AZ

"Bölgədə gərginlik misli görünməmiş həddə çatıb" - Hərbi ekspert

"Bölgədə gərginlik misli görünməmiş həddə çatıb".

Hərbi ekspert Üzeyir Cəfərov News365.az-a açıqlamasında bildirib ki, bölgədə eskalasiyanın qarşısının alınmasında qardaş Türkiyənin rolu olduqca böyükdür.

Onun sözlərinə görə, Türkiyə gərginliyin dərinləşməməsi üçün bütün imkanlarını səfərbər edib və bu istiqamətdə fəal diplomatik və hərbi təmaslar aparır.

Ekspert qeyd edib ki, Türkiyə Silahlı Qüvvələrinin yüksək rütbəli generallarından birinin ABŞ-ın Avropadakı silahlı qüvvələrinin komandanı ilə görüşməsi də bu səylərin göstəricisidir. Cəfərovun fikrincə, Ankara regionda mümkün toqquşmaların qarşısını almağa çalışır.

Üzeyir Cəfərov eyni zamanda İran tərəfinə də xəbərdarlıq edib. O vurğulayıb ki, Tehran şantaj xarakterli bəyanatlarla Türkiyə ərazisindəki hərbi bazaları, Fars körfəzindəki ABŞ gəmilərini, o cümlədən “Abrams Linkoln” təyyarədaşıyan gəmisini hədəf almaqla bağlı səsləndirdiyi iddiaları ciddi şəkildə ölçüb-biçməlidir.

Ekspert bildirib ki, 1979-cu ildən bu günə qədər ilk dəfədir bu qədər gərgin və təhlükəli vəziyyət müşahidə olunur və hazırkı durum ötən ilki İsrail–İran qarşıdurmasından belə daha ağırdır. Onun sözlərinə görə, İran anlamalıdır ki, mümkün qarşıdurma zamanı zərbələr tək bir istiqamətdən deyil, bir neçə nöqtədən eyni vaxtda endirilə bilər.

Üzeyir Cəfərov sonda qeyd edib ki, İran rəsmiləri və hərbi rəhbərliyi verdikləri bəyanatlarda daha məsuliyyətli və ehtiyatlı olmalı, mövcud vəziyyəti real təhlükə prizmasından qiymətləndirməlidirlər.

Seçilən
11
news365.az

1Mənbələr