AZ

ÜST məktəblilər üçün qlobal qida standartlarını elan edib

Bakı, 29 yanvar, AZƏRTAC

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məktəblərdə sağlam və balanslı qidalanma üzrə ilk qlobal qaydalarını dərc edib.

AZƏRTAC xəbər verir ki, ÜST yeni qaydalarda məktəblərdə sağlam qidalanmanın uşaqlara ömür boyu davam edən uyğun vərdişlərin inkişafına kömək etdiyini vurğulayır.

“Uşaqların məktəbdə aldığı qida və onların qidalanma davranışlarını formalaşdıran mühit təlim keyfiyyətinə əhəmiyyətli dərəcədə təsir göstərə, azyaşlıların sağlamlığı və rifahı üçün uzunmüddətli nəticələrə səbəb ola bilər”, - deyə ÜST-nin Baş direktoru Tedros Adhanom Gebreyesus bildirib.

Uşaqlar arasında artıq çəki və piylənmə nisbəti qlobal miqyasda artmaqdadır, qida çatışmazlığı isə ciddi problem olaraq qalır. 2025-ci ildə uşaqlıq dövründə piylənmənin qlobal miqyasda nisbəti ilk dəfə olaraq çəki çatışmazlığını keçib.

Keçən il məktəb yaşlı uşaq və yeniyetmələrin təxminən hər on nəfərindən biri piylənmiş, beş nəfərdən biri və ya 391 milyon məktəbli artıq çəkidən əziyyət çəkirdi. Bundan əlavə, ÜST-nin son hesabatında dünyada 800 milyondan çox insanın, eləcə də hər altı hamilə qadından birinin diabetdən əziyyət çəkdiyi göstərilib.

2025-ci ilin oktyabr ayından bəri ÜST-nin 104 üzv dövləti sağlam məktəb yeməkləri ilə bağlı siyasət tətbiq etmişdi, lakin təşkilatın məlumatına görə, yalnız 48 ölkə şəkər, duz və ya sağlam olmayan yağlarla zəngin qidaların marketinqinə məhdudiyyətlər qoyub.

Günün əhəmiyyətli bir hissəsini məktəbdə keçirən milyonlarla uşaq üçün qidalanma mühiti onların gələcək yemək vərdişlərini formalaşdırır. ÜST rəhbəri vurğulayıb: “Məktəbdə düzgün qidalanma gələcək xəstəliklərin qarşısının alınmasında və daha sağlam yetkin əhalinin formalaşmasında əsas amildir”.

ÜST uşaqlar üçün sağlam qidaların və içkilərin mövcudluğunu artırmağı, eyni zamanda sağlam olmayan qidaların miqdarını azaltmağı tövsiyə edir. Bu, qidalarda şəkərin, zərərli yağların və duzun miqdarını azaltmaqla yanaşı, tam taxıl, meyvə, qoz-fındıq və paxlalı bitkilərin nisbətini artırmaq deməkdir.

Yeni pəhriz tövsiyələrini həyata keçirmək üçün Ümumdünya Səhiyyə Təşkilatı ölkələrə texniki yardım göstərəcək, biliklərini bölüşəcək və digər əməkdaşlıq formalarını inkişaf etdirəcək.

Seçilən
25
1
azertag.az

2Mənbələr