AZ

Təbii və faydalı qida sağlamlığın əsasıdır

Müasir dövrdə ürək-damar xəstəlikləri bütün dünyada ölümün əsas səbəblərindən biri olaraq qalır. Bu xəstəliklərin yaranmasında “pis” xolesterin kimi tanınan aşağı sıxlıqlı lipoproteinlərin (ASLP) yüksək səviyyəsi xüsusi rol oynayır. Elmi araşdırmalar isə göstərir ki, bəzən sağlamlığa gedən yol bahalı dərmanlardan deyil, sadə və əlçatan qidalardan keçir.

Almaniyanın Bonn Universitetinin alimlərinin apardığı son tədqiqat bu baxımdan diqqətçəkən nəticələr ortaya qoyub. “Nature Communications” elmi jurnalında dərc olunan araşdırmaya əsasən, yulaf əsaslı qısamüddətli pəhriz orqanizmdə “pis” xolesterinin səviyyəsini nəzərəçarpacaq dərəcədə azalda bilir.

Tədqiqatda 68 könüllü iştirak edib. Onların bir qismi iki gün ərzində demək olar ki, yalnız suda bişirilmiş yulaf sıyığı ilə qidalanıb. Pəhrizə əlavə olaraq az miqdarda meyvə və tərəvəz də daxil edilib. İştirakçılar gün ərzində, təxminən, 300 qram yulaf qəbul ediblər və bu müddətdə adi qidalanma ilə müqayisədə, təxminən, iki dəfə az kalori alıblar. Nəzarət qrupunda olanlar da aşağı kalorili pəhrizə əməl ediblər, lakin onların qidasında yulaf olmayıb.

Analizlər göstərib ki, məhz iki günlük yulaf pəhrizi ən güclü təsiri yaradıb. Eksperimental qrupda olan iştirakçıların LPSL xolesterinin səviyyəsi orta hesabla 10 faiz azalıb. Bundan əlavə, onlar təxminən iki kiloqram çəki itiriblər, arterial təzyiqdə isə cüzi enmə müşahidə olunub. Bu metabolik dəyişikliklər altı həftəyədək davam edib, nəzarət qrupunda isə oxşar dəyişikliklər xeyli zəif ifadə olunub.

Alimlər əlavə bir eksperiment də aparıblar: altı həftə ərzində iştirakçılar kalori məhdudiyyəti olmadan hər gün 80 qram yulaf qəbul ediblər. Lakin bu rejim xolesterin səviyyəsinə yalnız zəif təsir göstərib. Tədqiqat müəlliflərinin sözlərinə görə, yulafın təsir mexanizmi əsasən bağırsaq mikrobiomu ilə bağlıdır. Pəhriz yulafın tərkib hissələrini parçalaya bilən və xolesterin mübadiləsinə təsir edən fenol birləşmələri sintez edən faydalı bakteriyaların artımını stimullaşdırıb.

Eyni zamanda, insulin həssaslığını zəiflədən metabolik proseslərlə əlaqəli mikroorqanizmlərin aktivliyi azalıb. Alimlər vurğulayırlar ki, qısa müddətli, lakin intensiv yulaf pəhrizi xolesterinin azaldılması üçün əlavə, dərmansız üsul kimi istifadə oluna bilər. Bununla belə, bu yanaşma dərman müalicəsini əvəz etmir və daha geniş tədqiqatlara ehtiyac var.

Maraqlıdır ki, yulafın xolesterini azaltmaq xüsusiyyəti əsasən onun tərkibindəki beta-qlükan adlı həll olunan liflə əlaqələndirilir. Bu maddə bağırsaqlarda öd turşularını bağlayaraq xolesterinin sorulmasını azaldır. Mütəxəssislərin fikrincə, gündə təxminən 3 qram beta-qlükan qəbulu belə xolesterin səviyyəsinin azalmasına kömək edə bilər.

Tarixən Avropada yulaf daha çox “kasıbların qidası” kimi tanınıb, lakin müasir elmi tədqiqatlar onu ürək-damar sağlamlığı üçün ən faydalı dənli bitkilərdən biri kimi dəyərləndirir. Bundan əlavə, yulaf qan şəkərinin daha stabil saxlanmasına və uzunmüddətli toxluq hissinin yaranmasına da müsbət təsir göstərir.

Beləliklə, elm bir daha sübut edir ki, sağlamlıq bəzən mürəkkəb reseptlərdə deyil, gündəlik süfrəmizdə tapılan sadə qidalardadır. Yulaf kimi xeyirli bir məhsul düzgün istifadə edildikdə ürəyimizin qoruyucusuna çevrilə bilər.

Əsas məsələ isə balanslı qidalanma, elmi yanaşma və sağlamlığa məsuliyyətli münasibətdir. Sağlam gələcək də məhz bu seçimlərdən başlayır.

A.NURƏNGİZ
XQ

Seçilən
9
1
xalqqazeti.az

2Mənbələr