AZ

60 dərəcəlik isti su ilə buz bir məkanda - Kəlbəcər təbiətinin daha bir möcüzəsi

Qış fəslində Kəlbəcərin təbiəti tamam başqa bir ovqata bürünür. Qarla örtülmüş dağlar, dumanlı dərələr və sükuta qərq olmuş meşələr bu bölgənin gözəlliyini daha da füsunkar edir.

Ekologiya.az Musavat.com-a istinadla xəbər verir ki, Kəlbəcəri qışda digərlərindən fərqləndirən ən maraqlı mənzərələrdən biri məşhur İstisu mineral bulağıdır. Yeraltı qatların dərinliyindən +60 dərəcə temperaturla səthə çıxan İstisu, şaxtalı havada möcüzəvi bir təbiət hadisəsi yaradır. Təqdim etdiyimiz bu videodan görünür ki, isti mineral su soyuq hava ilə təmasda olduqda buxarlanaraq ətrafda unikal bir aura formalaşdırır, suyun səthində və kənarlarında isə buz kristalları əmələ gəlir. Beləliklə, eyni məkanda həm istilik, həm də şaxta bir araya gəlir və göz oxşayan mənzərə yaranır.

Qarla örtülmüş ətraf mühitin fonunda donmuş mineral su layları, buzla bəzənmiş axarlar və buxar içində qaynayan isti bulağın gözündə həm buz qatları Kəlbəcərin təbii zənginliyini və nadir iqlim xüsusiyyətlərini bir daha nümayiş etdirir. Bu mənzərə həm fotoqraflar, həm də təbiət həvəskarları üçün unikal cazibə mərkəzidir.

Kəlbəcərin İstisu mineral bulağı qış fəslində yalnız sağlamlıq mənbəyi deyil, həm də təbiətin insanı heyrətləndirən sənət nümunəsidir. Burada yerin dərinliklərindən gələn istiliklə qışın sərt nəfəsi üz-üzə dayanır və ortaya nadir bir gözəllik çıxır.

Seçilən
23
ekologiya.az

1Mənbələr