AZ

“Expressbank” risk ZONASINDA: Xalis mənfəət çöküb, biznes müştəriləri qaçır, xərclər isə…

“Expressbank” ASC-nin açıqlanan maliyyə göstəriciləri artıq sadəcə “zəifləmə” yox, açıq rəqəmlərlə ölçülən geriləmə mənzərəsi yaradır. Yenicag.az xəbər verir ki, bankın hesabatında artım olan yeganə istiqamət gəlirlərdir, amma bu artımın son nəticəyə təsiri demək olar ki, sıfırlanıb.

Gəlir var, amma bu gəlir bankı daşımır

Faiz gəliri 1 il ərzində 14 milyon 245 min manat artaraq 82 milyon 727 min manata yüksəlib. Bu, az rəqəm deyil. Ancaq paralel olaraq faiz xərcləri də 9 milyon 326 min manat artaraq 29 milyon 113 min manata çatıb. Nəticədə xalis faiz gəliri 53 milyon 613 min manat olub və artım cəmi 4 milyon 919 min manat təşkil edib. Yəni bankın faiz gəliri 14.2 milyon artsa da, bunun yalnız təxminən 35 faizi real xalis gəlirə çevrilə bilib. Qalan hissə xərclərin içində itib.

Bu, faiz siyasətinin effektiv olmadığını göstərir. “Expressbank” daha çox kredit verib və ya daha yüksək faizlə işləyib, amma bu fəaliyyət risk və xərc baxımından özünü doğrultmayıb.

Qeyri-faiz sahəsində açıq dağılma

Daha təhlükəli tablo qeyri-faiz əməliyyatlarda görünür. Bankın qeyri-faiz gəlirləri 1 milyon 632 min manat azalaraq 18 milyon 996 min manata düşüb. Eyni dövrdə qeyri-faiz xərcləri 4 milyon 283 min manat artıb. Sadə hesabla, bank bu sahədə 5.9 milyon manata yaxın mənfi fərq yaradıb.

Nəticə dərhal özünü göstərib: əməliyyat mənfəəti 998 min manat azalaraq 19 milyon 473 min manata enib. Bu, 4.87 faiz azalma deməkdir. Yəni bankın əsas fəaliyyəti artıq əvvəlki kimi qazandırmır. Bu rəqəmlər göstərir ki, problem bazarda yox, xərclərin idarə edilməsindədir.

Mənfəət ehtiyatlarda “basdırılıb”

Bankın xalis mənfəətinin niyə kəskin azaldığı rəqəmlərlə açıq görünür. “Expressbank” 9 milyon 565 min manat vəsaiti ehtiyatlara ayırıb. Bu məbləğ əməliyyat mənfəətinin təxminən yarısına bərabərdir. Üstəlik, 2 milyon 602 min manat vergi ödənilib. Nəticədə bankın xalis mənfəəti cəmi 7 milyon 305 min manat olub.

Müqayisə üçün, ötən illə müqayisədə xalis mənfəət 3 milyon 932 min manat azalıb. Faizlə ifadə etdikdə bu, 35 faizlik enişdir. Yəni bank bir il ərzində qazancının üçdə birindən çoxunu itirib. Bu artıq kosmetik yox, struktur problemdir.

Biznes müştəriləri bankdan pullarını çıxarır

Ən təhlükəli göstərici isə depozit portfelinin strukturunda gizlənir. 2025-ci ilin 4-cü rübündə hüquqi şəxslərin əmanətləri 8 milyon 91 min manat azalaraq 51 milyon 681 min manata düşüb. Bu, 13.53 faiz azalma deməkdir. Biznes müştəriləri sadəcə azalmayıb, pullarını sistemli şəkildə bankdan çıxarıb.

Bu itki bank üçün ikiqat risk yaradır. Birincisi, hüquqi şəxslərin depozitləri adətən daha iri və stabil olur. İkincisi, bu pullar kreditləşmə üçün əsas resurs sayılır. Onların azalması bankın gələcək gəlir imkanlarını da zəiflədir.

Fiziki şəxslərlə boşluq doldurulub, amma risk artıb

Bank biznes müştərilərinin çıxışını fiziki şəxslərin depozitləri ilə kompensasiya edib. Fiziki şəxslərdən cəlb olunan əmanətlər 57 milyon 428 min manat artaraq 259 milyon 747 min manata yüksəlib. Artım tempi 28.38 faizdir. Yekunda depozit portfeli 49 milyon 337 min manat artaraq 311 milyon 428 min manata çatıb.

Amma burada kritik məqam struktur dəyişikliyidir. Bank uzunmüddətli və iri biznes vəsaitlərini itirib, əvəzində daha qısa müddətli, daha həssas əhali əmanətlərinə bağlanıb. Bu isə likvidlik və reputasiya risklərini artırır. Kiçik bir mənfi xəbər və ya bazar dalğalanması zamanı bu vəsaitlərin bankdan çıxması daha sürətli ola bilər.

Xalis mənfəət 35 faiz çökür

Rəqəmlər göstərir ki, “Expressbank” problem yaşamır demək mümkün deyil. Gəlirlər artsa da, xərclər daha sürətlə böyüyür. Əməliyyat mənfəəti azalır, xalis mənfəət 35 faiz çökür, biznes müştəriləri bankdan vəsaitlərini çıxarır. Bankın balansı böyüyür, amma keyfiyyəti pisləşir.

Bu dinamika dəyişməzsə, növbəti dövrlərdə daha böyük ehtiyat ayırmaları, daha aşağı mənfəət və daha yüksək risklər qaçılmaz görünür. Bu artıq statistik oyun yox, bankın maliyyə sağlamlığı ilə bağlı açıq xəbərdarlıqdır.

Yenicag.az

Seçilən
10
editor.az

1Mənbələr