"Skuterlərdən, xüsusilə də elektrikli skuterlərdən istifadənin artması bu nəqliyyat vasitələri ilə bağlı travmaların sayının çoxalmasına səbəb olub. Bu cür xəsarətlər avtonəqliyyat travmaları kateqoriyasına aid edilir. Hazırda ümumi yol-nəqliyyat hadisələri içərisində nisbətən az paya malik olsalar da, skuter və digər iki təkərli nəqliyyat vasitələri ilə bağlı travmaların sayı getdikcə artır".
Redaktor.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun Baş direktorunun müavini - baş həkim Nizami Məmmədov qurumun “Instagram” hesabında keçirilən canlı yayım zamanı bildirdi.
Həkim qeyd etdi ki, son ayın statistik göstəricilərinə nəzər saldıqda, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna təxminən üç nəfərin skuter, iki nəfərin isə iki təkərli nəqliyyat vasitələri ilə bağlı travmalarla müraciət etdiyi qeydə alınıb. Bu cür xəsarətlər ümumi avtonəqliyyat hadisələrinin təxminən 5-10 faizini təşkil edir.
Onun sözlərinə görə, bu travmalar daha çox dəbilqəsiz hərəkət edən şəxslərdə müşahidə edilir: "Skuterlərlə yanaşı, mopedlərlə bağlı xəsarətlərə də son dövrlərdə daha tez-tez rast gəlinir".
Nuriyyə NATİQQIZI
.