AZ

Əgər övladınız tez-tez xəstələnirsə, bu yazını mütləq oxuyun – Pediatrdan AÇIQLAMA

Son illər uşaqların əvvəlki nəsillərlə müqayisədə daha tez-tez xəstələnməsi barədə fikirlər tez-tez səsləndirilir. Valideyinlər isə övladlarının tez-tez xəstələnməsindən narahatdır.

Bəs uşaqların tez-tez xəstələnməsinin səbəbləri nələrdir?

Mövzu ilə bağlı Redaktor.az-a danışan pediatr Şəlalə Poluxova bildirdi ki, uşaqların tez-tez xəstələnməsini yalnız bir səbəblə izah etmək mümkün deyil.

Onun sözlərinə görə, bir neçə amil eyni anda təsir göstərir və məhz bu faktorların birləşməsi müasir uşaqların daha çox xəstələnirmiş kimi görünməsinə səbəb olur:

"Fiziki aktivliyin azalması əsas səbəblərdən biridir. Uşaqlar açıq havada əvvəlki illərlə müqayisədə daha az vaxt keçirir, uzun müddət ekran qarşısında qalır və yuxu rejimi pozulur. Telefon və planşetlərdən gec saatlara qədər istifadə olunması bu vərdişlərin formalaşmasına gətirib çıxarır ki, nəticədə immun sisteminin cavabı zəifləyir və infeksiyalara qarşı həssaslıq artır. Müasir dövrdə uşaqların rasionunda hazır və emal olunmuş qidalar, eləcə də şəkərli içkilər üstünlük təşkil edir. Bunun əksinə olaraq, meyvə, tərəvəz və liflə zəngin qidaların qəbulu kifayət qədər deyil. Valideynlər tez-tez “uşaq yemir, nə edim” sualı ilə qarşılaşır və uşağın ac qalmaması üçün alternativ olaraq hazır və şəkərli qidalara üstünlük verirlər ki, bu da düzgün yanaşma hesab olunmur. Bu tip qidalanma bağırsaq mikrobiotasının balansını pozur və immun sisteminin zəifləməsinə səbəb olur. İmmunitetin təxminən 70–80 faizi bağırsaqlarla əlaqəlidir və bu baxımdan qidalanma olduqca vacib rol oynayır”.

Pediatr həmçinin dedi ki, uşaqlar bağça və ya məktəbə başladıqdan sonra xəstələnmə halları daha tez-tez müşahidə olunur:

"Aparılan araşdırmalara əsasən, bir uşağın kollektiv mühitə uyğunlaşdığı ilk ildə 10 dəfəyə qədər virus infeksiyası keçirməsi normal hesab edilir. Keçmiş dövrlərdə uşaqlar daha gec yaşda kollektivə qoşulduğu üçün bu hallar o qədər də diqqət çəkmirdi. Bu xəstəliklər immun sisteminin formalaşma prosesinin təbii mərhələsidir. Havanın çirklənməsi, allergenlər, kimyəvi maddələrlə təmas, passiv siqaret tüstüsü və digər ekoloji amillər tənəffüs yollarını daha həssas edir və infeksiyaların daha ağır keçməsinə şərait yaradır. Müasir dövrdə tibbi müayinələrə daha tez-tez müraciət edilməsi və diaqnostik imkanların genişlənməsi xəstəliklərin erkən mərhələdə aşkarlanmasına imkan yaradır. Bu da xəstəliklərin sayının artdığı təəssüratını formalaşdıra bilər. Halbuki əksər hallarda artım deyil, sadəcə daha dəqiq və vaxtında diaqnoz qoyulması müşahidə olunur".

Şəlalə Poluxova vurğuladı ki, bu günün uşaqları zəif deyil, sadəcə fərqli şəraitdə böyüyürlər:

"Əsas məqsəd düzgün və balanslı qidalanma, kifayət qədər maye qəbulu, aktiv həyat tərzi, açıq havada vaxt keçirmək və gigiyena qaydalarına sağlam yanaşmanı təmin etməkdir. Nə həddindən artıq steril mühit, nə də laqeyd münasibət düzgün yanaşma sayılmır".

Xədicə BAXIŞLI

Seçilən
12
1
redaktor.az

2Mənbələr