ABŞ Milli Meteorologiya Xidməti ölkə üzrə 213 milyon insanın təhlükəli hava şəraiti ilə üzləşdiyini açıqlayıb. Bildirilir ki, cənub ştatlarında buzlanma, şimal-şərq bölgələrində isə güclü qar fırtınaları müşahidə olunur.
Həddindən artıq soyuq hava və intensiv qar yağışı nəticəsində indiyədək 30 nəfər həyatını itirib. Bəzi bölgələrdə həftə boyu davam edəcəyi gözlənilən qar fırtınası, donma temperaturu və sərt hava şəraiti səbəbindən 800 mindən çox insan elektrik enerjisiz qalıb.
Ölkənin 37 ştatında fövqəladə vəziyyət elan edilib. Hava şəraitinin ağırlaşması nəqliyyat sisteminə də ciddi təsir göstərib: 17 mindən çox uçuş ləğv edilib, bir sıra böyük şəhərlərdə məktəblər fəaliyyətini dayandırıb və ya distant təhsilə keçib.
Nyu-York ştatı da qar örtüyü altındadır. Ştatdan axan Hudson çayı demək olar ki, tamamilə donub, çay səthində iri buz kütlələri formalaşıb. Hava kameraları ilə lentə alınan görüntülər sənədli filmə bənzər mənzərələr yaradıb. Sosial şəbəkələrdə yayılan bu kadrlar bəzi izləyicilər tərəfindən Şimal qütbü ilə səhv salınıb.
Buzlaqların arasından hərəkət edən dəniz gəmilərinin görüntüləri isə qlobal iqlim dəyişiklikləri və istiləşmə ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.