İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı-ekspert Eyyub Kərimli ABŞ Federal Ehtiyat Sisteminin (FED) 28 yanvar 2026-cı il tarixli faiz qərarını şərh edib.
Onun sözlərinə görə, FED bazar gözləntilərinə uyğun olaraq əsas faiz dərəcəsini dəyişməyərək mövcud səviyyədə saxlayıb:
“FED 2026-cı ilin ilk faiz qərarını açıqlayaraq faiz dərəcəsini 3.50–3.75 faiz aralığında qorudu. Bu qərar ardıcıl üç faiz endirimindən sonra Federal Açıq Bazar Komitəsinin (FOMC) pul siyasətində ‘pauza’ verdiyini göstərir. ABŞ iqtisadiyyatında hazırda sabitlik və inflyasiyanın tədricən nəzarət altına alınması müşahidə olunur. Bu səbəbdən FED-in sərt monetar siyasətdən müvəqqəti olaraq imtina etməsi gözlənilən addım idi".
Ekspertin sözlərinə görə, faiz dərəcəsinin dəyişdirilməməsi qlobal maliyyə bazarlarında nisbi sabitlik yarada bilər və inkişaf etməkdə olan ölkələrin valyuta bazarlarına da müsbət təsir göstərə bilər:
“Pul siyasətinə verilən bu "pauza’" həm investorlar üçün riskləri azaldır, həm də dolların kəskin bahalaşmasının qarşısını alır. Növbəti qərarlar ABŞ-da inflyasiya göstəricilərinin və əmək bazarındakı vəziyyətin dinamikasından asılı olacaq".
Pərvanə Fərhadqızı