AZ

QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -Bu sistemdə əsas olan münasibətlər və vərdişlərdir

[center][/center][b]Dövlət büdcəsindən ayrılan vəsaitlər, yəni vətəndaşların ödədiyi vergilər hesabına formalaşan maliyyə illərdir eyni ünvanlara, eyni layihə adları altında yönləndirilir[/b]QHT-lərə Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üzrə qrant müsabiqəsinin nəticələrinə baxdıqca aydın olur ki, söhbət şəffaf və rəqabətli mexanizmdən deyil, yaxşı qurulmuş formal bir sistemdən gedir. Bu sistemdə qaydalar kağız üzərində mövcuddur, amma real qərarlar tamam başqa prinsiplərlə verilir. Dövlət büdcəsindən ayrılan vəsaitlər, yəni vətəndaşların ödədiyi vergilər hesabına formalaşan maliyyə illərdir eyni ünvanlara, eyni layihə adları altında yönləndirilir.

Agentlik təmsilçiləri isə çıxışlar edir, məqalələr yazır, pafoslu cümlələrlə ictimaiyyəti inandırmağa çalışır ki, guya bütün layihələr Nazirlər Kabinetinin təsdiq etdiyi qrant qaydalarına uyğun seçilir. Halbuki faktlar tam əksini deyir.

[b]Qaydalar niyə yalnız kağız üzərində qalır?[/b]Nazirlər Kabinetinin təsdiq etdiyi məlum qrant qaydalarının 3.1.1, 4.1.1 və 5.1.1-ci maddələrində açıq şəkildə göstərilir ki, layihələr QHT-lərin nizamnaməsindəki fəaliyyət istiqamətinə uyğun olmalıdır. Amma reallıqda nə baş verir? Məsələn: Reklam yönümlü QHT erkən nikah kimi dərin sosial problemlərlə bağlı layihələr icra edir. ( Bu linkdən oxuya bilərsiniz: [url=https://yenixeber.org/manset/195661-qht-lərə-dövlət-dəstəyi-agentliyi-ifşa-olunur-reklam-təşkilatının-nikah-layihəsinə-dəstək.html]https://yenixeber.org/manset/195661-qht-lərə-dövlət-dəstəyi-agentliyi-ifşa-olunur-reklam-təşkilatının-nikah-layihəsinə-dəstək.html[/url] ) Bu nə dərəcədə peşəkarlıqdır? Yoxsa əsas meyar layihənin məzmunu deyil, kimin təqdim etməsidir?

Bu faktlar göstərir ki, Agentlik üçün nizamnamə tələbi prinsip deyil, sadəcə bəhanədir. Lazım gələndə xatırlanır, lazım gəlməyəndə isə görməzdən gəlinir.

[b] “Təkrar layihə olmaz” – növbəti mif[/b]Agentliyin ən çox təkrarladığı tezislərdən biri də budur: guya bir təşkilat eyni layihəni dəfələrlə icra edə bilməz. Amma, Yenixeber.org-a ötürülən faktlarla tam başqa mənzərə ortaya çıxır. Elə təşkilatlar var ki, Agentliyin yarandığı son beş il ərzində hər il eyni layihə ilə qrant qazanıb. Bu artıq təsadüf deyil, sistemli yanaşmadır.

Əgər eyni mövzu, eyni məntiq, eyni hədəf qrupları ilə layihələr illərdir maliyyələşdirilirsə, bəs rəqabət haradadır? Yeni ideyalar, yeni təşkilatlar, alternativ yanaşmalar niyə bu sistemə buraxılmır?

[b]Konkret fakt: eyni təşkilat, eyni layihə, eyni ssenari[/b]Bu gün diqqətə çatdırdığımız nümunə “Vətəndaş Cəmiyyəti Uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzi” adlı QHT-dir. Təşkilatın profili, əvvəlki fəaliyyəti və maraq dairəsi açıq mənbələrdə mövcuddur. İstəyən hər kəs internet üzərindən araşdıra bilər.

Lakin sual doğuran əsas məqam budur: bu təşkilat QHT- lərə Dövlət Dəstəyi Agentliyindən hər il eyni layihə – cəzaçəkmə müəssisələrində İİV/QİÇS-ə qarşı mübarizə layihəsi üçün qrant alır. Beş il ardıcıl olaraq eyni mövzuya, eyni formada maliyyə ayrılması hansı meyarla əsaslandırılır?

Bu layihə təşkilatın nizamnaməsinə birbaşa uyğun gəlirmi? Alternativ təşkilatlar niyə eyni sahədə şans qazana bilmir?

[b] Şəffaflıq haradadır?[/b]Daha maraqlısı isə odur ki, adıçəkilən QHT-nin layihə icrasına dair ciddi və açıq internet resurslarında demək olar ki, heç bir məlumata rast gəlinmir. Nə hesabatlar, nə foto-materiallar, nə də ictimai təqdimatlar mövcuddur.

Əgər layihələr real icra olunubsa, bəs bu məlumatlar niyə ictimaiyyətə açıq deyil? Dövlət vəsaiti hesabına həyata keçirilən layihələrin nəticələri gizlədilirsə, burada hansı şəffaflıqdan danışmaq olar?

[b]Agentlik əvvəlcə özünü yoxlamalıdır![/b]QHT-lərə Dövlət Dəstəyi Agentliyi bu ildən etibarən dublikat, təkrar və plagiat layihələrlə mübarizə aparacağını bəyan edir. Amma sual yaranır: Agentlik əvvəlcə öz daxilindəki mexanizmləri, QHT-lərə qarşı selektiv münasibəti nə vaxt düzəldəcək?

İllərlə eyni təşkilatlara, eyni layihələrə qrant verən qurumun indi birdən-birə “təkrarla mübarizə”dən danışması ən azı inandırıcı görünmür. Bu, problemi həll etmək deyil, problemi ört-basdır etmək cəhdidir.

[b]Nəticə: suallar çoxdur, cavablar isə yoxdur![/b]Bir QHT-nin beş il ardıcıl olaraq eyni layihə ilə qrant qazanması qrant sisteminin necə işlədiyini açıq şəkildə göstərir. Bu sistemdə əsas olan ictimai fayda, innovasiya və nəticə deyil, münasibətlər və vərdişlərdir.

Pafoslu bəyanatlarla, şablon açıqlamalarla nə QHT-ləri, nə də ictimaiyyəti aldatmaq mümkün olacaq. Qarşıdakı günlərdə daha konkret faktlar, sənədlər və müqayisəli təhlillərlə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin qrant müsabiqələrinin real mənzərəsini təqdim etməyə davam edəcəyik.(Yenixeber.org)

Qarşı tərəfin cavab haqqını tanıyırıq.[center]QHT-lərə[/center]

Seçilən
10
yenisoz.az

1Mənbələr