AZ

Yaxın Şərqə açılan yeni əməkdaşlıq qapısı

Azərbaycan – İordaniya münasibətləri yeni mərhələyə qədəm qoyub

Yanvarın 27-də Azərbaycanın İordaniyadakı səfiri Şahin Abdullayev bu ölkənin Baş nazirinin müavini və xarici işlər naziri Ayman əs-Səfadi ilə ikitərəfli əlaqələrin gələcək perspektivlərini müzakirə edib. Onu da qeyd edək ki, Prezident İlham Əliyev 6 yanvar tarixli fərmanı ilə 2025–2027-ci illər üçün Azərbaycan–İordaniya İcraedici Əməkdaşlıq Proqramını təsdiqləyib.

Sənəd ötən ilin noyabrında Bakıda keçirilən 4-cü Hökumətlərarası Komissiyanın iclasında imzalanmış və elm, təhsil, mədəniyyət, gənclər, idman, arxeologiya, səhiyyə və media sahələrini əhatə edir. İclasda, həmçinin gömrük sahəsində qarşılıqlı inzibati yardım haqqında saziş, eləcə də turizm və sahibkarlığın inkişafına yönəlik bir sıra sənədlər imzalanıb. Bu razılaşmalar iki ölkə arasında iqtisadi əlaqələrin institusional əsaslarını möhkəmləndirməklə yanaşı, praktiki əməkdaşlıq üçün yeni mexanizmlər formalaşdırır.

İki ölkə arasında enerji sektoru üzrə əməkdaşlığının genişləndirilməsi də gündəmdədir. Yanvarın əvvəlində İordaniyanın energetika və faydalı qazıntılar naziri Saleh Ali əl-Xarabşeh və səfir Şahin Abdullayev bu sahəyə dair layihələri müzakirə ediblər. Eyni zamanda, rəqəmsal iqtisadiyyat və innovasiya sahəsində əməkdaşlıq imkanları da müzakirə olunub.

Hərbi-siyasi istiqamətdə də əlaqələr möhkəmlənməkdədir. 2024-cü ilin aprelində Azərbaycanın Müdafiə naziri Zakir Həsənov ilə İordaniya Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general-mayor Yusif Əhməd Al-Hnaiti arasında Ammanda keçirilən görüşdə hərbi əlaqələr müzakirə edilib. Görüşdə vurğulanıb ki, Azərbaycan–İordaniya hərbi əməkdaşlığı nümunəvidir və bu sahədə bir-birinin təcrübəsindən geniş istifadə edilir. Tərəflər terrorizmə qarşı mübarizədə məsləhətləşmələrin davam etdirilməsi, birgə təlimlər keçirmək və hərbi konseptlərin uyğunlaşdırılması barədə razılığa gəliblər.

Azərbaycan–İordaniya əməkdaşlığının genişlənməsi ölkəmizə bir sıra strateji üstünlüklər vəd edir: yeni sazişlər ticarət və investisiya əlaqələrinin artmasına şərait yaradır, enerji, informasiya texnologiyaları və turizm sahələrində sahibkarlıq imkanlarını genişləndirərək qeyri-neft ixracının şaxələndirilməsinə töhfə verir. İordaniya Haşimilər Krallığının Kralı II Abdullah ibn Al Hüseynin mənsub olduğu Haşimilər sülaləsi İslam dünyasında xüsusi çəkiyə malikdir. Bu nüfuz Azərbaycan üçün beynəlxalq arenada (BMT, İslam Əməkdaşlıq Təşkilatı) mühüm dəstək deməkdir. Həmçinin Prezident İlham Əliyev və Kral II Abdullah arasındakı illərə dayanan şəxsi dostluq və qarşılıqlı etimad əməkdaşlığı strateji səviyyəyə qaldıran əsas amildir. İordaniyanın Azərbaycanın ərazi bütövlüyünü hər zaman qətiyyətlə müdafiə etməsi bu dostluğun real təcəssümüdür.

Beləliklə, rəsmi İordaniya ilə strateji əməkdaşlığın genişləndirilməsi Azərbaycana həm iqtisadi, həm siyasi, həm də təhlükəsizlik sahələrində faydalar gətirə bilər. Rəsmi Bakının Yaxın Şərqdəki müstəqil və balanslaşdırılmış siyasəti bu cür əməkdaşlığı daha da əlverişli edir. Yeni imzalanan proqramlar və sənədlər göstərir ki, tərəflər qarşılıqlı maraqları birgə həyata keçirmək niyyətindədirlər. Gələcəkdə bu əməkdaşlıq regional sabitliyi gücləndirə, iqtisadi inteqrasiyanı dərinləşdirə və hər iki ölkənin inkişafına töhfə verə bilər.

Ceyhun MƏMMƏDOV,
Milli Məclisin deputatı, Azərbaycan–İordaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü

Öncə qeyd etmək lazımdır ki, qarşılıqlı görüşlərin keçirilməsi olduqca əhəmiyyətlidir. Çünki belə təmaslar ölkələrimiz arasında münasibətlərin daha da möhkəmlənməsinə töhfə verir. Bildiyiniz kimi, bu gün Azərbaycanla İordaniya arasında müxtəlif sahələr üzrə əməkdaşlıq və davamlı təmaslar mövcuddur. İki ölkənin liderləri arasında da qarşılıqlı dostluq münasibətləri formalaşıb. Müxtəlif illərdə İordaniya prezidentinin Azərbaycana rəsmi səfərləri həyata keçirilib. Parlament sədrləri və digər yüksəksəviyyəli nümayəndə heyətləri qarşılıqlı səfərlərdə olublar.

Ümumilikdə, Azərbaycanın xarici siyasətində ərəb ölkələri ilə münasibətlərin inkişafı prioritet istiqamətlərdən biridir və bu əlaqələrin dərinləşdirilməsi bizim üçün xüsusi əhəmiyyət daşıyır. Azərbaycan müsəlman ölkəsi olaraq müstəqilliyinin ilk illərindən etibarən İslam və ərəb dünyası ilə əlaqələrin inkişafında maraqlı olub və bu istiqamətdə hər zaman ardıcıl siyasət yürüdüb. Bu münasibətlərin gücləndirilməsi dövlətlərarası əlaqələrə müsbət yön və ciddi töhfələr verir.

Hesab edirəm ki, mövcud təmaslar və keçirilən görüşlər nəticəsində əlaqələrimiz daha da inkişaf edəcək, möhkəmlənəcək və qarşıdakı illərdə yeni keyfiyyət mərhələsinə qədəm qoyacaq. İordaniya ərəb dünyasında özünəməxsus mövqeyi və rolu olan ölkələrdən biridir, daxili inkişaf proseslərini ardıcıl şəkildə davam etdirir. Bu baxımdan, diplomatik görüşlərin Azərbaycan–İordaniya münasibətlərinin daha da irəli aparılmasına, əməkdaşlığın genişlənməsinə töhfə verəcəyinə əminəm.

Elçin MİRZƏBƏYLİ,
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü

2025-ci il noyabrın 27-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş” iqtisadi münasibətlərin hüquqi bazasını gücləndirən sənəd hesab oluna bilər. Bu saziş təkcə ticarət dövriyyəsinin asanlaşdırılmasını deyil, həm də transmilli cinayətkarlığa qarşı birgə mübarizəni hədəfləyir. Sazişin əsas iqtisadi qayəsi malların idxalı və ixracı zamanı gömrük rüsumlarının və digər vergilərin düzgün qiymətləndirilməsini təmin etməkdir.

Sənəddə təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirilir. Bu xüsusda gömrük orqanları "həssas malların" qanunsuz dövriyyəsi barədə bir-birini operativ məlumatlandırmalıdırlar. Bu sıraya odlu silahlar, hərbi texnika və kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən materiallar, narkotik, psixotrop maddələr və onların istehsalında istifadə olunan prekursorlar, strateji əhəmiyyətli xammallar və tarixi-arxeoloji dəyəri olan predmetlər, ətraf mühit və əhalinin sağlamlığı üçün təhlükəli maddələr, habelə nəsli kəsilməkdə olan flora və fauna növləri daxildir.

Sazişdə hüquqpozmalara qarşı mübarizədə müasir və səmərəli metodların tətbiqi nəzərdə tutulur. Xüsusilə "Nəzarətli göndəriş" metodundan istifadə edilməsi cinayətkar şəbəkələrin tam ifşası üçün geniş imkanlar yaradır. Həmçinin mallar və nəqliyyat vasitələri gömrük sərhədinə çatmazdan əvvəl onlar barədə elektron üsulla ilkin məlumat mübadiləsinin aparılması nəzərdə tutulur ki, bu da gömrük rəsmiləşdirilməsini sürətləndirir. Əməkdaşlıq zamanı ötürülən məlumatların məxfiliyi sazişin ayrılmaz hissəsidir. Fərdi məlumatlar yalnız milli qanunvericiliyə uyğun olaraq və ekvivalent mühafizə səviyyəsi təmin edildiyi halda ötürülə bilər.

Bütövlükdə bu saziş Azərbaycan və İordaniyanın gömrük orqanları arasında birbaşa əlaqələrin qurulmasını, texniki yardımın göstərilməsini və qabaqcıl təcrübənin mübadiləsini təmin edir. Sənədin icrası hər iki ölkənin gömrük ərazisində iqtisadi təhlükəsizliyin güclənməsinə və ticarət mühitinin saflaşmasına xidmət edəcək. “Azərbaycan Respublikası Hökuməti ilə lordaniya Haşimilər Krallığı Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş”in təsdiqi barədə qanun layihəsinin Milli Məclisin yaz sessiyasının ilk iclasında müzakirəyə çıxarılması gözlənilir.

Tacir SADIQOV
XQ

Seçilən
8
xalqqazeti.az

1Mənbələr