Suriyada atəşkəs rejiminin növbəti dəfə uzadılması ölkədə davam edən mürəkkəb hərbi-siyasi vəziyyətin hələ də tam nəzarət altına alınmadığını göstərir. Xüsusilə mərkəzi hakimiyyətlə silahlı qruplar arasında mövcud ziddiyyətlər regionda sabitliyin bərpasını çətinləşdirir. Bu baxımdan, SDQ-nin razılaşma şərtlərinə əməl etməməsi və mümkün yeni hərbi eskalasiya ehtimalları Suriyanın gələcəyi ilə bağlı ciddi suallar yaradır.
Politoloq Aydın Quliyev Editor.az-a açıqlamasında bildirib ki, Suriyada vəziyyət gərgin olaraq qalmaqdadır və mərkəzi hakimiyyət ölkə ərazisində suveren nəzarəti bərpa etməyə çalışır:

“Bu proses fonunda keçmiş PKK-nın uzantıları hesab edilən YPG-PYD strukturları, eləcə də “Suriya Demokratik Qüvvələri” adlandırılan silahlı birləşmələr hələlik Şamda yerləşən mərkəzi hakimiyyətə tabe olmaq niyyətində deyillər. Atəşkəsin 15 gün müddətinə uzadılması isə əsasən həmin qüvvələrin tərksilah olunması və mərkəzi hakimiyyətə inteqrasiya edilməsi ilə bağlı ümidlərə hesablanıb.
Nə YPG-PYD, nə də SDQ müstəqil qərar verən subyektlər kimi çıxış edirlər. Bu silahlı qrupların üzərində xarici təsirlərin mövcudluğu açıq şəkildə hiss olunur. SDQ-yə ABŞ-ın müəyyən təsir imkanları olduğu bilinsə də, PKK elementləri üzərində Avropa dövlətlərinin də təsir mexanizmlərinin olduğu görünür. Məhz bu səbəbdən sözügedən qruplar hələlik mərkəzi hakimiyyətlə əməkdaşlığa və tərksilah prosesinə razılıq vermirlər”.
Aydın Quliyev vurğulayıb ki, Suriyada baş verən proseslər təkcə daxili faktorlarla izah olunmur:
“Xüsusilə Şam hakimiyyətinə tabe olmaqdan imtina edən qanunsuz silahlı dəstələr xarici güclər tərəfindən idarə olunur. Mövcud vəziyyət onu göstərir ki, ABŞ-ın bu qüvvələr üzərində təsiri hələlik həlledici deyil. Əgər Vaşinqton tam söz sahibi olsaydı, həmin qrupları mərkəzi hakimiyyətlə razılaşmaya məcbur edə bilərdi. Lakin bu istiqamətdə real irəliləyiş müşahidə olunmur.
İki ehtimal mövcuddur: ya ABŞ həmin silahlı qrupları tam nəzarətdə saxlaya bilmir, ya da Suriyada məqsədli şəkildə ikili siyasət yürüdür. Hər iki halda, qarşıdakı 15 gün Suriyada vəziyyətin hansı istiqamətdə inkişaf edəcəyini müəyyənləşdirəcək”.
Aydın Quliyev hesab edir ki, əsas məsələ SDQ və YPG-nin Şam hakimiyyətinə tabe olmasıdır: “Əks halda, Suriyada hərbi qarşıdurmaların yenidən genişlənməsi və vətəndaş müharibəsinin davam etməsi təhlükəsi qalmaqdadır”.
//Gülnarə Abasova, Editor.az