AZ

Almaniya Səudiyyə Ərəbistanından “yaşıl” hidrogen tədarükünə ehtiyac duyur

Almaniya sənayesinin iqlim neytrallığına nail olunması üçün ölkəyə ekoloji cəhətdən təmiz, yəni “yaşıl” hidrogenin idxalı vacibdir.

“İki sahil” TASS-a istinadla xəbər verir ki, bu barədə Almaniyanın ətraf mühit naziri Karsten Şnayder Ər-Riyada səfəri zamanı bəyan edib.

Nazir bildirib ki, Almaniya “yaşıl” hidrogen tədarükü sahəsində Səudiyyə Ərəbistanı ilə əməkdaşlığı inkişaf etdirməlidir. Şnayderin sözlərinə görə, hidrogenin idxalı Almaniya sənayesinin dekarbonizasiyası və iqlim neytrallığı məqsədlərinə çatmaq üçün əsas şərtlərdən biridir. O qeyd edib ki, Səudiyyə Ərəbistanı uzunmüddətli müqavilələrdə maraqlıdır və Almaniyanı iri potensial alıcı kimi görür.

Xatırladaq ki, Almaniya hakimiyyəti hidrogeni gələcəyin enerji mənbələrindən biri kimi nəzərdən keçirir. Eyni zamanda, ölkənin İqtisadiyyat Nazirliyi Avropada hidrogenin hələlik çatışmazlıq təşkil etdiyini və yüksək maya dəyərinə malik olduğunu vurğulayır. Günəş enerjisi üçün əlverişli şəraitə malik ölkələrdə, o cümlədən Səudiyyə Ərəbistanında hidrogeni daha böyük həcmdə və daha aşağı xərclərlə istehsal etmək mümkündür.

Hazırda Almaniyanın enerji şirkəti SEFE ilə Səudiyyə Ərəbistanının ACWA Power şirkəti arasında memorandum mövcuddur. Sənədə əsasən, 2030-cu ildən etibarən Almaniyaya ildə 200 min tona qədər “yaşıl” hidrogen tədarükü nəzərdə tutulur.

Bundan əlavə, Almaniya plastik çirklənməsinin məhdudlaşdırılması üzrə beynəlxalq danışıqlarda Ər-Riyadın dəstəyinə də ümid edir.

Seçilən
20
ikisahil.az

1Mənbələr