Hazırda bütün meapolislərdə olduğu kimi, paytaxtımızda da yol-nəqliyyat infrastrukturunun davamlı olaraq genişləndirilməsi ən vacib məsələlərdən biri kimi qarşıda durur. Bu məqsədlə “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı” qəbul olunub.
Bəs ötən bir ildə sənədin icrası necə təmin olunub və bundan sonra hansı layihələrin həyata keçirilməsi nəzərdə tutulur? Bu barədə müvafiq qurumların rəhbər şəxsləri Dövlət Proqramının ötən il üzrə icrasına həsr olunan dəyirmi masada geniş məlumat veriblər.
Alternativ yollar çəkilir
“Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı”nda qeyd edilən avtomobil yolları üzrə layihələrdən 25-i yol infrastrukturunun tikintisi ilə əlaqədardır.
“Hazırda Dövlət Proqramının Tədbirlər Planı çərçivəsində nəzərdə tutulmuş layihələrdən “Bilgəh-Novxanı-VAZ dairəsi-Xırdalan-M4” avtomobil yolunun təqribən 60 faizi tamamlanıb, işlərin 2026-cı ilin sonuna qədər yekunlaşacağı gözlənilir. Bu layihənin davamı olan “VAZ dairəsi-M4 Şamaxı yolu” layihəsində işlərin təqribən 20 faizi tamamlanıb. İnşa işlərinin 2027-ci ildə bitməsi planlaşdırılır”. Bunu dəyirmi masada Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) idarə heyətinin sədri Anar Rzayev bildirib. Onun sözlərinə görə, akademik Həsən Əliyev - “Koroğlu” metrostansiyası” layihəsinin 50 faizi tamamlanıb, 2026-cı ilin ikinci yarısında yekunlaşacağı gözlənilir. “Xaqani Rüstəmov-Ağa Neymətulla” layihəsi üzrə işlərə isə 2025-ci ilin sonunda başlanılıb, 2027-ci ilin sonunda başa çatdırılması planlaşdırılır.
AYNA sədri qeyd edib ki, yeni tunellər yolların buraxıcılıq qabiliyyətini artıracaq. “Xaqani Rüstəmov-Ağa Neymətulla” layihəsi çərçivəsində yeni tunel Ağ şəhər ərazisi, Babək prospekti ilə Heydər Əliyev prospekti və Nərimanov rayonu arasında əlaqəliliyin artırılması məqsədilə inşa edilir. “Tunel “Excelsior” qovşağından yan keçməklə Ağ şəhərdən və Nərimanovdan çıxışı mümkün edəcək. Bu isə şəxsi nəqliyyat istifadəçilərinin yola sərf etdikləri vaxtı qısaldacaq və “Excelsior” qovşağındakı yükü azaldacaq. “Akademik Həsən Əliyev-”Koroğlu” m/st” layihəsi şərq istiqamətində (Aeroport) Bakıya alternativ giriş və çıxışın yaradılmasını nəzərdə tutur. Layihə üzrə yaxın ərazilər arasında əlaqəliliyi artıracaq yeni tunel tikiləcək. Həmçinin Həsən Əliyev küçəsinin Əhməd Rəcəbli və Aşıq Molla Cümə küçələri ilə kəsişmələrində buraxılış qabiliyyəti artacaq.
“Bilgəh-Novxanı-VAZ dairəsi-Xırdalan-M-4” və “VAZ dairəsi-M-4 Şamaxı yolu” layihələri Bilgəhdən və ətraf qəsəbələrdən Sumqayıta və geriyə, həmçinin Xırdalandan Bilgəh və Sumqayıt istiqamətinə Xırdalan dairəsi və Masazır ərazisini keçmədən alternativ yolların yaradılmasını nəzərdə tutan, bir-bir ilə əlaqəli layihələrdir. Eyni zamanda, VAZ dairəsinin yenidən qurulması, M1 və M4 avtomobil yolları arasında əlavə əlaqənin yaradılması Şamaxı, Sumqayıt, Lökbatan, Bilgəh və yaxın ərazilərdən daxil olan və çıxan nəqliyyat axınının Sumqayıt şosesinin yüklənmiş hissələrini yan keçməklə, alternativ yollar vasitəsilə yönləndirilməsinə imkan verəcək”, - deyə Anar Rzayev vurğulayıb.
Bakıda inşa olunacaq ilk tramvay xətti
Dəyirmi masada paytaxtda tramvay xəttinin bərpası ilə əlaqədar işlər görüldüyü bildirilib AYNA rəsmisinin məlumatına görə, ilk inşa olunacaq tramvay xətti Mehdiabad qəsəbəsindən metronun “28 May” stansiyasınadək uzanacaq. Artıq texniki hazırlıq işləri bitib.
Anar Rzayevin sözlərinə görə, layihələndirmədən sonra inşa işlərinə başlanılacaq. “Tikinti işlərini həyata keçirəcək şirkətlər inşa prosesinə başladıqdan 3 il sonra işləri başa çatdıracaqlarına söz veriblər. Marşrut üzrə “Sea Breeze” daxilində, yolun yatağında tramvay üçün yer rezerv edilib ki, növbəti mərhələdə inşa oluna bilsin”, - deyə qurum rəhbəri əlavə edib.
Yeni tikiləcək və yaxud bərpa olunacaq şəhərətrafı dəmiryol stansiyaları
Tədbirdə Bakıətrafı ərazilərdə yeni tikiləcək və bərpa olunacaq dəmiryol stansiyalarının adları da açıqlanıb. Bildirildiyi kimi, Bakıətrafı ərazilərdə dəmiryol nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi məqsədilə Yeni Suraxanı-Hövsan, Bakıxanov-Binə-Qala və Zabrat-Maştağa-Bağlar dəmir yolu xətlərinin bərpası və bu xətlər boyunca mövcud stansiyaların bərpası və yeni stansiyaların inşası nəzərdə tutulur.
Anar Rzayevin sözlərinə görə, 2025-ci ildə adıçəkilən dəmiryol xətləri üzrə yol infrastrukturunun təhlili aparılıb, layihələndirmə işlərinə başlanılıb. “Layihələndirmə işlərinin bəziləri tamamlanıb. Bundan başqa, bərpa olunacaq xətlər boyunca stansiya və dayanacaqlar üzrə optimallaşdırma işləri aparılıb, stansiyaların yerləri müəyyən olunub”, - deyə Anar Rzayev əlavə edib.
AYNA rəhbəri dəmiryolu nəqliyyatının səmərəliliyinə xüsusi diqqət çəkib. O bildirib ki, hazırda Bakı, Sumqayıt şəhərlərində, bütövlükdə Abşeron yarımadasında insanların gediş-gəlişini təmin edən mühüm yollardan biri də Abşeron dairəvi dəmir yolu marşrutudur. Bu marşrut iki xətdən ibarətdir: Bakı-Xırdalan-Sumqayıt və Bakı-Pirşağı-Sumqayıt. Son illərdə marşrutun təkmilləşdirilməsi, eləcə də reys sayının artırılması üzrə əhəmiyyətli tədbirlər görülüb.
Onun sözlərinə görə, dəmir yolu xidmətlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə rəqəmsallaşma tədbirləri həyata keçirilib, bilet satışı onlayn təşkil edilib, mobil tətbiq istifadəyə verilib, stansiya və dayanacaqlarda modernləşdirmə işləri görülüb.
A.Rzayev əlavə edib ki, ötən il Abşeron dairəvi dəmir yolu üzrə daşınan sərnişinlərin sayı həftəiçi gündəlik 36 mindən təqribən 43 minə qədər artıb: “Bu da xidmət keyfiyyətinin artırılmasının, o cümlədən hərəkət cədvəlinin optimallaşdırılması və qatarla təhlükəsiz, rahat və maneəsiz səfərə üstünlük verilməsinin göstəricisidir”, - deyə qurum rəsmisi bildirib.
Bakıda 10 yeni metro stansiyasının tikintisi
“Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı”na uyğun olaraq, uzun illərdən sonra “Dərnəgül” elektrik deposunun inşası davam etdirilib. Anar Rzayevin sözlərinə görə, metronun “28 May” stansiyası ərazisində xətlərin ayrılması layihəsinin əsas tərkib hissəsi olan iki nöqtədə şaxtaların qazıntısına başlanılıb.
“Eyni zamanda, “İçərişəhər” stansiyasından sonra dönmə kamerasının inşası üçün ərazidə aidiyyəti qurumlarla kommunikasiyalar dəqiqləşdirilərək sahə tikinti işlərinə hazır vəziyyətə gətirilib. “Həzi Aslanov” stansiyasının dalan yolunda isə yenidənqurma işləri növbəti mərhələyə çatdırılıb”, - deyə qurum rəhbəri əlavə edib.
AYNA sədri qeyd edib ki, Dövlət Proqramı çərçivəsində 10 yeni stansiyanın tikintisi Bakı metrosu tarixində qısa müddətdə reallaşdırılacaq ən böyük genişlənmə mərhələlərindən biri olacaq. Onun sözlərinə görə, bu stansiyalardan birinin 2026-cı ildə istifadəyə verilməsi nəzərdə tutulur. Ötən ildə B4 layihə adlı stansiyada təmir və tikinti işləri sürətlə davam etdirilib.
Yol hərəkəti təhlükəsizliyini artıran 60 layihə icra edilib
Dövlət Proqramının icrasıı çərçivəsində yol hərəkətinin yenidən təşkili ilə bağlı ümumilikdə 10-dan çox layihə icra olunur. Aktiv mobillik tədbirlərinin həyata keçirilməsi üçün mikromobillik və piyada infrastrukturunun genişləndirildiyini deyən Anar Rzayev hazırda Bakıda mikromobillik zolağının uzunluğunun 60,3 kilometr təşkil etdiyini, hədəfin isə 100 kilometr olduğunu açıqlayıb: “Görülən işlər çərçivəsində skuter üçün 700, velosiped üçün isə 564 parklanma məntəqəsi təşkil edilib. Hazırda icarəyə verilən skuter sayı 4900, velosiped sayı 2200-dür. 2025-ci ildə icarə xidmətindən təxminən 405 min mikromobillik istifadəçisi yararlanıb. Mikromobillik vasitələri ilə 3,74 milyon səfər edilib, qət edilən ümumi məsafə isə 10,6 milyon kilometr olub. Şəhər mərkəzində başlayan və bitən fərdi nəqliyyat vasitələri (minik avtomobili, taksi və mikromobillik) ilə edilən səfərlərin ümumi sayında mikromobilliyin xüsusi çəkisi 12 faiz təşkil edir”, -deyə qurum rəsmisi əlavə edib.
Mübariz FEYİZLİ