AZ

Bağça müəllimlərinin sertifikasiyası: qaydalar niyə açıqlanmır?

Bu il bağça müəllimlərinin sertifikasiya imtahanının keçirilməsi nəzərdə tutulur. Lakin imtahanın keçirilmə qaydası və sualların məzmunu ilə bağlı hələlik heç bir rəsmi məlumat paylaşılmayıb. Bu isə bəzi müəllimlər arasında narahatlıq və qeyri-müəyyənlik yaradır.

Bəs bu qeyri-müəyyənlik müəllimlərin hazırlıq səviyyəsinə və psixoloji durumuna necə təsir göstərə bilər və mövcud vəziyyətlə bağlı hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Pərvanə Məmmədova bildirib ki, bağça müəllimlərinin sertifikasiya imtahanı ilə bağlı qaydaların və sualların məzmununun hələ açıqlanmaması müəyyən dərəcədə narahatlıq yarada bilər:

176701

“Bu vəziyyət xüsusilə uzun illər sistemdə çalışan müəllimlər üçün qeyri-müəyyənlik və psixoloji gərginlik formalaşdıra bilər. Belə bir durum müəllimlərin özlərinə olan inamına, motivasiyasına və hazırlıq prosesinə mənfi təsir göstərə bilər.

Lakin hesab edirəm ki, müəllimlər bu prosesi qorxu və stress mənbəyi kimi deyil, peşəkar inkişaf və bilik-bacarıqlarını yeniləmək üçün bir fürsət kimi dəyərləndirməlidirlər. Əslində, sertifikasiya imtahanına hazırlığın ən düzgün yolu müəllimin gündəlik tədris fəaliyyətinə, metodiki biliklərinə, pedaqoji bacarıqlarına və uşaqlarla işin keyfiyyətinə daim diqqət yetirməsidir. Yəni müəllim hər gün öz üzərində işləyirsə, dərslərini müasir yanaşmalar əsasında qurursa və peşəkar inkişafını davam etdirirsə, bu imtahan onun üçün əlavə stress mənbəyinə çevrilməməlidir.

Eyni zamanda, bu mərhələdə aidiyyəti qurumların üzərinə də mühüm məsuliyyət düşür. Sertifikasiya prosesinin məqsədi, qiymətləndirmə meyarları, imtahan formatı və sualların məzmunu ilə bağlı vaxtında, şəffaf və ətraflı məlumatın verilməsi müəllimlər arasında yaranan narahatlığın aradan qaldırılmasına ciddi töhfə verə bilər. Bundan əlavə, nümunə sualların, metodik tövsiyələrin və hazırlıq materiallarının paylaşılması müəllimlərin prosesə daha inamla və sistemli şəkildə hazırlaşmasına imkan yaradar.

Nəticə etibarilə, sertifikasiya imtahanı müəllimlər üçün qorxu aləti deyil, təhsil keyfiyyətinin yüksəldilməsinə, peşəkar standartların gücləndirilməsinə və müəllim nüfuzunun artırılmasına xidmət edən bir mexanizm kimi təqdim olunmalı və qəbul edilməlidir. Bu yanaşma həm müəllimlərin psixoloji durumuna müsbət təsir göstərəcək, həm də bütövlükdə məktəbəqədər təhsil sisteminin inkişafına töhfə verəcək”.

Seçilən
0
1
azedu.az

2Mənbələr