İranın xarici işlər nazirinin müavini Vahid Cəlalzadə Azərbaycanda jurnalistlərlə görüşü zamanı diqqətçəkən bəyanatla çıxış edib. O bildirib ki, İrana hücum olarsa, müharibə sərhədləri aşacaq.
“Bəzi region ölkələri bunu başa düşür və bu təhlükə barədə ABŞ rəhbərliyi məlumatlandırılıb”, - deyə nazir müavini qeyd edib.
Bu fikrin Azərbaycana səfər zamanı səsləndirilməsi təsadüfdürmü?
Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova Redaktor.az-a açıqlamasında qeyd etdi ki, Azərbaycan regional əməkdaşlığı təşviq edir:
"Mövcud reallıqda bu əsasdır. Dövlətimiz bunun baş tutması üçün bütün fürsət və imkanlardan yararlanır. Bütün layihələrə regional aktorları dəvət edir. İranın xarici işlər naziri Abbas Əraqçi ötən il Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilərkən də əməkdaşlıq məsələləri son dərəcə müsbət və konstruktiv şəkildə bir daha nəzərdən keçirilmişdi və hər iki tərəfin bu işdə qətiyyəti və siyasi iradəsi diqqətə çatdırılmışdı. Şübhəsiz ki, bundan sonra İranın daxilində baş verən proseslər onun həm daxili, həm də xarici siyasətinə təsirsiz ötüşməyəcək. Regional və beynəlxalq aktorlarla olan münasibətində ciddi dəyişikliklərə getməsinə məcbur edəcək. Azərbaycan Prezidenti Davosda bildirdi ki, sabitlik ən böyük sərvətdir. Azərbaycanın yanaşması bundan ibarətdir ki, sərhədlər boyu sabitlik haqqında ciddi düşünülməlidir və heç bir dövlətin suverenliyinə, legitimliyinə xələl gətirilməsini istəmirik. Ölkəmizdə daxili risklər mövcud deyil. Bütün risklər kənardan qaynaqlanır, bunu dövlət başçımız bir daha diqqətə çatdırdı".
Onun sözlərinə görə, Azərbaycan İranda baş verən qeyri-sabitlikdən narahatdır:
"Çünki regionda bizə sabitlik, proqnozlaşdırılma və sülh lazımdır ki, investorların regiona cəlb olunması ilə bağlı qarşıda heç bir maneə dayanmasın. Çünki dövlət başçımızın son çıxışlarında investorları daha aktiv şəkildə bölgəyə çağırdığının şahidiyik. Həm də, Azərbaycan illər ərzində müharibədən, işğaldan əziyyət çəkən, qurbanlar verən ölkədir. Bu baxımdan, sülhün və sabitliyin istənilən ölkə üçün uğur qazanmağın yeganə yolu olduğunu bilir, bunu diqqətə çatdırır, bu düsturu dövlət başçımız son dərəcə düzgün müəyyənləşdirir. Təbii ki, məsələlər enerji bazarına da təsirsiz ötüşmür, amma sevindirici amil odur ki, qiymət stabildir, Azərbaycan üçün məqbul səviyyədədir. Dövlət başçımızın da bildirdiyi kimi İranda və Venesuelada baş verən proseslər neftin qiymətinə ciddi təsir etmədi. Bu da praqnozlaşdırılabilənlik yaradır. Sabitlik və təhlükəsizlik ən böyük sərvətdir. Azərbaycan heç bir halda İranın sabitliyinin pozulmasında maraqlı deyil və öz ərazisindən İrana qarşı təcavüz kimi istifadə edilməsinə yol verməyəcək. ABŞ ilə dərinləşdirilən münasibətlər, bölgəyə investorların cəlb olunması heç bir regional aktorun marağına zidd kimi düşünülən addımlar deyil. Bu, əməkdaşların sayının artırılmasına yönələn addımlardır. Bu baxımdan İran da regional aktorlardan heç bir təhdidin olmaması istiqamətində rahatlıq əldə etmək istəyir. Bunu təhdid kimi, barmaq sallama kimi qəbul etməyək. Zənnimcə, başadüşüləndir".
Ş.Həsənova İran rəsmisinin həmin fikri Azərbaycanda səsləndirməsinə də toxundu:
"Fikrin Azərbaycanda səsləndirilməsi də bundan qaynaqlanır ki, mövcud layihələr də olmaqla Azərbaycan proseslərdə söz sahibidir. Dağıdıcı variantlara icazə verməmək üçün Azərbaycan əsaslı rol oynaya bilər. Azərbaycanın yanaşması bunun ibarətdir ki, heç bir halda öz ərazisindən başqa dövlətin ərazisinə təcavüz üçün icazə verməyəcək. Problemlər danışıqlar masası ətrafında dağıdıcı amillər deyil, konstruktiv meyillər üzərindən həll edilməlidir. İqtisadiyyatların genişlənməsi və şaxələndirilməsi əsas hədəfdirsə arxaya, ya ətalətə deyil, önə baxmaq və inkişafa fokus olmaq lazımdır".
Aytəkin TOFİQQIZI