“Qəza keçirdikdə insan bədənində hormonal balans kəskin şəkildə dəyişir. Xüsusilə adrenalin hormonu artır və bu, orqanizmin stress və təhlükə vəziyyətinə cavab verməsi üçün vacibdir”.
“Cebheinfo.az” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu baş direktorun müavini - baş həkim Nizami Məmmədov deyib.
O bildirib ki, adrenalin bədənin hərəkət və müdafiə sistemlərini aktivləşdirir, ağrı hissini zəiflədir və bədənin həmin vəziyyətdən xilas olmasına kömək edir:
“Bu səbəbdən qəza anında insanlar çox vaxt sınıq və ya zədədən qaynaqlanan ağrını dərhal hiss etmirlər. Lakin müəyyən vaxt keçdikdən sonra zədələnmiş toxumalarda ödem və iltihab prosesi başlayır.
Bu da ağrının get-gedə artmasına səbəb olur. Nəticədə, qəzadan dərhal sonra hiss olunmayan ağrılar bir müddət sonra ortaya çıxır və insan bəzən sınığın dərəcəsini həmin vaxt anlayır.
Bu səbəbdən qəzadan sonra özünü yaxşı hiss etsən belə, həkim müayinəsi vacibdir, çünki sınıqlar və daxili zədələnmələr ilk anlarda görünməyə bilər”.