AZ

Darvin Limanının köçürülməsi məsələsi Avstraliya ilə Çin arasında gərginlik yarada bilər



Avstraliyanın 2015-ci ildə Çin şirkəti Landbridge-ə 99 il müddətinə icarəyə verdiyi ölkənin şimalındakı Darvin Limanına nəzarəti bərpa etmək istəyi iki ölkə arasında gərginlik yaradacaq kimi görünür.Avstraliyanın ictimai yayımçısı ABC-nin məlumatına görə, Çinin Kanberradakı səfiri Xiao Qian mətbuat konfransında məsələ ilə bağlı açıqlamalar verib.

Səfir Xiao xəbərdarlıq edib ki, əgər limanın Çin şirkətindən geri alınması halında Pekin diplomatik müdaxilə edəcək və bu, Çinin ölkəyə qoyduğu investisiyalara təsir edəcək. O bildirib ki, "Əgər liman güc və ya məcburi tədbirlərlə geri alınarsa, Çin şirkətlərinin maraqlarını qorumaq üçün tədbirlər görməyimiz zəruridir". Xiao, Çin şirkətinin bu müddət ərzində limana və ətrafında əhəmiyyətli infrastruktur investisiyaları yatırdığını bildirib və onların limandan çıxmağa məcbur edilməsinin Çin şirkətləri ilə region arasında ticarət və investisiyalara da təsir edəcəyini vurğulayıb.

Uzun illərdir zərərlə fəaliyyət göstərən Darvin Limanının ötən il ilk dəfə mənfəət əldə etməyə başladığına diqqət çəkən Xiao, "Elə bu dönüş nöqtəsində Avstraliya hökumətinin onu geri almaq niyyətində olduğunu eşidirik. Bu mövqeyin etik ölçüsünü şübhə altına alırıq" deyib.

Avstraliyanın Baş naziri Entoni Albanese ötən il seçki kampaniyası zamanı Darvin Limanını Çindən geri alacağına söz vermiş və bunun milli maraqlara uyğun olduğunu vurğulamışdı.
Çin liman operatoru Landbridge, Darvin Limanını 2015-ci ildə 99 il müddətinə 506 milyon Avstraliya dollarına (351 milyon ABŞ dolları) icarəyə götürmüşdür.

Şimal Ərazisinin paytaxtı olan Darvin limanı, ölkənin şimalında strateji mövqedə yerləşir və Avstraliya ilə Asiyadakı ticarət tərəfdaşları arasında mühüm bir əlaqə rolunu oynayır.

ABŞ Dəniz Piyadaları Korpusu üçün müvəqqəti bazanın da yerləşdiyi liman, ABŞ və Böyük Britaniya arasında nüvə sualtı texnologiyasının Avstraliya ilə paylaşılmasını nəzərdə tutan AUKUS alyansı çərçivəsində nüvə döyüş gəmiləri və sualtı qayıqlarının lövbər salması üçün istifadə edilməsi nəzərdə tutulur.

aia.az
Tərcümə şöbəsi



Seçilən
11
aia.az

1Mənbələr