AZ

“Regionlararası inkişaf fərqlərinin azaldılmasında müxtəlif mexanizmlər tətbiq edilir” - EKSPERT DANIŞDI

“Regionlararası bərabərsizlik müasir iqtisadi sistemlərin qarşılaşdığı əsas struktur problemlərdən biridir və bu fenomen iqtisadi, sosial və coğrafi amillərin qarşılıqlı təsiri nəticəsində formalaşır”. Bu sözləri SİA-ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib.

Onun sözlərinə görə, problemin əsas mənbələrindən biri iqtisadi fəaliyyətin əsasən iri şəhərlərdə, xüsusilə paytaxt və sənaye mərkəzlərində cəmləşməsidir:

”Nəticədə investisiyalar, istehsal gücləri və məşğulluq imkanları regionlar üzrə qeyri-bərabər paylanır ki, bu da əhalinin gəlir səviyyəsində ciddi fərqlərin yaranmasına səbəb olur. Eyni zamanda, regionlarda sosial xidmətlərin – təhsil və səhiyyənin keyfiyyətinin aşağı olması, infrastrukturun zəif inkişafı bu fərqləri daha da dərinləşdirir. Coğrafi amillər, təbii resursların qeyri-bərabər bölgüsü və əhalinin seyrək yerləşməsi də regional iqtisadi aktivliyin məhdudlaşmasına təsir göstərən mühüm faktorlar sırasındadır.

Dövlət regionlararası inkişaf fərqlərinin azaldılması məqsədilə müxtəlif iqtisadi və sosial mexanizmlər tətbiq edir. Bu çərçivədə regionlara investisiyaların yönəldilməsi, sənaye zonalarının və aqroparkların yaradılması, vergi güzəştləri və subsidiya mexanizmlərinin tətbiqi həyata keçirilir. Paralel olaraq, infrastruktur layihələri vasitəsilə nəqliyyat yollarının, kommunikasiya xətlərinin, elektrik enerjisi və internet şəbəkələrinin inkişafı təmin edilir. Sosial siyasət çərçivəsində isə təhsil və səhiyyə xidmətlərinin səviyyəsinin yüksəldilməsi, kənd təsərrüfatının dəstəklənməsi əsas prioritetlər kimi müəyyənləşdirilir. Bu tədbirlərin əsas məqsədi regionlarda dayanıqlı məşğulluğun təmin edilməsi, əhalinin gəlir səviyyəsinin artırılması və sosial xidmətlərdə bərabərliyin yaradılması yolu ilə daxili miqrasiyanın qarşısının alınmasıdır.

Lakin görülən tədbirlərə baxmayaraq, regionlararası iqtisadi və sosial disbalans hələ də qalmaqdadır. Kənddən şəhərə miqrasiya prosesi davam edir və bu, regionlarda mövcud iş imkanlarının və gəlir səviyyəsinin paytaxtla müqayisədə əhəmiyyətli dərəcədə aşağı olması ilə izah olunur. Mövcud vəziyyət onu göstərir ki, regionların inkişafı üçün daha kompleks, uzunmüddətli və hədəfli siyasətlərin formalaşdırılmasına, yerli potensialın səmərəli istifadəsinə və regional spesifiklikləri nəzərə alan inkişaf strategiyalarına ciddi ehtiyac vardır”.

Müəllif: Günay Hacıyeva
Seçilən
15
1
sia.az

2Mənbələr