Abşeron rayonunun Mehdiabad qəsəbəsindən Bakı metropoliteninin "28 May" stansiyasına tramvay marşrutunun tətbiqi ilə bağlı layihələndirmə işləri həyata keçirilir. Bildirilib ki, bununla bağlı ilkin texniki-iqtisadi əsaslandırma sənədi artıq hazırdır. Həmçinin Bakıətrafı ərazilərdə dəmiryol nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi məqsədilə Yeni Suraxanı-Hövsan, Bakıxanov-Binə-Qala və Zabrat-Maştağa-Bağlar dəmir yolu xətlərinin bərpası, eləcə də bu xətlər boyunca mövcud stansiyaların yenidən qurulması və yeni stansiyaların inşası nəzərdə tutulur.
Sözügedən məsələlərin icrası ilə bağlı söküntü işlərinin həyata keçirilməsi ehtimal olunur. Qeyd etmək lazımdır ki, Qala və Binə istiqamətində evlər dəmiryol xətlərinə yaxın ərazilərdə yerləşir. Məsələ ilə bağlı Oxu.Az-a danışan əmlak eksperti Ramil Osmanlı bildirib ki, layihələrin hər birinin icrası mümkündür.
O vurğulayıb ki, layihələndirmə tam başa çatdıqdan sonra məsələ ilə bağlı daha detallı fikir bildirmək olar:
"Layihələndirmə ondan ötrüdür ki, xəttin haradan keçəcəyi müəyyənləşdirilsin. Xəttin çəkilişi üçün maliyyə mənbələri bəlli olmalıdır. İqtisadi qiymətləndirmə aparılmalıdır. Müəyyənləşdirilməlidir ki, bu layihə hökumətə nə qədər fayda verəcək. Büdcədən səmərəli istifadə və investorların cəlb olunması baxımından işlər aparılmalıdır. Bu addımlar atıldıqdan sonra nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi mümkündür. Layihənin icrası zamanı müəyyən söküntü işlərinin həyata keçirilməsi ehtimal olunur. Lakin, dediyim kimi, layihələndirmə işləri tam yekunlaşdıqdan və xətlərin keçəcəyi ərazilər müəyyənləşdirildikdən sonra söküntü barədə detallı danışmaq olar. Hansı ərazilər xəttin keçəcəyi marşruta düşəcək və yaşayış evləri, eləcə də torpaq sahələrinin dövlətin istifadəsi üçün alınmasının zəruri olduğu müəyyən edilərsə, həmin obyektlərin alınmasına başlanılacaq".
O bildirib ki, hazırda dəmir yolu xətlərinin inkişafı üçün ciddi layihələr həyata keçirilir: "Müstəqillik illərində bəzi ərazilər zəbt olunub. Lakin hazırda hökumət ciddi işlər görür. Məqsəd infrastrukturu inkişaf etdirmək, yükdaşımalarla yanaşı sərnişindaşımanı da optimallaşdırmaqdır. Dediyim kimi, mühafizə zolaqlarına düşən marşrutlarla bağlı qərar layihələndirmədən sonra veriləcək. Bu, dəmir yolunda orta sürətin tam təmin olunması üçün zəruridir".
Nəqliyyat eksperti Eldəniz Cəfərov isə Oxu.Az-a açıqlamasında qeyd edib ki, prosesin necə həyata keçiriləcəyi layihələndirmədən sonra müəyyən olunacaq:
"Tramvaylar əsasən elə ərazilərə çəkiləcək ki, oraya vətəndaşların avtobus və metro ilə getmək imkanları məhdud olsun. Əslində, bu, çox yaxşı bir addımdır. ‘Sea Breeze", Mehdiabad və Binəqədi ərazisindən metronun "28 May" stansiyasına qədər marşrutlar olacaq. Bundan başqa, ehtimal olunur ki, Bayıldan ‘Xətai" metrostansiyası istiqamətində yeni tramvay xətti çəkiləcək. Söküntü işlərinin olub-olmayacağı layihələndirmədən sonra məlum olacaq. Mütəxəssislər bununla bağlı öz fikirlərini bildirəcəklər. Həmçinin tramvayın növü müəyyənləşdirilməlidir. Bütün hallarda layihələrin həyata keçirilməsi həmin ərazilərdə yaşayan şəxslərin təhlükəsizliyini təmin edəcək".