İrəvanın hərbi və təhlükəsizlik siyasətində yanaşmaları dəyişir
Yanvarın 28-i Ermənistanda ordu günü kimi qeyd olunur. Ölkənin baş naziri Nikol Paşinyan bu münasibətilə təbrik çıxışında növbəti dəfə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) müttəfiqinə kömək etmək istəməməkdə təqsirləndirib.
Paşinyan 2022-ci il sentyabrın 12-14-də baş vermiş hadisələr zamanı, yəni Azərbaycanın, guya, Ermənistana qarşı “təcavüzü” dövründə KTMT-nin İrəvana dəstək göstərmədiyini iddia edib. Son üç ildə Ermənistan ordusunun gücləndirilməsi və arsenalınının genişləndirilməsi istiqamətində əldə olunan nailiyyətləri sadalayan Paşinyan sual edib ki, niyə bütün bunlar 2018, 2019, 2020 və ya 2022- ci illərdə mümkün olmayıb. Onun sözlərinə görə, bunun iki əsas səbəbi var idi. Birinci səbəb ondan ibarət olub ki, beynəlxalq tərəfdaşlar silah satmaqdan imtina ediblər, çünki satılan silahların Ermənistan hüdudlarından kənarda, yəni Qarabağda yerləşdirilə biləcəyindən ehtiyatlanıblar. İkinci səbəb isə həmin tərəfdaşların silahların “KTMT-nin əlinə keçəcəyindən” narahatlığı olub. Hökumət başçısı daha sonra iddia edib ki, KTMT-dəki müttəfiqlər də öz növbələrində Ermənistanın ərazi bütövlüyünün təmin edilməsinə dair müqavilə öhdəliklərini yerinə yetirməkdən imtina ediblər. Paşinyanın sözlərinə görə, müttəfiqlər, həmçinin İrəvanın əvvəlcədən ödəniş etdiyi yüz milyonlarla dollar dəyərində silah və hərbi texnikanı da tədarük etməyiblər.
Baş nazir hesab edir ki, yaranmış kritik vəziyyəti aradan qaldırmağa iki “qətiyyətli hadisə” kömək edib. Bunlardan birincisi 2022-ci il oktyabrın 6-da imzalanmış Praqa Bəyannaməsi olub. Həmin sənəddə Ermənistan Qarabağın separatçı xuntanın hələ də nəzarətində olan hissəsi də daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib. İkinci hadisə isə Ermənistanın KTMT-də üzvlüyünün dondurulması olub. Paşinyan vurğulayıb ki, İrəvan bu strategiyanı davam etdirəcək: Ermənistan silahlı qüvvələrinin ölkə hüdudlarından kənarda heç bir vəzifəsi yoxdur və olmayacaq. Yeganə istisna beynəlxalq müqavilələrə uyğun olaraq sülhməramlı missiyalarda iştirakdır.
Azərbaycan tərəfindən “işğal edildiyi” iddia olunan Ermənistan əraziləri mövzusuna toxunan Paşinyan əvvəllər dəfələrlə səsləndirdiyi fikri təkrarlayaraq bildirib ki, bu məsələ sərhədlərin delimitasiyası və demarkasiyası nəticəsində həll olunacaq. O, həmçinin bəyan edib ki, Ermənistan müharibəyə hazırlaşmır, çünki müharibə olmayacaq: “İrəvanla Bakı arasında sülh artıq bərqərar olub və bu sülh təhlükəsizliyin ən etibarlı təminatıdır”.
Qeyd etmək lazımdır ki, N.Paşinyan ənənəvi olaraq ordu günündən siyasi mesajlar vermək üçün istifadə edir və bu il də istisna olmadı. Onun yenidən KTMT-ni hədəfə alması və 2022-ci ilin sentyabr hadisələri zamanı təşkilatın Ermənistana dəstək göstərmədiyini iddia etməsi həm faktlar, həm də onun son illərdə səsləndirdiyi bəyanatlarla müqayisədə müəyyən qədər ziddiyyətli görünür. Çünki Ermənistan tərəfi 2022-ci il sentyabrın 12–14-də baş vermiş toqquşmaları “Azərbaycanın Ermənistana qarşı hücumu” kimi təqdim etməyə çalışsa da, reallıq tamamilə fərqli idi. İkinci Qarabağ müharibəsinin başa çatmasını rəsmiləşdirən 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan sonra qeydə alınmış ən böyük silahlı qarşıdurma Ermənistan silahlı qüvvələrinin Daşkəsən, Kəlbəcər və Laçın rayonları istiqamətində genişmiqyaslı təxribatları fonunda baş vermişdi. Ermənistan bölmələri Azərbaycan Ordusunun mövqeləri ilə təchizat yolları arasındakı əraziləri minalamış, bu isə birbaşa hərbi təhlükə yaratmışdı. Azərbaycan Ordusu bu hərəkətlərin qarşısını almaq üçün tədbirlər görməyə məcbur qaldı və nəticədə qarşıdurma yaşandı.
Ən vacib məqam ondan ibarətdir ki, həmin döyüşlər Azərbaycanın dünya birliyi tərəfindən tanınmış suveren ərazilərində baş verib. Bu halda KTMT-nin prosesə cəlb olunması nə hüquqi, nə də siyasi baxımdan əsaslı idi. Əgər Paşinyanın iddia etdiyi kimi, Azərbaycan Ordusu Ermənistanın suveren ərazilərinə hücum etsəydi, o zaman KTMT çərçivəsində müzakirələr aparılması mümkün olardı. Lakin faktiki vəziyyət bunu təsdiqləmir. Buna baxmayaraq, Paşinyan hələ də KTMT-ni təqsirləndirməklə baş vermiş hadisənin məsuliyyəti üzərindən atmağa çalışır. Baş nazirin çıxışında diqqət çəkən digər ziddiyyət onun silahlanma ilə bağlı söylədikləridir. Paşinyan etiraf edir ki, uzun illər Ermənistan silah ala bilməyib, çünki tərəfdaşlar bu silahların Qarabağda yerləşdiriləcəyindən və ya KTMT-nin nəzarətinə keçəcəyindən ehtiyat ediblər. Bu etiraf əslində onu göstərir ki, rəsmi İrəvan illər boyu öz üzərinə götürdüyü öhdəliklərə sadiq olmayıb və tərəfdaşların etimadını itirib. Belə bir vəziyyətdə KTMT-ni birtərəfli qaydada təqsirləndirmək də məntiqli görünmür.
Paşinyan Praqa Bəyannaməsini və KTMT-də üzvlüyün dondurulmasını böhrandan çıxış yolu kimi təqdim edir. Maraqlıdır ki, məhz Azərbaycanın ərazi bütövlüyünün tanınmasından sonra bölgədə vəziyyət mərhələli şəkildə sabitləşməyə başladı. Bu isə onu göstərir ki, Paşinyanın sülh gündəmini qəbul etməsi könüllü siyasi seçimdən çox, Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsindən ta antiterror tədbirləri də daxil olmaqla 2023-ci ilin sentyabrınadək apardığı əməliyyatların yaratdığı reallıqların nəticəsi idi. Onun “Ermənistan silahlı qüvvələrinin ölkə hüdudlarından kənarda heç bir vəzifəsi yoxdur və olmayacaq” fikri isə İrəvanın təhlükəsizlik siyasətində yanaşma dəyişikliyini əks etdirir. Baş nazir faktiki olaraq etiraf edir ki, ölkə uzun illər regional reallıqlara uyğun olan hərbi doktrina formalaşdıra bilməyib. Silahlı qüvvələrin yalnız ölkə hüdudları daxilində fəaliyyət göstərəcəyi barədə bəyanat əvvəlki illərdə aparılan avantürist siyasətdən geri çəkilmə kimi görünür. Bu yanaşma, eyni zamanda, hərbi ritorikadan tam imtina edildiyini də dolayısı ilə təsdiqləyir. Paşinyan bununla beynəlxalq tərəfdaşlara Ermənistanın gələcəkdə bölgədə gərginlik yaratmaq niyyətində olmadığını göstərməyə çalışır. Digər tərəfdən, sülhməramlı missiyalarla bağlı istisna İrəvanın Qərb strukturları ilə əməkdaşlıq kanallarını açıq saxlamaq istəyindən xəbər verir.
Bu gün Paşinyan bir tərəfdən müharibə olmayacağını, sülhün ən etibarlı təhlükəsizlik zəmanəti olduğunu deyir, digər tərəfdən isə hələ də keçmiş müttəfiqləri ilə açıq qarşıdurma ritorikasını davam etdirir. Halbuki sülhə gedən yol ziddiyyətli açıqlamalarla deyil, faktların qəbul edilməsi və məsuliyyətli siyasətlə mümkündür. Ermənistanın təhlükəsizliyi üçün real təminat xarici havadarlara ümid bağlamaq yox, qonşularla normal münasibətlər qurmaqdır. Paşinyanın əsas problemi isə ondan ibarətdir ki, o, bu həqiqəti çox gec qəbul etsə də, hələ də bunu açıq şəkildə etiraf etməkdən çəkinir.
Mövzu ilə bağlı politoloq Ramiyə Məmmədova XQ-yə açıqlamasında Paşinyanın ordu günü münasibətilə səsləndirdiyi fikirlərin birmənalı olmadığını bildirdi. Onun sözlərinə görə baş nazir KTMT-ni hədəfə almaqla həm daxili narazılığı yumşaltmağa, həm də keçmiş hərbi uğursuzluqlara görə məsuliyyəti üzərindən atmağa çalışır: “2022-ci ilin sentyabr toqquşmaları Ermənistan rəhbərliyinin yanlış hesablamalarının nəticəsi idi və bu hadisələri hansısa xarici təşkilatın üzərinə yıxmaq reallığı dəyişmir. Digər tərəfdən İrəvan uzun müddət təhlükəsizlik məsələlərində müttəfiqlərindən fərqli gözləntilər formalaşdırıb”.
Ekspert onu da bildirdi ki, Paşinyanın çıxışı bir qədər ziddiyyətlidir: “O, bir tərəfdən sülhün bərqərar olduğunu deyir, digər tərəfdən hələ də qarşıdurma ritorikası saxlanılır. Ümumən, Paşinyanın siyasəti hələ də axtarış mərhələsindədir və aydın strateji çərçivə formalaşmayıb”.
Səxavət HƏMİD
XQ