AZ

Ermənistan Azərbaycanın üzərindən maye qaz və bitum idxalına başlayır...



Ermənistan və Azərbaycan mayeləşdirilmiş qaz və bitum idxalı barədə razılığa gəliblər. Bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan məlumat verib.

Daha əvvəl İqtisadiyyat Nazirliyi bildirib ki, Ermənistan yaxın gələcəkdə Rusiya mayeləşdirilmiş təbii qazını Azərbaycan ərazisindən dəmir yolu ilə idxal etmək niyyətindədir. Gevorq Papoyan artıq razılığın əldə edildiyini bildirir: "İki ölkə arasında maye qaz və bitumun Azərbaycan ərazisindən dəmir yolu ilə daşınması ilə bağlı razılıq əldə edilib. Artıq sahibkarlarımız bu fürsətdən yararlana bilərlər". Qeyd etmək lazımdır ki, Rusiyadan gələn mallar dəmir yolu ilə Bakıdan Gəncəyə və Böyük Kəsikdən Gürcüstan sərhədinə (təxminən 500 km) çatdırılacaq. Oradan isə Qardabanidən Tiflisə və daha sonra Ermənistan sərhədinə (Sadaxlı-Ayrım) daşınacaq; bu hissənin uzunluğu 120 km-dir.

Ermənistan əsasən Rusiyadan mayeləşdirilmiş təbii qaz və bitum idxal edir. Lakin son zamanlar İrandakı daxili qeyri-sabitlik səbəbindən nəqliyyat və gömrük sistemlərində yaranan fasilələr, eləcə də hava şəraiti səbəbindən Gürcüstan Hərbi Yolunun bağlanması fonunda Ermənistan hakimiyyəti alternativ marşrutları nəzərdən keçirməyə başlayıb. Belə marşrutlardan biri də Azərbaycandan keçən dəmir yolu xəttidir. Azərbaycan üzərindən taxıl və neft məhsulları daşınmalarının başlamasından sonra Ermənistan bu marşrutla mayeləşdirilmiş təbii qaz idxalını da nəzərdən keçirir. İqtisadiyyat Nazirliyi izah edib ki, yeni marşrut mövcud marşrutlara alternativ kimi xidmət edə bilər. Xatırladaq ki, 2025-ci ilin oktyabrında Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın işğalı zamanı bu ölkəyə yük tranzitinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması qərarını elan edib. O vaxtdan indiyədək bu istiqamətdə birbaşa və tranzit dəmir yolu daşımaları həyata keçirilir.

Azərbaycandan ilk neft məhsullarının partiyası 2025-ci ilin dekabr ayında Ermənistana çatdırılıb və bu, 1 220 ton Aİ-95 benzini təşkil edib. İkinci və üçüncü partiyalar müvafiq olaraq 9 və 11 yanvar tarixlərində həyata keçirilib.

Tahir TAĞIYEV

Seçilən
33
baki-xeber.com

1Mənbələr