AZ

“Vətəni sevmək imandandır” fikri ilə yaddaşlarda qalan şəhidimizin doğum günüdür - QHT sədrinin kitabından

Tarixi yenidən yazan, bizə zəfər sevincini yaşadan qəhrəmanlarımız tərəddüd etmədən ən dəyərli və şirin nemət olan canlarından keçiblər. Biz həm cəmiyyət, həm də fərd olaraq onlara borcluyuq. Qəhrəmanlarımız haqqında məlumatları bir yerə toplamaq və daim yeniləmək bizim vəfa borcumuzdur.

Azərbaycanın ərazi bütövlüyü, azadlığı uğrunda fədakarlıq göstərən və bu müqəddəs yolda şəhidlik zirvəsinə yüksələn hər bir soydaşımız bizim üçün qiymətlidir. Bu gün belə fədakar, cəsur insanlardan biri olan Əmir Kazımovdan söhbət açırıq.

Şəhidimizin anası Xuraman xanım övladının uşaqlıq dövrünə nəzər salır: “Əmir 1998-ci ilin yanvarın 29-da dünyaya gəlib. O, altı yaşında olarkən Şağan qəsəbəsindəki 124 saylı məktəbə gedib. 4 il orada oxuyandan sonra Şüvəlandakı 230 saylı məktəbdə təhsilini davam etdirib. Nümunəvi bir şagird olub. Heç yadımdan çıxmaz. Bir dəfə valideynlər iclasına getmişdim. Elvin müəllim bütün şagirdlərdən narazılıq etdi. Valideynlərə uşaqları ilə bağlı iradlarını bildirdi. Mən çox təəccübləndim. Yalnız Əmirlə bağlı Elvin müəllim çox razılıqla danışdı, hətta digər şagirdlərə nümunə olduğunu göstərdi. Əmirdə ilahi həqiqətə inanmaqla bərabər, güclü mütaliə vərdişləri vardı”.

Əmirdə həm də dənizçi olmaq istəyi, dənizi sevmək eşqi olub. Xuraman xanım Əmirin dənizə olan sevgisindən də danışdı: “Əmirin bibisioğlu Aşur dənizçi idi. Aşurun dəniz haqqında söhbətləri Əmirdə bir coşqu yaratmışdı. O, dənizə, ümumilikdə, təbiətə, torpağa sevgilə yanaşırdı. Bu sevgi idi onu Qarabağa, döyüşə aparan güc idi. Mən bir ana kimi 2020-ci il sentyabrın 29-da Əmiri cəbhəyə cəsur əsgər kimi yola saldım”.

Söhbəti Əmirin atası İlham Kazımov davam etdirir: “Oktyabrın 5-dən sonra bizim Əmirlə əlaqəmiz kəsilmişdi. Sonuncu dəfə, həmin gün o, bizə zəng etdi. Mənimlə və anası ilə danışdı. Narahat idi. Elə bil vidalaşırdı. Bizə özümüzü qorumağı, möhkəm olmağı tapşırdı. Mən dedim ki, oğlum, sən odun-alovun içindəsən, özündən muğayat ol. Sən özünü qoru. Həmin vaxtdan bizimlə əlaqə kəsildi. Sonradan bildik ki, itkin düşüb. Mən onu çox axtardım. Demək olar ki, bütün ünvanlara müraciət etdim. Lakin xəbər yox idi. Bu axtarış müharibə bitəndən sonra da davam edərək, demək olar ki, 52 gün çəkdi. Sonradan biz öyrəndik Əmir 2020-ci ilin oktyabrın 10-da ağır döyüşlər zamanı şəhid olub. Nəşi neytral ərazidə qalmışdı. Yalnız 26 noyabrda onun cənazəsi Xəzər rayonunun Şağan qəsəbəsinə gətirildi. Noyabrın 27-də dəfn edildi. Əmir uşaqlıqdan imanlı, vətənpərvər idi. Onun kiçik toy məclisində masabəyinin ona “Əsgər gedəcəksənmi?” sualına altı yaşlı Əmir çox qısa cavab vermişdi: “Vətəni qorumaq üçün əsgər gedəcəyəm və erməni bizim düşmənimizdir”. Əmir öz uşaq andına, sözünə sadiq qaldı. Vətəni qorudu, bu yolda şəhid oldu. Biz Əmiri cəbhəyə yola salanda o, düşündürücü bir söz demişdi: “Mənim gedişim kimi, dönüşüm də möhtəşəm olacaq”. O zaman biz bu ifadələrə fikir vermədik. Amma bu gün düşünürük, həqiqətən də Əmirin dediyi kimi də oldu”.

Şəhidimizin kiçik bacısı Fatimə fikirlərini bölüşür: “Əmirlə mənim aramda 7 yaş fərqi olsa da, bizim çətinliyimiz olanda ona müraciət edərdik. Dərslərimizdə bizə kömək edirdi. İslami dəyərləri gözəl bildiyi kimi, güclü mütaliəsi də vardı. Biz ondan həm dinimizlə bağlı çox şey öyrəndik, həm də onun kitaba olan sevgisi bizim də mütaliəyə marağımızı yüksəltdi. Kitab sevgisi tükənməz idi. Əmirin kiməsə acı söz dediyini, narazılığını görməmişik. Çox zarafatcıl idi, daim üzü gülərdi. Əmir şən, mehriban və bizə yaxşı qardaş olub. Gülərüzlü olması şəkillərindən də görünür. O, qəhrəmandır. Qardaşımla fəxr etmişik, ömrümüzün sonuna qədər də fəxr edəcəyik...”.

Əmir İlham oğlu Kazımov 29 yanvar 1998-ci ildə Xəzər rayonunun Şağan qəsəbəsində dünyaya göz açıb. 2016 – 2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olub. Ağdam rayonunda yerləşən “N” saylı hərbi hissədə xidmət edib. 2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlayanda Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirən zaman şəhid olub. O, “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə tətif edilib. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

 

Mənbə: Əkrəm Bəydəmirlinin "Qəhrəmanlıq tariximiz nəsillərə örnəkdir" kitabı

Seçilən
4
qht.az

1Mənbələr