AZ

Gəncədə ilin yekunları müzakirə olundu

Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasında 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.

Hesabat yığıncağından əvvəl tədbir iştirakçıları şəhərin mərkəzi meydanında Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər. Ardınca yığıncaq çərçivəsində təşkil olunmuş sərgiyə baxış keçirilib. Sərgidə Gəncədə fəaliyyət göstərən iri sənaye müəssisələrinin istehsal etdiyi məhsullar nümayiş olunub.

Yığıncaq Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb, sonra Dövlət Himni səsləndirilib.

Şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov çıxışında bildirib ki, 2025-ci il Azərbaycan üçün sosial və iqtisadi baxımdan uğurlu il olub. Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət, ardıcıl islahatlar və çevik idarəetmə ölkənin dayanıqlı inkişafını təmin edib. Qeyd olunub ki, ötən ilin avqust və sentyabr aylarında Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Gəncəyə səfərləri şəhər əhalisi tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanıb.

Çıxışda vurğulanıb ki, qədim tarixə və zəngin mədəni irsə malik olan Gəncə 2025-ci ildə MDB məkanında idman paytaxtı statusunu daşıyıb. Hesabat dövründə Gəncə, eləcə də Şəki, Qəbələ, Yevlax, Mingəçevir, Göygöl və Xankəndi şəhərləri III MDB Oyunlarına ev sahibliyi edib. Sentyabrın 28-də Gəncədə keçirilən açılış mərasimində Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva iştirak ediblər. On gün davam edən yarışlarda MDB ölkələri ilə yanaşı, Türkiyə, Pakistan və digər dövlətlərdən ümumilikdə 2400 nəfərlik idman nümayəndə heyəti mübarizə aparıb.

Daha sonra Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev hesabat məruzəsi ilə çıxış edərək 2025-ci ildə şəhərin sosial-iqtisadi göstəricilərində artımın davam etdiyini bildirib. Qeyd olunub ki, qeyri-neft sektorunun inkişafı, yeni istehsal sahələrinin yaradılması və məşğulluğun artırılması istiqamətində mühüm addımlar atılıb.

Tədbirdə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin rəisi Elçin Kərimov, Regional Turizm İdarəsinin rəisi Fariz Qarayev, “Azəriqaz” İB-nin Gəncə Regional Qaz İstismar İdarəsinin rəisi Hüseyn Şirinov, “Azərişıq” ASC-nin Gəncə Elektrik Şəbəkəsinin rəisi Elgün Qafarov, Gəncə Şəhər Sukanal İdarəsinin rəisi Şöhrəddin Verdiyev, “Azəralüminium” MMC-nin direktorunun birinci müavini Oqtay Rəfiyev, Gəncə Avtomobil Zavodunun direktoru Amin Əliyev, “Rövşən Oğuz” Qrup MMC-nin baş direktoru Hafiz Mustafayev və şəhid atası Miryunis Seyidzadə çıxış edərək il ərzində görülən işlər barədə məlumat veriblər.

Yekunda Prezident Administrasiyasının nümayəndəsi Vəfadar Bağırov çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət 2025-ci ildə bütün sahələrdə konkret nəticələr verib və Azərbaycanın beynəlxalq mövqeləri daha da möhkəmlənib.

Tədbirin sonunda iştirakçılar adından Prezident İlham Əliyevə müraciət qəbul edilib, 2026-cı ildə qarşıda duran vəzifələrlə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib. İl ərzində şəhərin ictimai və sosial-iqtisadi həyatında fəallığı ilə seçilən bir qrup şəxs Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən “Təşəkkürnamə” ilə mükafatlandırılıb.

Hamlet Qasımov
XQ-nin bölgə müxbiri
Gəncə

Seçilən
1
xalqqazeti.az

1Mənbələr