
Son illərdə texnologiyanın sürətli inkişafı təhsil sahəsinə də ciddi təsir göstərib. Azərbaycanda bəzi məktəb və liseylərdə dərslərin robot müəllimlər tərəfindən keçirilməsi bu yeniliklərin bariz nümunəsidir. Bu yanaşma tədris prosesində rəqəmsal imkanlardan daha səmərəli istifadə etməyə şərait yaradır. Robot müəllimlər müasir təhsilin gələcəyi ilə bağlı maraqlı perspektivlər ortaya qoyur. Bəs, bu prosesin hansı mənfi tərəfləri var?
Mövzu ilə bağlı Missiya.Az-a danışan təhsil eksperti Elçin Əfəndi bildirib ki, artıq yaşadığımız dövr hər gün informasiya texnologiyalarının geniş tətbiqi və informasiya yönümlü texnoloji alətlərin istifadəyə verilməsi ilə səciyyələnir:
"Bu əsrdə yaşamağımız bizi yeniliklərə daha çevik uyğunlaşmağa və onları tətbiq etməyə sövq edir. Bu baxımdan təhsil də daxil olmaqla digər sahələrə diqqət yetirməliyik. Süni intellekt əsasında dərslərin tədrisi artıq dünyanın inkişaf etmiş ölkələrində təhsil prosesinə cəlb olunmuşdur. Düşünürəm ki, bu cür tətbiqlər ölkəmizdə də tədricən bütün təhsil müəssisələrini əhatə etməlidir. Hazırda bəzi özəl təhsil müəssisələrində robotların mərhələli şəkildə tədris prosesinə daxil edilməsi nəzərdə tutulur",- deyə o qeyd edib.
Ekspertin sözlərinə görə, bu tətbiqləri təhsil sistemi üçün daha çox müsbət cəhətləri ilə xarakterizə etmək olar:
"Belə ki, informasiyanın vaxtında və çevik şəkildə təhsil alanlara çatdırılması, dərslərin daha interaktiv üsullarla keçirilməsi kimi amillər robot və süni intellekt texnologiyaları vasitəsilə daha səmərəli həyata keçirilə bilər".
Elçin Əfəndi vurğulayıb ki, robotlar canlı varlıq olmadığı üçün emosional təmas, ünsiyyət və qarşılıqlı əlaqə baxımından müəyyən çatışmazlıqlara malikdir:
"Onlar yalnız danışıq əsasında müəyyən məlumatları qəbul edə bilirlər. Canlı ünsiyyət zamanı müəllim şagirdin mimikasını və jestlərini müşahidə edib dəyərləndirə bildiyi halda, robotlar hələlik insan faktorunu tam şəkildə əvəz edə bilmirlər. Bu isə tətbiqin mənfi cəhətləri kimi qiymətləndirilə bilər. Buna baxmayaraq, süni intellektin təhsildə istifadəsinin müsbət tərəfləri daha çoxdur",- deyə təhsil eksperti əlavə edib.
Seyranə QuliyevaMissiya.Az