AZ

İran və Ermənistanın gizli ideoloji sistemini ABŞ dağıtmaq istəyir Politoloq

ain.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Paşinyan Kilsə və ordunu ram edə bilməsə, bölgədə sülh hər zaman təhdid altında qalacaq”

Ermənistan-Azərbaycan münasibətlərində sülh mərhələsinin başa çatdığına dair rəsmi İrəvandan açıqlamalar səsləndirilir. Ermənistanın Baş naziri Nikol Paşinyan Silahlı Qüvvələrin yaradılmasının 34-cü ildönümü münasibətilə yaydığı təbrik mesajında bildirib ki, hazırkı mərhələdə sülh ən etibarlı təhlükəsizlik təminatıdır. Onun sözlərinə görə, Ermənistan müharibəyə hazırlaşmır və regionda yeni qarşıdurma gözlənilmir. Bununla yanaşı, Paşinyan ordunun dövlətin əsas institutlarından biri olaraq inkişafının davam etdiriləcəyini, diplomatik mexanizmlərin kifayət etmədiyi hallarda ölkənin müdafiə qabiliyyətinin təmin edilməsinin vacibliyini vurğulayıb. Baş nazir qeyd edib ki, güclü müdafiə potensialına malik olmayan dövlətlər potensial təhlükələr qarşısında daha həssas mövqedə qalırlar.

Politoloq Tural İrfan Sherg.az-a açıqlamasında Ermənistanın sülhdən başqa çıxış yolunun olmadığını və bölgədə normal yaşayış üçün sülhün vacib olduğunu söyləyib: 

"Azərbaycanın dünyadakı nüfuzu və qüdrəti Ermənistanı müharibə niyyətindən daşımağa vadar etdi. Sülh bərpa olunub və bu yöndə işlər gedir. Lakin sülhün daha sağlam olması üçün Ermənistan müəyyən işlər görməlidir. Ordu ilə bağlı problemlər var. Dövlət-din münasibətlərinin nizama salınması və konstitusiyaya dəyişikliklər edilməsi məsələsi qalmaqdadır. Əslində Ermənistanda hələ də de-fakto yarımteokratik ideoloji sistem fəaliyyət göstərir. Paşinyan dövlət-din münasibətlərini yeni üsulda tənzimləmək, köhnə sistemi dəyişmək üçün mübarizə aparır. İran molla rejimini Ermənistanla birləşdirən də məhz bu sistem idi. Türkə və müsəlmana nifrət prinsipi üzərindən müsəlman-şiə cildinə girmiş fars kahinləri və xristian maskası taxmış erməni keşişləri birlikdə çalışırdılar. Rusiya kəşfiyyat orqanları da bölgədə bu sistemi koordinasiya edib nəzarəti təmin edirdi". 

Analitik hazırda İrandakı və Ermənistandakı məlum sistemi ABŞ-nin dağıtmaq istədiyini deyib: 

"Paşinyan da bu sistemi dağıtmağa çalışır. Çünki bu sistemlər keçmiş Sovetin və indiki Rusiyanın proqramıdır, ona xidmət edir. Ermənistan ordusunda xidmət edən və dövlətə deyil, Kilsəyə tabe olan keşişlərin keçmiş KQB agentləri olmasına, indi də Rusiya xüsusi xidmət orqanlarına işləmələrinə şübhə etmək sadəlövhlük olardı. Təsəvvür edin ki, ordudakı 50 keşiş erməni ordusunu dövlətə qarşı qaldıra bilər, hökumət bundan narahatdır. Bu onu göstərir ki, nəzarət olunmayan məscid, kilsə, din xadimi son nəticədə ən təhlükəli nüvə bombasından daha zərərli ola bilər. Heç kəsin fərqinə varmadığı, din, mənəviyyat adamı hesab edib hörmət etdiyi tanınmış din xadimlərinin içindən elə xainlər çıxır ki, o xəyanətləri heç şeytan belə edə bilməz.

Həmin keşişlər onilliklərlə erməni ordusunu psixoloji cəhətdən türk-müsəlman düşmənçiliyinə kökləyib. Erməni ordusunun qəddar və amansız qanlar tökməsinin bir səbəbi də məhz bu cür ideoloji təsirin olmasıdır. Paşinyan anlayır ki, orduya Kilsənin bu təsiri sülh prosesinə və ümumiyyətlə proqramına ciddi təhdiddir. Həmçinin Ermənistanın normal dünyəvi dövlət kimi formalaşmasına maneədir". 

Ekspert İranda ali dini liderə bağlı Sepahın olduğu kimi, Ermənistanda da Yepiskopa bağlı polkovnik keşişlərin olduğunu qeyd edib:

"İnanc adı altında ordunun başını poza və dövlətin daxilində istənilən təxribatı yarada bilərlər. Ümumiyyətlə din xadimlərini orduya buraxmaq bülbül qəfəsinə gürzə ilan salmaq kimi bir şeydir. İranda, İraqda din xadimlərinin ordunu, dövləti hansı bəlalara tuş gətirdiyini bu gün bütün dünya göz yaşı ilə müşahidə edir.

Paşinyan bu keşişləri ram etmək üçün hələ uzun zaman xərcləməlidir. Çünki bu bir sistemdir. İranda rejim çöksə, nisbətən asanlaşa bilər. Çünki Ermənistandakı keşiş şəbəkəsinin gizli dayaqları Qum ideoloji məktəbinə də bağlıdır. Hər halda Baş nazir Kilsəni və ordunu dövlətə təhlükə yaradan bu şəbəkənin təsirindən çıxara bilməsə, bölgədə sülh hər zaman təhdid altına düşəcək".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
9
sherg.az

1Mənbələr