AZ

Avropada Donald Trampın psixi durumu ilə bağlı narahatlıqlar artır

BAKI,TurkicWorld

Avropa İttifaqında ABŞ prezidenti Donald Trampın son açıqlamaları fonunda onun davranışları və qərarvermə tərzi ciddi müzakirə mövzusuna çevrilib.

TurkicWorld xəbər verir ki, Politico nəşrinin adlarını açıqlamadığı Avropa İttifaqı rəsmilərinə istinadən yazdığı məlumata görə, Avropa paytaxtlarında Donald Trampın psixi sağlamlığı və adekvatlığı ilə bağlı müzakirələr intensivləşib. Mənbələrin sözlərinə görə, bu mövzu artıq marjinal sayılmır və diplomatik xidmətlərdən tutmuş dövlət başçılarının qapalı danışıqlarınadək bütün səviyyələrdə gündəmə gətirilir.

Nəşr qeyd edir ki, müzakirələrə təkan verən əsas amil 22 yanvar tarixində Brüsseldə keçirilən fövqəladə Avropa İttifaqı sammitindən sonra baş tutan qapalı söhbətlər olub. Sammit Trampın Qrenlandiya ilə bağlı sərt bəyanatları və Avropa İttifaqı ilə NATO-ya münasibətləri yenidən nəzərdən keçirməklə hədələməsi fonunda çağırılmışdı.

Məlumata görə, Slovakiyanın baş naziri Robert Fitsonun 17 yanvarda ABŞ-da, Mar-a-Laqo iqamətgahında Donald Trampla keçirdiyi görüş də müzakirələrin əsas mövzularından biri olub. Avropalı diplomatların bildirdiyinə görə, Fitsо bu görüşdən sonra Trampın davranışlarını narahatedici və potensial təhlükəli kimi qiymətləndirib. O, ABŞ prezidentinin fikirlərini ifadə etməsində və suallara reaksiyasında problemlər müşahidə etdiyini bildirib.

Diqqətçəkən məqam ondan ibarətdir ki, Robert Fitsо Avropada Trampa ən yaxın siyasətçilərdən biri kimi tanınır. O, daha əvvəl Trampın siyasətini açıq şəkildə dəstəkləyib və Ağ Evə xüsusi çıxış imkanlarına malik olduğunu vurğulayıb. ABŞ səfərindən sonra yayımladığı videoda da görüşü Vaşinqtonun etimad və hörmətinin göstəricisi kimi təqdim edib. Lakin qapalı müzakirələrdə onun mövqeyinin daha sərt olduğu iddia olunur.

Ağ Ev isə bu məlumatları təkzib edib. ABŞ administrasiyasının nümayəndəsi Trampın sağlamlığı ilə bağlı yayılan iddiaları uydurma adlandırıb və görüşün sakit, məhsuldar şəraitdə keçdiyini bildirib. Danışıqlarda iştirak edən amerikalı rəsmi də prezidentin davranışında qeyri-adi heç nə görmədiyini deyib. Robert Fitsо da Politico-nun dərc etdiyi məlumatları inkar edib.

Bununla belə, Avropada narahatlıqlar azalmır. Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas açıq şəkildə bildirib ki, ABŞ artıq Avropanı əsas prioritet hesab etmir və Aİ öz təhlükəsizliyinə görə məsuliyyəti daha sürətlə üzərinə götürməlidir. Financial Times isə yazır ki, bu fonda Avropa liderləri tarixdə ilk dəfə olaraq ABŞ-ın NATO-dan çıxması ssenarisini ciddi şəkildə müzakirə etməyə başlayıblar.

Seçilən
11
turkic.world

1Mənbələr