rəqəm
“…mən ön söz yazılmaqla, hər hansı nüfuzlu yazıçı tərəfindən təqdim edilməklə, özünüreklamla ədəbiyyata daxil olmaqdan xoşu gəlməyən adamlardanam…”
“Doğum” hekayəsinə ön söz əvəzindən
I. “70” rəqəminin zəhmi
Yanvarın 28-i yazıçı Eyvaz Əlləzoğlunun doğum günüdür…
Daha doğrusu, bu gün onun… 70 (əlli) yaşı tamam olur…
Bu “70” rəqəmini anlaşılmaz duyğulardan gözlərim böyüyə-böyüyə yazıram – heç inanmağım gəlmir…
Vaxt vardı, adlı sanlı qələm adamlarının 70 yaşı tamam olanda, heyrətlənir, o hüdudu ömrün də, yaradıcılığın da zirvəsi sayırdıq, indi özümüz həmin məqama gəlib çatırıq…Bu cazibədar, yuvarlaq, həm də qorxunc rəqəmin yaşanan illəri ifadə elədiyinə özümü güclə inandırıram, amma onu da bilirəm ki, qaçılmazlıqdan qaçmaq gülünc şeydi – az qala, otuz il tanıdığım, bütün ölçülərinə görə YAZIÇI olan, artıq on beş ildi ki, aramızdan ayrılmış Eyvaz Əlləzoğlu 70-ni haqladı…Onu dəqiq bilirəm ki, sağ olsaydı, 70 rəqəmi Eyvaz Əlləzoğlunun həyatında heç nəyi dəyişməyəcəkdi, yenə öz içinə çəkilib, yaddaşında yaşatdığı yazılarını yazacaq, ailəsinin qayğılarıyla yaşayacaq, darıxmağına davam eləyəcəkdi…Eyvaz Əlləzoğlu yaşadığı 56 ilin yarıdan çoxunu SÖZə həsr eləyib, dərvişlər sayaq sənətin dar cığırıyla “onun verdiyi səadət və ağrıya aram-aram yol getməyə, ləzzətini qurtum-qurtum dadmağa” çalışıb, öz içinə çəkilməyi, yalnız “böyük dərgahları könlünə enənləri yazmağı”, SÖZÜN VƏ SÖZ SAHİBinin abrını gözləməyi bacarıb, ona görə də SÖZ qarşısında üzüağdı…Sağlığında cəmi ikicə kitabı işıq üzü görüb: 1992-ci ildə “Yazıçı” nəşriyyatında “Ölü yay”, 1993-cü ildəsə, “Gənclik” nəşriyyatında “Yatan dinozavrlar” adlı hekayə topluları çap olunub, ondan üzə çıxarmadığı hekayə və povestləri, romanları ssenari və tərcümələri qalıb…Üstəlik, yaşadığı ömründə nəfsini sındırmağı bacarıb, tənqidçilərə ağız açmadan, gurultulu bəyanatlar vermədən, özünüreklama vaxt sərf eləmədən BƏXTİNƏ DÜŞƏN SÖZƏ sığınıb yaşamağa üstünlük verib…
II. Seçdiym iki hədəfdən biri
“Dostum, qardaşım, sirdaşım, Nəriman!
Bu yazıların ağrılı-acılı, şirinli tərəfinin bir hissəsini sən də yaşayıbsan. Bəlkə də başa düşülməmi ən çox səndən ummuşam və düşünmüşəm ki, bunda haqlıyam…”
“Ölü yay” kitabına avtoqrafı
…Neçə illərdən bəri nəsrimizdə iki hədəfim olmuşdu: İsa Hüseynovun, bir də Eyvaz Əlləzoğlunun qələmindən çıxan yazılar…
İsa Hüseynovun əsərlərini oxuyanda fikirləşdim, ilahi, gör ruhun hansı məqamlarına gedib çatmaq, sözü neçə rəngə salmaq, sözdən nələr yaratmaq olar…Eyvaz Əlləzoğlunun qələmindən çıxan hekayələri oxuyanda ağlımdan keçirirdim ki, sən demə, əsl yazıçı fəhmi elə buymuş: çoxlarına tanış olan şeylərin, hadisələrin, adamların görünməyən tərəflərini görsün, dipdiri, bənzərsiz obrazlar yaratsın…
Onda İsa Hüseynov yaradıcılığının ən gözəl çağlarını yaşayırdı…O vaxt Eyvaz Əlləzoğlu ilk hekayələrini çap etdirsə də, artıq dolub-toxtamış YAZIÇIydı, şəxsən tanımırdım, amma “Azərbaycan” jurnalının 1982-ci il saylarının birində “Mantyor Səlim” və “Atcıl Sədrəddin” hekayələrini oxumuşdum. Gözdən-könüldən uzaq dağ rayonuna qapanıb-qalmış, yazdıqlarını ortaya çıxarmağa ürək eləməyən bir adamdan ötrü, demək olar, “bir köynək yaxın” yaşıdının qələmindən çıxan o iki hekayə səviyyə göstəricisi oldu: sandığımdakı hekayələrin çoxunu cırıb yellərə verdim…Cəmi ikicə il sonra Tiflisdə, “Sovet Gürcüstanı” qəzetinin redaksiyasında tanış olduq: xəyalımda o hekayələri yazanın bir az yekəxana, özündənrazı, adamayovuşmaz obrazını yaratmışdım, əvəzində gözlədiklərimin tam tərsi oldu - bircə ilin içində əməlli-başlı isinişdik…Amma bir neçə il yazdıqlarımı Eyvaza göstərməyə ürək eləmədim, bilirdim ki, hələ qarşımda gediləsi uzun yol durur; axır-axırda gizlətdiklərimi özü istədi, oxudu, dostyana sözlər dedi, yaxşısını-pisini pərdələmədi…Elə o vaxt da Eyvazın hekayələrini çoxunun ilk oxucusu mən oldum, hətta arabir təsvir elədiyi hadisələrin iştirakçısına da çevrildim: “Antrekot” hekayəsindəki bir cüt cavan ikimizik, əyalət şəhərinə macəra arxasınca gedirik…Cibimizin boş, ürəyimiz dolu vaxtlarımızda Eyvaz Əlləzoğlundan SÖZƏ SÖYKƏNMƏYİ, SÖZDƏN GÜC ALMAĞI öyrənirdim. İndi nəyim varsa, elə həmin vaxtdan baş götürüb gələndi…
III. İşığa doğru dedən yol“Həmişə çalışmışam ki, göz önündən aralıda, ağ kağızla üz-üzə qalaraq, böyük dərgahdan könlümə enənləri yazım. Çox təəssüf, bu yolda hələ üz ağardacaq heç nə edə bilməmişəm və öz içimə keçməklə, kamillik zirvəsinə hələ də yol gedirəm. Bu yolu getmək ağır, eyni zamanda təsəllivericidir. İrəlidə əbədiliyin nuru, arxada isə nadanlığın, cahilliyin tənəsi, hırıltısı durur. Təsəllimsə, işığa sarı yol almağım və qəlbimdə şərə yol verməməyimdir…”
“Doğum” hekayəsinə ön söz əvəzindən
Mən bilən, Eyvaz Əlləzoğlunun yazıçı xoşbəxtliyi ondaydı ki, SÖZÜN İÇİNDƏ doğulmuşdu; bir də bu inamdayam ki, Söz elə Qarayazıda doğulub: İsa İsmayılzadənin, Arif Mustafazadənin, Məmməd Həsənlinin, Allahverdi Təkləlinin, Nurafizin… yazıya köçürdüyü SÖZün qızıl külçəsi kimi təbii, dipdiri olması bu qənaətimi möhkəmlətdi. SÖZ Eyvaz Əlləzoğlunun nəsrində də bulaşıqsız, təbii, canlıdı…Eyvaz Əlləzoğlunu daha bir xoşbəxtliyi də ondaydı ki, Tbilisidə ovaxtkı A.S. Puşkn adına Dövlət Pedaqoji İnstitutunu gürcü filologiyası ixtisası üzrə bitirmiş, hədsiz koloritli gürcü ədəbiyyatını orjinaldan oxumuş, bədii sözün hüdudlarını cavan yaşında görə bilmişdi…Eyvaz Əlləzoğlu həmişə dünya ədəbiyyatına bələdliyilə seçilib: təxminən 20 il əvvəl rəhmətlik Arif Mustafazadə, Eyvaz Əlləzoğlu, Lətif Mustafaoğluyla dünya əbədiyyatıyla bağlı söhbətlərimizi, Eyvazın ədəbiyyatda yaxşı nə varsa, tapıb oxumağa çalışdığını xatırlayır, bunu da ondan öyrəndiyimi gizlətmirəm…Sonralar onun “Yağışlı xatırlamalar”, “Ölü yay”, “İllərin ağırlığı”, “Yay”, “Gölə səyahət” hekayələrini oxuyanda, dil, üslub bir yana, YAZIÇI DUYUMUnun bənzərsizliyinə, təkcə hadisəni yox, HADİSƏSİZLİYİ də hekayəyə çevirmək bacarığına heyran qaldım. Düzdü, “sonralar hələ bu yolda üz ağardıcaq heç nə edə bilməməsini” yazacaqdı, amma o hekayələr, üstəlik, “Yatan dinozavrlar”, “Doğum”, “Bığlı Kərəm”, “Rənglənmiş qapılar”… başqa neçə-neçə əsərləri təvazökarlıqda dediyi həmin sözdən qıraqdadı, şübhəsiz, nəsrimizin məhz üzağardıcı əsərləri sırasındadı…Eyvaz Əlləzoğlu İŞIĞA DOĞRU GEDƏN YAZIÇIDI, bəlkə də ömrünün son dövründə işığa xeyli yaxınlaşmış, bu yaxınlıqdan özünün də, bizim də gözlədiyimiz əsərlər yaranmışdı…
IV. Harasa getməyin ağrısı
“…Harasa çıxıb getmək lazımdır. Böyük şəhərlərə, böyük dənizlərə, xırda fikirləri adamın canından lüzumsuz bir şey tək çıxarıb aparan bir yerə…”
“Gəzinti” hekayəsindən
Eyvaz Əlləzoğlu istedadına, səviyyəsinə, bacarığına rəğmən haqsızlığın hər üzünü, maneələrin hər növünü görmüşdü: “Sovet Gürcüstanı” qəzetində işləyəndə hekayələrinin, publisistik yazılarının təriflənməsinə baxmayaraq, baş korrektorluqdan o tərəfə buraxmırdılar. Tez-tez yerlər boşalırdı, onun başının üstündən başqa adamları gətirib vəzifələrdə oturdurdular, Eyvaz Əlləzoğlusa susur, öhdəsinə düşən işi görə-görə ata yurdundakı “hücrəsinin” həsrətini çəkir, oturub “BÖYÜK DƏRGAHDAN KÖNLÜNƏ ENƏNLƏRİ” yazırdı…Onun qəfildən darıxdığını, yazı-pozusunun üstünə qayıtmaq üçün necə dartındığını görür, yazıçının öz iç dünyasıyla tək qalmaq sehrinin nə demək olduğunu duyurdum. O xasiyyətini sonralar da dəyişmədi…Hekayələri jurnal-qəzetlərin qovluğunda, qovluqları nəşriyyatların templanlarında ilişib qalırdı, Eyvaz Əlləzoğlu işini aşırmaqdan ötrü meşin qapılar döymür, söz yiyələrinə ağız açmır, yazdıqlarını gözə soxmurdu…Zaman dəyişirdi, amma o mühitdə heç nə dəyişmirdi: rahat vəzifələrdə oturanlar daha “isti” yerlərə köçürdülər – Eyvaz Əlləzoğlunun taleyindəsə dəyişiklik baş vermirdi, əksinə, çəkdiyi ağrılar daha da qatılaşırdı.Evlənmişdi, üç övlad atası olmuşdu, yazı-pozuyla ailə saxlamağın ağlagəlməz dərəcədə çətin olduğu şəraitdə son məqama qədər dözüm göstərən iki nəfər vardısa, onlardan biri Eyvaz Əlləzoğlu oldu. Sözündən aşağıda duranların işdəklərinə tab gətirə-gətirə “İŞIĞA DOĞRU GEDƏN YOL”dan dönmədi… Boynuma alıram, onun Bakıya köçməsini istəməyənlərdən biri mən olmuşam. Bəlkə də bu, qəddarlığıydı, mənə elə gəlirdi ki, Eyvaz Əlləzoğlu o yaşınacan içində olduğu mikromühitdən ayrılsa, yazıları nəsə itirəcək. Yanılmışammı? Bilmirəm. (Sonra özü müsahibələrinin birində bu həqiqəti etiraf elədi – N.Ə.)
Amma çox istərdim ki, hələ üzə çıxarmadığı yazıları oxuyanda, yanıldığımı etiraf eləyim – hər halda, niyyətim bədxahlıqdan doğulmamışdı.
V. Dinozavrların oyanmaq vaxtı
“…Bu gecənin hay-küyündən, yalan-palanlarından bezəndə çıx, yay gecəsinin səssizliyini dinlə, gör içində yatan dinozavrları oyadacaqmı?..”
“Yatan dinozavrlar” hekayəsindən
…Eyvaz Əlləzoğlu “o işığa doğru yol”da olmazın əzablar çəkmiş, mübaliğəsiz, çörəyini alnının təriylə, qələminin gücüylə qazanmışdı. Çox vaxt könlünə yatmayan, bezdiyi yazıların üstündə oturmalı (o məqamlar mənə də tanışdı) olmuş, amma bütün bunlarla yoluna davam eləmək, “BÖYÜK DƏRGAHDAN KÖNLÜNƏ ENƏNLƏRİ” yazmaqdan ötrü macal tapmaq xətrinə razılaşmışdı...Eyvaz Əlləzoğlu məmur olmağın çətinliklərinə (illah da YAZIÇI üçün) də qatlaşdı, bir müddət Prezident Aparatında, Azərbaycanın Tbilisdəki səfirliyində çalışıb, amma ÜZ TUTDUĞU o işığa xəyanət eləmədi…Həşəmətli tənqidçilərimiz sözün havasından uzaq “əsərlər” haqqında qucaq-qucaq məqalələr, kitablar yazıblar, Eyvaz Əlləzoğlunun qələmindən çıxanlarısa, görməzliyə vurublar, ən yaxşı halda, adını xala-xətrin qalmasın çəkiblər, ya da bir-iki cümləylə kifayətləniblər. Əlbəttə, bunun Eyvaz Əlləzoğlunun şəxsiyyətinə və yaradıcılığına isti-soyuğu olmayıb, amma 30 ildən bəri SÖZƏ söykənib, yaşayan YAZIÇInı danmaq, hər halda, ədəbiyyatşünaslarımız da başucalığı gətirmir…Eyvaz Əlləzoğlu bütövlükdə “bəxti gətirməyən 80-ci illər”in eyni taleyi yaşayan sıra nəfəri kimi, keçmişlə gələcək arasında bağların qırılmamasından ötrü çox əziyyətlərə dözürdü, istedadla yazılmış əsərlərə sevinir, özü vaxtında qayğıdan məhrum olsa da, yazı-pozusunda işıq gördüyü kəslərə münasibətdə haqqı nahaqqa vermirdi.Bəlkə də içində olduğu mühitin amansızlığından, yalan-palanından bezəndə öz içinin sükutuna çəkilir, yatan dinozavrların oyanmasını gözləyirdi…
Dinozavrların hərdən oyanmağı var, axı…
VI. Arxada qalan keçmiş
“…Nə vaxtsa ürəyində ağlayan şeyləri kiritmişdi, amma bilirdi ki, bu yara haradasa, dərindədi, sadəcə, üstü qaysaqlanıb, çünki qəfildən bu duyğu sıyrılıb qalxır, içini silkələyir, hər şey gözündən düşür, elə bilir, əldən verdiyi anı düz yaşamayıb, o anın ağrısı ötüb keçir, o isə gözləri dolmuş kimi durub keçmişin arxasınca baxır…”
“Uralanmış gün” hekayəsindən
Hamıya elə gəlir, ömrünün hansısa məqamlarını düzgün yaşamayıb – bu mənada Eyvaz Əlləzoğlu da istisna deyildi…
Amma bilmirəm, ikinci dəfə dünyaya gəlsəydi, ömrünü başqa cür, ən azı, SÖZDƏN AYRI yaşaya bilərdimi?.. İnanmıram…
Onda gərək nəfsinin qulu olaydı, bunu da çətin ki, bacaraydı…“Hələ uzağardası nəsə yazmadığı” öz fikridi – mən təkcə “Doğum” hekayəsini (daha doğrusu, povestini) nəsrimizdən seçdiyim on hekayənin siyahısına salardım: kimin şübhəsi varsa, oxusun, səhv eləmirəmsə, “Xəzər” jurnalının 1993-cü il saylarının birində çap olunub. 1985-ci ildə yazılan, 8 il qovluqlarda yatıb qalan bu hekayə Eyvaz Əlləzoğluna gözəl sübutdur.“Divardan o tərəfə hər şey susmuşdu”, “Növbə” hekayələri tamam başqa ovqatda, başqa tərzdə yazılıb – bu da YAZIÇI USTALIĞInın, təfəkkür çevikliyinin isbatıdı, amma eyni zamanda təkrarsız söz havası, üslub gözəlliyilə Eyvaz Əlləzoğlun qələminə məxsusdu…Bədii, eləcə də cizgi filmləri üçün yazdığı ədəbi ssenarilərdə özünəxas görüm tərzi var, o ssenarilər hələ də yazıçının arxivində üzə çıxmasını gözləyir…
Naira Gelaşvilinin “Serso” povestini (İ.Məmmədliylə birgə), Qoderzi Çoxelinin “Yoxuş” hekayəsini oxuyun – orijinala yaxınlıq hər iki dilin imkanların bilmək elə ilk cümlələrdəcə açıq-aşkar duyulur…Publisistik yazılarını oxuyun - nədən yazır-yazsın, YAZIÇI qələmi, nəsr havası hiss olunur…
Əsərlərindəki “diriltdiyi”, özümüzə qaytardığı qədim-qayım sözlərimizin siyahısını - tutun bir yazıçı üçün heç də az iş deyil. Bütün bunlarla yanaşı, arxadan qalan keçmiş Eyvaz Əlləzoğluna bütün çətinliklərini bölüşən dəyanətli ömür-gün yoldaşı, üç övlad Oğuz, Ayxan, Gülbəs - bəxş etmişdi.O keçmişə görə Eyvaz Əlləzoğlu kimsənin qarşısında gözükölgəli deyildi, əksinə, layiq olduqlarının mində birini qıymadığına görə, keçmiş üzüqaraydı…
VII. Son söz yerinə“…Özümün də xatırlatmaq istəmədiyim, üstünə illərin ağırlığı yıxılmış hadisələr var. O illərə, o günlərə qayıtmaq üçün göz yaşlarımızdan keçməliyik, arınıb-durunmalıyıq. Göz yaşlarımızsa, durur. Durur və öz vaxtını gözləyir. Biz də sifətimizin arxasında daldalana-daldalana yaşayırıq…”
“İllərin ağırlığı” hekayəsindən
Bəlkə elə 70 yaş o hadisələri xatırlamağın, o daldadan çıxmağın, göz yaşından keçib, arınmağın-durunmağın vaxtı olardı?!.Amma daha heç nə dəyişməyəcək – 2011-ci il fevralın 26-da dünyadan köçən Eyvaz Əlləzoğlu yaddaşımızda elə 56 yaşında qalacaq...Özündən sonra onun “Odunçu geri qayıdır” (2010) romanı Milli Kitab Müsabiqəsində xüsusi mükafata layiq görülüb, nəşr edildi, “Qaraçöllü Qəzənfər” (roman, 2012), “Hekayələr” (2013), “Qırıq telefon” (2021) nəsr topluları işıq üzü gördü...Heyif ki, bütün bunlar onun cismani yoxluğundan sonra oldu...Amma elə sağlığında da ədəbiyyatda qalmaq haqqını qazanmışdı...2015, yanvar
Məşhur müğənninin adı rəsmi əmtəə nişanı olacaq
Qəlbin mənim qəlbimə lap çoxdan nişanlanmış... - Adam Mitskeviç
Məşhur müğənni infarkt keçirdi
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.