AZ

Azərbaycanda qadağan olunan adların siyahısı hazırlanır? - RƏSMİ AÇIQLAMA

Azərbaycanda qadağan olunan adların ayrıca siyahısı mövcud deyil.

Bu barədə “Yeni Sabah”ın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Ailə Məcəlləsinin 53-cü maddəsinə əsasən uşağa ad valideynlərin razılığı ilə verilir.

“Valideynlərə ad seçimi zamanı AMEA Nəsimi adına Dilçilik İnstitutu tərəfindən hazırlanmış “Azərbaycan şəxs adlarının izahlı lüğəti”ndən və ya Ədliyyə Nazirliyinin rəsmi veb-saytındakı Azərbaycan adları barədə məlumat bölməsindən istifadə etmələri tövsiyə olunur.

Ölkəmizdə qadağan olunan adların siyahısı mövcud deyil. Lakin Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”na əsasən uşağın mənafeyinə xələl gətirəcək, habelə cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir.

 Eyni zamanda “Azərbaycan Respublikasında dövlət dili haqqında” qanunun 8-ci maddəsinə əsasən Azərbaycan vətəndaşlarının adları, atalarının adları və soyadları dövlət dilində yazılır. Həmin qanunun tələblərinə əsasən hüquqi, fiziki və vəzifəli şəxslər Azərbaycan ədəbi dilinin orfoqrafiya və orfoepiya normalarına əməl etməlidirlər”.

Qeyd edək ki, Azərbaycanda körpələrə ad qoyulması ilə bağlı maraqlı və bəzən də mübahisə doğuran tendensiyalar son illər cəmiyyətin diqqət mərkəzindədir. Valideynlərin övladlarına qeyri-adi, nadir adlar seçmək istəyi artdıqca, bu adların mənası və təsdiq mexanizmi ilə bağlı suallar da aktuallaşır.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Seçilən
28
yenisabah.az

1Mənbələr