Qafqazinfo saytına istinadən ain.az xəbər verir.
Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının ölkəmizdə keçirilməsi ilə əlaqədar vergi güzəştləri tətbiq olunacaq.
“Qafqazinfo” xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb.
Məlum olduğu kimi, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) 2026-cı ildə Bakı şəhərində keçirilməsi qərara alınıb. Bu məqsədlə 2023-cü il dekabrın 22-də “Azərbaycan Respublikası Hökuməti ilə BMT arasında Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının 2026-cı ildə Bakı şəhərində keçirilməsi üçün Ev Sahibi Ölkəyə dair Saziş” imzalanıb və qanunla təsdiq edilib.
WUF13-ün yüksək səviyyədə təşkilizərurətindən irəli gələrək, həmin tədbirlə əlaqədar qeyri-rezident şəxslərə bir sıra vergi azadolmalarının tətbiqi məqsədəuyğun hesab edilir.
Bu azadolmalara aşağıdakılar aiddir:
- WUF13 çərçivəsində malların təqdim edilməsinə, işlərin görülməsinə və xidmətlərin göstərilməsinə cəlb olunmuş qeyri-rezident fiziki şəxslərin bu fəaliyyət çərçivəsində əldə etdikləri gəlirlər (gəlir vergisi üzrə azadolma);
- qeyri-maddi aktivlər üzərində müəllif hüquqlarından istifadə olunmasına, yaxud istifadə hüquqlarının verilməsinə görə müqavilə əsasında qeyri-rezident hüquqi şəxsə ödənilən royalti gəlirləri (mənfəət vergisi üzrə azadolma);
- qeyri-rezident hüquqi şəxslər tərəfindən işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə edilən gəlirlər (mənfəət vergisi üzrə azadolma);
- müqavilə əsasında qeyri-rezident şəxslər tərəfindən işlərin görülməsi və xidmətlərin göstərilməsi, habelə müvafiq təsdiqedici sənəd əsasında malların idxalı (ƏDV üzrə azadolma).
Bütün vergi güzəşt və azadolmaları müvafiq təsdiqedici sənəd əsasında və bir il müddətinə (2025-ci il sentyabrın 1-dən 1 il müddətinə) tətbiq olunacaq.
Nuranə Daxilqızı
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.