Kanadanın baş naziri Mark Karni ABŞ ilə mövcud münasibətlərin hazırkı vəziyyətini sərt şəkildə dəyərləndirib.
O, bu barədə parlamentdə çıxışı zamanı danışıb.
Karninin sözlərinə görə, Vaşinqtonla əlaqələrdə “normal sayılacaq heç nə qalmayıb”.
Mark Karni bu fikirləri ABŞ prezidenti Donald Trampla münasibətlərinin müzakirə edildiyi vaxt səsləndirib. Baş nazir ötən həftə Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxış edərək Vaşinqtonun onilliklər boyu liderlik etdiyi qaydalara əsaslanan beynəlxalq sistemin “qırılma mərhələsinə” daxil olduğunu vurğulamışdı.
Karni həmin çıxışında orta gücləri böyük dövlətlərin təzyiqindən yayınmaq üçün güzəşt siyasətinə arxalanmamağa çağırıb. Bu mövqe Kanadada nadir hallarda rast gəlinən partiyalararası dəstək qazanmışdı. Hətta separatçı Kvebek Blokunun lideri İv Fransua Blanşe Karninin çıxışını “ümidverici və perspektivli” adlandırıb.
Lakin bununla bərabər, Blanşe baş naziri ABŞ ilə münasibətlərin real nəticə verməməsinə görə tənqid edib. Onun sözlərinə görə, gözəl çıxışlar iqtisadiyyata birbaşa fayda gətirmir, iş yerləri yaratmır və mövcud sektorları qorumağa kifayət etmir.
Blanşe xüsusilə Donald Tramp administrasiyası tərəfindən tətbiq olunan sektor tariflərinin yumşaldılması istiqamətində heç bir irəliləyişin olmamasına diqqət çəkib və danışıqların “normal və səmimi” olub-olmadığını soruşub.
Buna cavab olaraq Mark Karni fransız dilində bildirib ki, vəziyyət köklü şəkildə dəyişib:
“Dünya dəyişib. Vaşinqton dəyişib. ABŞ-də indi demək olar ki, heç nə normal deyil”.
Baş nazir həmçinin açıqlayıb ki, bazar ertəsi Trampla təxminən 30 dəqiqəlik telefon danışığı olub və əsas mövzulardan birini ticarət məsələləri təşkil edib. O, Davosdakı çıxışından imtina etdiyi barədə iddiaları da təkzib edib.
Müşahidəçilərin fikrincə, Kanadanın baş nazirinin bu açıqlamaları Vaşinqton-Ottava münasibətlərində artan gərginliyin açıq göstəricisidir və tərəflər arasında yaxın perspektivdə asanlaşma gözlənilmir.
Musavat.com