Bakı, 28 yanvar, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin 2026-cı ili “Şəhərsalma və Memarlıq İli” elan etməsi ölkə başçısının şəhərsalma, memarlıq, tikinti və bu kimi aidiyyəti sahələrə göstərdiyi xüsusi diqqətin, həmçinin ardıcıl və strateji yanaşmanın bariz nümunəsidir.
Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyasının (ATMİA) baş katibi Məhərrəm Məhərrəmli bildirib.
Onun sözlərinə görə, 2026-cı il Azərbaycanın tikinti sektorunda yeni inkişaf mərhələsi olacaq.
“Bu qərar müasir, təhlükəsiz və dayanıqlı şəhər mühitinin formalaşdırılması istiqamətində atılan mühüm addımdır. “Şəhərsalma və Memarlıq İli” müasir şəhər mühitinin formalaşdırılması, infrastrukturun yenilənməsi və dayanıqlı inkişaf prinsiplərinin daha geniş tətbiqi baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, Azərbaycan Respublikası Hökumətinin və Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramının (UN-Habitat) təşkilatçılığı ilə “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusunda Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 2026-cı ilin may ayında paytaxt Bakı şəhərində keçirilməsi barədə qəbul edilmiş qərar ölkəmizə göstərilən böyük etimadın göstəricisidir. Qeyd edilməlidir ki, WUF13 BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransından sonra Azərbaycanın ev sahibliyi etdiyi ən böyük beynəlxalq tədbirdir”, - deyə ATMİA baş katibi vurğulayıb.
M.Məhərrəmli əlavə edib ki, ATMİA İdarə Heyəti və üzvləri arasında aparılan ümumi müzakirələr nəticəsinə əsasən belə qənaətə gəlinir ki, 2026-cı il ərzində ölkəmizdə tikinti “bumu” yüksək dinamika ilə davam edəcək: “Həm “Şəhərsalma və Memarlıq İli”, həm də WUF13 tədbiri Azərbaycanın inşaat sektoru nümayəndələrinin beynəlxalq təcrübəyə daha sıx inteqrasiya olunması baxımından mühüm rol oynayaraq geniş rezonans doğuracaq. ATMİA olaraq bütün üzvlərimizi, eləcə də ölkəmizdə fəaliyyət göstərən bütün tikinti sektoru nümayəndələrini WUF13 forumu ilə yaxından maraqlanmağa, bu mühüm tədbir ərəfəsində keçiriləcək seminarlara qoşulmağa və forumda iştirak üçün qeydiyyatdan keçməyə çağırırıq.