AZ

Beyin üçün artıq çəkinin gözlənilməz təhlükəsi aşkarlanıb

Artıq bədən çəkisi damar demensiyasının inkişafının birbaşa səbəbi ola bilər və bu prosesdə əsas rolu yüksəlmiş arterial təzyiq oynayır. Bu qənaətə yüz minlərlə insanın genetik və tibbi məlumatlarını təhlil edən tədqiqatçılar gəlib.

Azreform.info xəbər verir ki, araşdırma The Journal of Clinical Endocrinology & Metabolism (JCEM) jurnalında dərc olunub.

Piylənmənin idrak funksiyalarının pisləşməsi ilə əlaqəsi uzun müddətdir mübahisə mövzusu idi. Müşahidə xarakterli tədqiqatlar tez-tez ziddiyyətli nəticələr göstərirdi: bəziləri orta yaşda artıq çəkisi olan insanlarda demensiya riskinin artdığını, digərləri isə yaşlılıq dövründə yüksək bədən kütləsinin guya “qoruyucu təsir” göstərdiyini iddia edirdi. Yeni araşdırmanın müəllifləri bu paradoksu əks səbəb-nəticə əlaqəsi ilə izah edirlər: demensiyanın erkən mərhələlərində insanlar tez-tez çəki itirir və bu, statistik mənzərəni təhrif edə bilər.

Səbəbi nəticədən ayırmaq üçün alimlər Mendel randomizasiyası metodundan istifadə ediblər. Bu üsul insanın bədən kütlə indeksinin (BKİ) yüksək və ya aşağı olmasına genetik meyli müəyyən edən anadangəlmə gen variantlarına əsaslanır və sadəcə korrelyasiyanı deyil, məhz səbəbli təsiri qiymətləndirməyə imkan verir.

Tədqiqat Danimarkada aparılan populyasiya layihələrində iştirak edən 120 mindən çox insanın, eləcə də Böyük Britaniya Biobankından təxminən 380 min nəfərin məlumatlarına əsaslanıb. Ənənəvi analiz zamanı yenidən U formalı asılılıq müşahidə olunurdu: həm çəkisi az olanlarda, həm də piylənməsi olan insanlarda demensiya riski yüksəlirdi. Lakin genetik yanaşma tamamilə fərqli mənzərə ortaya qoyub. Genetik olaraq şərtlənmiş BKİ nə qədər yüksək idisə, damar demensiyası riski də bir o qədər artırdı - artıq çəkinin heç bir “qoruyucu effekti” aşkar olunmadı.

Müəlliflərin hesablamalarına görə, genetik olaraq proqnozlaşdırılan BKİ-nin bir standart vahid artması damar demensiyası ehtimalını təxminən 60 faiz yüksəldib. Əlavə analiz göstərib ki, bu təsirin əsas mexanizmi arterial təzyiqlə bağlıdır. Sistolik və diastolik təzyiq artıq çəkinin demensiya riskinə təsirinin böyük hissəsini izah edib, halbuki xolesterin səviyyəsi, qan şəkəri və iltihab markerləri xeyli az rol oynayıb.

Damar demensiyası beynin qanla xroniki şəkildə yetərsiz təmin olunması nəticəsində, çox vaxt mikroinsultlar fonunda inkişaf edir. Yüksək təzyiq damarları zədələyərək neyronları oksigen və qida maddələrindən məhrum edir. Yeni araşdırma göstərir ki, məhz piylənmə təzyiqin artması vasitəsilə bu dəyişikliklər zəncirini işə salır.

Müəlliflər vurğulayıblar ki, əldə edilən nəticələr mühüm praktik əhəmiyyət daşıyır. Bədən çəkisinin və arterial təzyiqin nəzarətdə saxlanması təkcə ümumi sağlamlıq üçün deyil, həm də demensiyanın qarşısının alınmasında real və hələ lazımi qədər qiymətləndirilməmiş vasitələrdir. Xəstəliyin artıq inkişaf etmiş mərhələsində effektiv müalicə üsulları demək olar ki, mövcud olmadığı üçün, məhz erkən profilaktika həlledici rol oynaya bilər.

Həmidə İbrahimova

Seçilən
0
1
azreform.info

2Mənbələr