AZ

Ağ Evin Cənubi Qafqaz prioritetləri

ABŞ vitse-prezidentinin Azərbaycana gözlənilən səfəri yeni mərhələyə keçidin təsdiqidir

Azərbaycan və Amerika Birləşmiş Ştatları arasındakı diplomatik münasibətlər 2026-cı ildə özünün ən dinamik və həlledici mərhələsinə qədəm qoyur. İki ölkə arasındakı strateji bağların dərinləşməsi fonunda atılan addımlar Vaşinqtonun Cənubi Qafqazda dəyişən prioritetlərinin ən bariz göstəricisidir. 

ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin fevral ayında Azərbaycana planlaşdırılan səfəri nəinki ikitərəfli əlaqələri strateji tərəfdaşlıq zirvəsinə daşıyır, həm də Bakının qlobal təhlükəsizlik və iqtisadiyyat sistemindəki əvəzedilməz rolunu bir daha təsdiqləyir. ABŞ Prezidenti Donald Tramp "Truth" sosial şəbəkəsində yazıb ki, Vensin bölgəyə səfəri Azərbaycan və Ermənistan arasında sülh prosesinin daha da irəli aparılmasına, eləcə də "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) adlanan layihənin sürətlənməsinə yönəlib. Tramp vurğulayıb ki, ABŞ Azərbaycanla strateji tərəfdaşlığını gücləndirmək, sülh təşəbbüsləri və iqtisadi layihələr sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Bundan əlavə, Ağ Ev rəhbəri ABŞ-nin Azərbaycana zirehli geyimlər, qayıqlar və digər məhsullar da daxil olmaqla ABŞ istehsalı olan müdafiə avadanlıqları satmağı planlaşdırdığını açıqlayıb. 

ABŞ-nin yüksək ranqlı rəsmisinin Azərbaycana gözlənilən səfəri kifayət qədər önəmli hadisə sayılır. Xatırladaq ki, sonuncu dəfə 2008-ci ildə, 18 il öncə ABŞ-nin ozamankı vitse-prezidenti Dik Çeyni Azərbaycana səfər edib. 18 ildən sonra Ağ Evin ikinci adamının Bakıya gəlməsi Azərbaycanın regionun lider dövləti olduğunu Vaşinqtonun rəsmən qəbul etməsi anlamına gəlir. Bu, sadəcə bir vitse-prezidentin regiona səfəri yox, həm də Ağ Evin Cənubi Qafqazdakı prioritetlərinin kökündən dəyişdiyinin siqnalıdır. Bakının uzun illər boyu Qərbin bəzi ölkələrinin və təsisatlarının qərəzli yanaşmasına, ədalətsiz mövqeyinə məruz qalması sirr deyil. Vensin gəlişi Vaşinqtonun tərəfsiz və real tərəfdaş imicini bir daha təsdiqləyəcək. 

Trampın qeyd etdiyi ABŞ istehsalı olan hərbi avadanlıqların Azərbaycana satışı Bakı üçün əhəmiyyətli bir yenilikdir. Uzun illər boyu müxtəlif qanunvericilik aktları və siyasi lobbi fəaliyyətləri Azərbaycana ABŞ mənşəli hərbi texnikanın ixracını məhdudlaşdırırdı. Vensin səfər planı faktiki olaraq Azərbaycana hərbi yardımı məhdudlaşdıran baryerlərin Tramp administrasiyası tərəfindən praktikada ləğv edildiyini göstərir. Həmçinin Vaşinqtonun Bakıya olan etimadının artdığını, Azərbaycanın Xəzər hövzəsində və Cənubi Qafqazda təhlükəsizlik donoruna çevrildiyini simvolizə edir. Azərbaycanın silah arsenalının diversifikasiyası baxımından ABŞ texnologiyasına çıxış əldə etməsi Bakının əlini həm masada, həm də sahədə gücləndirir. Xüsusilə kəşfiyyat, rabitə və fərdi mühafizə sahəsində ölkəmizin manevr qabiliyyətini artırır. Ən əsası isə regional rəqiblər və maraqlı tərəflər üçün Azərbaycanın hərbi təchizat coğrafiyasının genişlənməsi ciddi çəkindirici faktor rolunu oynayır.

Ötən ilin 8 avqustunda Vaşinqtonda tərəflər arasında əməkdaşlığın keyfiyyətcə yeni mərhələsinin təməli qoyuldu. Bu yeni səhifənin ən bariz göstəricilərindən biri Ağ Evdə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üzrə Anlaşma Memorandumudur. Bu sənədlə yaradılmış Strateji İşçi Qrupu hər iki paytaxtın əlaqələri rəsmi olaraq strateji tərəfdaşlıq zirvəsinə daşımaqda qərarlı olduğunu nümayiş etdirir. Maraqlı məqamlardan biri odur ki, Vensin Azərbaycana gözlənilən səfəri ABŞ ilə Strateji Tərəfdaşlıq Xartiyasının imzalanacağı dövrə təsadüf edir. Azərbaycan Prezidenti İlham Əliyev Davos İqtisadi Forumunda strateji tərəfdaşlıq xartiyasının yekunlaşmaq üzrə olduğunu, imzalanmasının növbəti ayda, yəni fevralda baş tuta biləcəyini vurğulamışdı. Vaşinqtonla münasibətlərin istiləşməsini sübut edən digər fundamental məqam Donald Tramp tərəfindən "Azadlığa Dəstək Aktı"na 907-ci düzəlişin tətbiqinin dayandırılmasıdır. Hazırda bu diskriminativ maddənin tamamilə ləğv edilməsi üçün intensiv diplomatik iş aparılır. Prezident İlham Əliyev ilə Donald Tramp arasında Davos Forumu çərçivəsində baş tutan görüş əlaqələrin gələcək dinamikasını müəyyənləşdirdi. Görüşdə xüsusilə vurğulandı ki, enerji təhlükəsizliyi və terrorizmə qarşı birgə mübarizə əməkdaşlığın onurğa sütununu təşkil edir. Beynəlxalq sabitliyin qorunmasında Azərbaycanın rolu Vaşinqton tərəfindən yüksək qiymətləndirilir. Azərbaycanın ABŞ Prezidentinin şəxsi dəvəti ilə Sülh Şurasına təsisçi üzv kimi daxil olması da Bakının artan geosiyasi çəkisinin təsdiqidir. 

Vensin Bakıya gözlənilən səfəri və Azərbaycan-ABŞ yaxınlaşması Ermənistandakı müəyyən siyasi dairələrdə və revanşist qüvvələrdə ciddi təşvişə səbəb olub. Erməni politoloq Suren Sarkisyan iddia edib ki, ABŞ Prezidenti Donald Trampın Azərbaycan lideri ilə Davosda görüşündən öncə vitse-prezident Ceyms Devid Vensin Bakıya səfər məsələsi gündəmdə olmayıb. Onun sərsəmləməsinə görə, Vensin təkcə Ermənistana səfəri gözlənilirmiş: "ABŞ-nin vitse-prezidentinin Bakını ziyarətini xüsusilə izləmək lazımdır". Ermənistandakı radikal dairələr uzun müddətdir ki, ABŞ-nin regiondakı siyasətinin yalnız İrəvanın maraqlarına xidmət edəcəyi barədə illüziya formalaşdırmağa çalışıblar. Vensin Bakı səfəri bu mifi dağıdacaq. Ermənilər üçün Vaşinqtonun Bakını Sülh Şurası və "TRIPP" layihəsi kimi qlobal təşəbbüslərdə əsas tərəfdaş seçməsi diplomatik balansın tamamilə Azərbaycanın xeyrinə dəyişməsi deməkdir. 

Ermənistan daxilindəki müəyyən qrupları narahat edən mühüm məqamlardan biri də Donald Trampın Prezident İlham Əliyevin liderlik keyfiyyətlərinə verdiyi yüksək qiymətdir. Bu, Ermənistanın "Qərblə yalnız biz dil tapırıq" tezisini tamamilə alt-üst edir və Bakının həm Şərq, həm də Qərb üçün əvəzedilməz strateji mərkəz olduğunu sübuta yetirir. 

Nəticə etibarilə, Azərbaycanın apardığı məqsədyönlü sülh siyasəti ilə Donald Trampın qlobal barışıq çağırışları eyni müstəvidə kəsişir. ABŞ vitse-prezidentinin Bakıya səfəri Prezident İlham Əliyevin şəxsi nüfuzunun və onun yaratdığı yeni regional reallıqların beynəlxalq səviyyədə tanınmasıdır. İki ölkə arasında münasibətlərin dinamik inkişafı dünyanın super gücünün dövlət başçısı tərəfindən Azərbaycan liderinin ünvanına səslənən yüksək fikirlərlə daha da möhkəmlənir.

İsmayıl QOCAYEV, 

"Azərbaycan"

Seçilən
36
azerbaijan-news.az

1Mənbələr