AZ

Virus infeksiyası fəallaşır

Yoluxma 15-20 gün davam edir

Hazırda yalnız ölkəmizdə deyil, digər dövlətlərdə də virus infeksiyasına yoluxmada kəskin artım müşahidə olunur. Yayılan məlumatlarda xəstəliyin müalicəyə tez tabe olmadığı barədə də xəbərlər dolaşır. Ölkəmizdə yalnız paytaxtda deyil, həm də bölgələrdə virus infeksiyasına yoluxmaların sürətli gedişatı insanlarda haqlı olaraq ciddi narahatlıq doğurur.

Bəzi əcnəbi mütəxəssislər bu infeksiyanın “Tridemiya” etiologiyalı olduğunu iddia edir. Yəni yoluxmaya səbəb, insanın, eyni zamanda, 3 fərqli virusun – koronavirus, qrip və kəskin respirator virus infeksiyasının birgə hücumuna məruz qalmasıdır. Səhiyyə eksperti, tibb elmləri doktoru Musa Qəniyev yayılan xəbərlərə münasibət bildirir:

– Əslində, bu, tamamilə yanlış fikir və səhv yanaşmadır. Çünki viruslar obliqat parazitdir. “Sahibin hüceyrəsindən kənar” virusda canlılıq əlaməti yoxdur və özünü biopolimer kimi aparır. Virus yalnız düşdüyü canlı hüceyrənin daxilində artıb çoxala bilir. Bu səbəbdən də, patogen viruslara kəskin antaqonistlik xasdır. Yəni virus yoluxdurub sahibləndiyi hüceyrəyə digər patogen virusu heç bir halda buraxmır. Odur ki, konkret şəraitdə yoluxmanı yalnız ən fəal və güclü virus ştammı törədir. Bu səbəbdən, hazırkı infeksiya “Tridemiya” etiologiyalı ola bilməz. Bu aksiomadır.

Yoluxmada kəskin artım bütün yaş qruplarında müşahidə olunsa da, söylənilənlərə görə kütləvilik daha çox məktəbəqədər yaş qrupundan olan uşaqlar və məktəblilər arasındadır. Bu yaş qrupunda xəstəliyə səbəb, kəskin respirator virus infeksiyasıdır (KRVİ adenovirus da daxil olmaqla, 200-dən artıq virusu əhatə edir). Hazırda müşahidə edilən yoluxmalarda dominantlıq edən adenovirusdır.

– Yoluxmanın məktəbəqədər yaş qrupunda yüksək olmasının səbəbi nədir?

– Anadan olduqdan sonra, ilk 6 ayda uşaqlar passiv (anadan alınmış) immunitetə sahib olduğundan adenovirus infeksiyasına yoluxmur. Anadangəlmə immunitet itəndən sonra, uşaqlar 7 yaşa kimi adenovirusun demək olar ki, bütün aktiv serotiplərinə dövrü olaraq yoluxaraq immunitet qazanırlar. Odur ki, məktəbəqədər yaş qrupunda olan uşaqlar ildə 3–4 dəfə virusa yoluxurlar. Əgər həmin uşaqlar körpələr evi–uşaq bağçasına və ya hazırlıq qruplarına gedirlərsə, bu mənzərə daha ciddi şəkil alır, yoluxmaların sayı daha çox olur, il ərzində 10–12 dəfə virus infeksiyasına tutula bilirlər. Yəni bu yaş qrupundan olan uşaqlar arasında virus infeksiyasının daha çox yayılması tamamilə qanunauyğundur.

– Hazırda yoluxmalarda adenovirusun hansı növü daha çox müşahidə edilir?

– Yoluxmaya səbəb olan adenovirusun tipinə gəlincə, öncə onu qeyd etməliyik ki, bu virusun insanda xəstəlik törədə bilən 7 tipi və 88 serotipi vardır. Klinik əlamətlərin izlənməsi infeksiyanın daha çox hallarda mədə-bağırsaq pozulması ilə müşahidə olunduğu, bəzən sarılıq (hepatit) kimi nozoloji vahiq olaraq fərqli yanaşma tələb etdiyini də subut edir. Elə buna görədir ki, son vaxtlar həm də sarılıq xəstəliyinin artması ilə bağlı valideyinlər arasında xüsusi narahatlıq və qorxu yaşanır.

Əvvəla, onu deyək ki, yüngül hepatit əlamətləri, uşaqlarda müxtəlif virus infeksiyalarından sonra, geniş yayılmış adi bir haldır və qorxulu deyildir. Qarında ağrı, qusma, diareya kimi əlamətlər, o cümlədən nadir hallarda da olsa, hətta kəskin hepatit törətmə, yalnız Ad 41 adenovirus serotipinə xasdır. Odur ki, hazırda adenoviruslar ailəsinin Ad 41 serotipin fəallığının yüksək olduğu öz təsdiqini tapır. Müşahidə olunan sarılıq adenovirus mənşəlidir.

Bir faktı xüsusilə qeyd etmək lazımdır ki, məlum yaş qrupunda olan uşaqlar kök, portağal, xurma və sair kimi karotin tərkibli meyvələri çox yedikdə, onların dərisi sarı-çəhrayi rəng ala bilər. Çox vaxt bunu hepatit A ilə qarışdırırlar. Buna “Karotin sarılığı” deyilir. Xəstəlik xüsusi müalicə tələb etmir, həmin meyvələrin qəbulu azaldılan kimi aradan qalxır.

– Professor, hazırda insanları ən çox narahat edən klinik əlamətlərin 1 həftə deyil, 15–20 günə qədər davam etməsidir.

– Bunun səbəbi odur ki, mutatik spesifikliyə görə, orqanizm bu virusları daha gec tanıdığından, özünümüdafiə reaksiyaları ləngiyir. Eyni zamanda, uzun müddət davam edən pandemiyaya görə “immun sisteminin yorğun olmasıdır”. Bundan başqa, yuxarı tənəffüs yollarında davamlı iltihabi proses səbəbindən virus orqanizmdən tam xaric olduğu halda belə, ödem, iltihablı proses və öskürəyin qalması, yüksək bədən temperaturunun neyromediator ehtiyatını tükəndirməsi, eləcə də 2–4 həftə müddətinə davam edən “virus sonu asteniya”dır.

Odur ki, hazırkı virus infeksiyası zamanı yüksək bədən temperaturunun 7 günə qədər, əzginlik və öskürəyin 14–21 gün, hətta daha uzun müddət davam etməsi, tamamilə normal haldır və narahatlıq yaratsa da, heç bir xüsusi təhlükə olmasına əsas vermir. Yoluxma baş verərsə, yalnız bədən temperaturu və su itkisi nəzarətdə saxlanılmaqla, simptomatik müalicə tədbirləri görülməlidir.

Fəsli infeksiyaların kütləvi yayılma tarixi, sivil insan cəmiyyətinin yaranma tarixi qədərdir. Yəni qrip, qızılca və haqqında danışdığımız infeksiyalar həmişə olub və olacaq. Buna görə qorxmaq lazım deyildir. Sadəcə, uşaqlar arasında “Peyvənd təqviminə” uyğun, ardıcıl olaraq vaksinasiya aparılmalıdır. Son olaraq bir daha bildirim ki, hazırda körpə balaların həyatı üçün xüsusi narahatlıq doğuran heç bir təhlükə yoxdur və gözlənilmir.

Hazırda 2026-cı il yanvar ayının ikinci yarısından başlayaraq, xüsusi fəallıq göstərən ştammlar A(H3N2) qrip ailəsinin “superqrip” adlandırılan 3C.2a1b.2a.2a.3a.1 xətti, eləcə də koronavirusun rekombinant NB.1.8.1 ştammı və adenovirusdur. Bunlar fəsli mutasiyaya məruz qalan məlum ştammlardır. Yəni nə yeni, nə də təhlükəli ştammlar deyildir. Bu o demək deyil ki, 1 nəfər bu virusların 3-nə də eyni vaxtda yoluxa bilər. Kim hansı virusa qarşı peyvənd olunubsa, hətta yoluxma baş versə belə, onda xəstəlik yüngül keçir və sağalma tez baş verir.

Zərifə BƏŞİRQIZI
XQ

Seçilən
5
1
xalqqazeti.az

2Mənbələr