AZ

ABŞ Kiber Təhlükəsizlik Agentliyinin rəhbəri məxfi məlumatları ChatGPT-yə yükləyib

ABŞ-ın Kiber Təhlükəsizlik və İnfrastrukturun Mühafizəsi Agentliyinin (CISA) rəhbərinin səlahiyyətlərini icra edən Madhu Gottumukkala məxfi xarakterli sənədləri ictimaiyyət üçün açıq olan ChatGPT neyroşəbəkə versiyasına yükləyib.

“İki sahil” xəbər verir ki, bu barədə "Politico" nəşri agentliyin tabe olduğu ABŞ Daxili Təhlükəsizlik Nazirliyindəki (DTN) mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunur ki, ChatGPT-nin açıq versiyasına yüklənən bütün materiallar tərtibatçı üçün əlçatan olur və neyroşəbəkənin digər istifadəçilərə verdiyi cavablarda istifadə edilə bilər.

Mənbələrin bildirdiyinə görə, insident 2025-ci ilin yayında baş verib. Hadisə zamanı bir neçə avtomatik təhlükəsizlik xəbərdarlığı işə düşüb. Bu cür mexanizmlər məxfi hökumət məlumatlarının sızmasının və ya oğurlanmasının qarşısını almaq üçün nəzərdə tutulub. "Politico"nun məlumatına əsasən, DTN məlumatlar üzə çıxdıqdan sonra daxili araşdırmaya başlayıb, lakin araşdırmanın nəticələri hələlik açıqlanmayıb.

Yüklənən materiallar arasında “tam məxfi” qrifli sənədlər olmasa da, bir çoxu “yalnız xidməti istifadə üçün” kimi işarələnmiş sənədlər olub. Bu kateqoriyaya aid sənədlər ictimai yayım üçün nəzərdə tutulmur.

Mənbələrin sözlərinə görə, Madhu Gottumukkala ötən ilin may ayında vəzifəyə təyin olunduqdan sonra agentlikdə ChatGPT-nin ictimai versiyasından istifadəyə icazə verilməsini istəyib. Halbuki bundan əvvəl belə istifadə qadağan edilmişdi.

Seçilən
35
ikisahil.az

1Mənbələr