AZ

Aztəminatlılara dövlət dəstəyi genişlənir

ain.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Ölkəmizin sosial müdafiə sisteminin mühüm komponentlərindən biri sosial xidmətlərdir. Son illərdə Prezident İlham Əliyevin tapşırıqları əsasında həssas qrupların, xüsusi qayğıya ehtiyacı olan şəxslərin sosial xidmətlərlə təminatı da daim genişlənir.

Müsahibimiz Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov bildirdi: “Agentlik 6 ilə yaxındır ki, sosial xidmətə ehtiyacı olan şəxslərə xidmət göstərir, onların sosial müdafiəsi və rifahının yaxşılaşdırılması, habelə övladlığagötürmə və himayədar ailə ilə bağlı dövlət siyasətinin və tənzimləmənin həyata keçirilməsi istiqamətində fəaliyyətini davam etdirir. Fəaliyyət istiqamətlərimizə uyğun olaraq vətəndaşlarımıza səyyar, stasionar və yarımstasionar formada sosial xidmətlər göstəririk”.

– Sosial Xidmətlər Agentliyi tərəfindən həyata keçirilən sosial dəstək tədbirləri barədə məlumat verməyinizi xahiş edirəm.

– Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun möhtəşəm Zəfərlə başa vurduğu 44 günlük Vətən müharibəsindən sonra da həssas əhali qruplarından olan vətəndaşlarımızın sosial müdafiəsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Bu tədbirlərin əhəmiyyətli bir istiqaməti isə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin dövlət qayğısı ilə əhatə olunmasıdır. Dövlət başçısının göstərişi ilə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil təminatı proqramı 5 dəfə genişləndirilib. Belə ki, postmüharibə dövründə müvafiq kateqoriyadan olan vətəndaşlarımıza 7 mindən çox, ümumilikdə isə ötən illər ərzində 16 min mənzil və fərdi ev təqdim olunub. Proses bu gün də davam etdirilir.

Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin minik avtomobilləri ilə təminatı da əsas dəstək istiqamətlərimizdəndir. Ötən dövrdə bu kateqoriyadan olan vətəndaşlara ümumilikdə 7700 avtomobil təqdim edilib ki, onlardan 567-si postmüharibə dövrünə təsadüf edir.

– Geridə qoyduğumuz il ərzində sosial proqramlar sahəsində hansı nəticələr əldə olunub? Sanatoriya-kurort müalicəsi və şəhid ailəsi üzvlərinin vəsiqə ilə təminatında statistik göstəricilər barədə danışardınız.

– 2025-ci il ərzində şəhid ailəsi üzvləri, Vətən müharibəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, əlilliyi olan uşaqlar, həmçinin Çernobıl AES-də baş verən qəza ilə bağlı əlilliyi olan şəxslər də daxil olmaqla, ümumilikdə, 1619 nəfər sanatoriya-kurort yollayışı ilə təmin olunub və xəstəliklərinə uyğun müalicə müəssisələrinə göndərilib. Bu proses mütəmadi olaraq növbəlilik əsasında davam etdirilir. Eyni zamanda, şəhid ailəsi üzvünün vəsiqəsinin hazırlanması da Agentliyin fəaliyyət istiqamətlərindəndir. 2025-ci ildə iki mindən çox vəsiqə hazırlanaraq regional filiallar və DOST mərkəzləri vasitəsilə təqdim edilib. Ümumilikdə isə bu günədək 17 mindən çox şəhid ailəsi üzvü vəsiqə ilə təmin olunub.

– Stasionar sosial xidmətlər də fəaliyyətinizin mühüm istiqamətidir. Agentliyin tabeliyində olan müəssisələrdə hansı işlər görülür?

– Hazırda Agentliyin tabeliyində 21 sosial xidmət müəssisəsi fəaliyyətini davam etdirir. 2025-ci ildə Agentliyin bu sosial xidmət müəssisələrində ümumilikdə, 3308 nəfərə xidmət göstərilib. Onlardan 2826 nəfər stasionar, 482 nəfər isə yarımstasionar xidmətlərlə əhatə olunub. Bu müəssisələrə əlilliyi olan uşaqlar üçün müəssisələr, psixonevroloji sosial xidmət müəssisələri, Ahıl şəxslər üçün sosial xidmət müəssisəsi, Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzi, İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi, uşaq evləri və digərləri daxildir. Bütün müəssisələrimizdə davamlı olaraq müasir standartlara uyğun xidmətin təşkili istiqamətində addımlar atılır.

Hazırda uşaq evlərində ailə mühitinə yaxın alternativ qayğı modelinə keçid istiqamətində ciddi işlər aparılır. Artıq 1 saylı Uşaq evi sosial xidmət müəssisəsi ailə tipli kiçik qrup evi modelinə transformasiya olunur. Digər müəssisələrimizdə də reabilitasiya xidmətlərinin təkmilləşdirilməsi istiqamətində işlər görülür. Sakinlər üçün fərdi qayğı planlarının təkmilləşdirilməsi, xidmətlərə dair innovativ yanaşmaların tətbiq olunması məqsədilə müvafiq tədbirlər həyata keçirilir.

– Sosial Xidmət Mərkəzlərinin fəaliyyəti barədə nə deyə bilərsiniz? Bu sahədə hansı yeniliklər planlaşdırılır?

– 2021-ci ildən fəaliyyət göstərən İxtisaslaşmış Sosial Xidmət Mərkəzləri vətəndaşlarımıza yarımstasionar formada xidmətlərlə təmin edir. Hazırda bu mərkəzlərimiz Abşeron, Sabunçu, Nərimanov, Yasamal, Sumqayıt və Ağdamda yerləşir. Ötən il ən son Ağdamda yeni mərkəz istifadəyə verilib. Hacıqabul, Göyçay, Xəzər və Xətai rayonlarında daha 4 mərkəzin açılmasilə də mərkəzlərin sayı 10-a çatacaq. Bu mərkəzlərdə uşaqlara fərdi və qrup şəklində sosial-reabilitasiya xidmətləri göstərilir, valideynlər üçün maarifləndirici təlimlər təşkil olunur. İl ərzində 672 nəfər bu xidmətlərdən yararlanıb ki, onların 622-si uşaqlardır.

– Agentliyin digər bir əhəmiyyətli layihəsi barədə danışaq. “Təhsildə sosial iş” xidməti ötən il hansı nəticələrlə yadda qalıb?

Bu layihənin məqsədi uşaqların sosial müdafiəsinin gücləndirilməsi və risk altında olan məktəblilərə vaxtında dəstək göstərilməsidir. 2025-ci ildə sosial işçilərimiz ümumilikdə 685 məktəbə səfər edib və əməkdaşlıq edilən məktəblərin sayı 1140-a çatıb. Aparılan qiymətləndirmələr nəticəsində 133 uşağın dərsə davamiyyəti bərpa olunub. Bəzi uşaqlar fərdi təhsilə yönləndirilib, bəziləri isə müvafiq reabilitasiya xidmətlərinə cəlb olunub.

– Valideyn himayəsindən məhrum olmuş uşaqlarla bağlı hansı uğurlar əldə edilib?

– Bildiyiniz kimi, 1 noyabr 2019-cu ildən etibarən övladlığagötürmə sahəsində idarəetmə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə olunub. Bu fəaliyyət təkmilləşdirilərək yeni müasir idarəetmə mexanizmi yaradılıb, övladlığagötürmə prosesinin əlçatanlığı, operativliyi və şəffaflığı təmin olunub.

2023-cü ilin noyabrından Azərbaycanda himayədar ailə institutunun tətbiqinə də başlanıb. “Himayədar ailə” qayğı modeli uşaqlara qayğının dünyada geniş yayılmış nümunələrindən biridir. Bu model valideyn himayəsindən məhrum olmuş uşaqların qısa və ya uzun müddət ərzində dövlət nəzarəti altında ödənişli əsaslarla ailə mühitində böyüməsini və inkişafını təmin edir. Eyni zamanda, “Himayədar ailə” qayğı modelinin məqsədi valideyn himayəsindən məhrum olmuş uşaqların müəssisələrə düşməsinin qarşısının alınmasıdır. Hər iki xidmətlə bağlı “Valideyn himayəsindən məhrum olmuş uşaqlar, himayədar ailə və övladlığagötürmə” altsistemində qeydiyyatdan keçməklə müraciət edilir.

Bu istiqamət Agentliyin fəaliyyətində xüsusi yer tutur. 2025-ci ildə 149 uşaq övladlığa verilib, 40 uşaq isə himayədar ailələrə yerləşdirilib. Ümumilikdə 2019-cu ildən bu günədək 818 uşaq övladlığa götürülüb. Eyni zamanda, uşaqların müəssisələrə düşməsinin qarşısının alınması məqsədilə 975 uşaq üçün Fərdi İnkişaf Planı hazırlanıb. Sevindirici haldır ki, 176 valideyn himayəsindən məhrum olmuş uşaq müəssisələrdən yenidən ailə mühitinə qaytarılıb.

– Son olaraq, agentliyin gələcək planları və nəzərdə tutulan layihələr barədə danışardınız.

– İstər indiyədək həyata keçirdiyimiz tədbirlərdə, istərsə də qarşıdakı dövr üçün müəyyən etdiyimiz hədəflərdə əsas prioritetimiz xüsusi qayğıya ehtiyacı olan vətəndaşların sosial xidmətlərlə vaxtında və fasiləsiz şəkildə təmin olunmasıdır. Bu xidmətlərin daha keyfiyyətli və hər kəs üçün əlçatan olması istiqamətində ardıcıl işlər aparırıq.

2026-cı ildə də mənzil təminatının davam etdirilməsi, sosial xidmət mərkəzlərinin sayının artırılması, sosial sifariş əsasında icra olunan layihələrin əhatə dairəsinin genişləndirilməsi, eləcə də yeni tərəfdaşlıqların qurulması əsas hədəflərimiz sırasındadır. Bu addımlar həssas əhali qruplarına aid vətəndaşların sosial rifahının yüksəldilməsinə, onların sosial adaptasiyasına və cəmiyyətə daha fəal inteqrasiyasına xidmət edir.

Hazırladı:Mustafa KAMALXQ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
1
xalqqazeti.az

2Mənbələr