AZ

Mətbəx üçün vacib məsləhət: taxta lövhəni belə təmizləyin

Mətbəxlərdə tez-tez istifadə olunan taxta kəsmə lövhələri zamanla yağ, qida qalıqları və nəmlik səbəbindən qarala bilər. Bu isə həm görünüşü korlayır, həm də gigiyena baxımından narahatlıq yaradır.


Pravda.az taxta lövhələri yenidən təmiz və yeni kimi göstərməyin sadə yollarını təqdim edir:


İlk olaraq lövhə adi qab yuma vasitəsi ilə yaxşıca yuyulmalı, üzərindəki yağ və qida qalıqları tam təmizlənməlidir. Daha sonra lövhənin üzərinə iri dənəli duz səpilir və yarıya bölünmüş limonla səth dairəvi hərəkətlərlə sürtülür. Bu üsul taxtanın üzərindəki qaralmanı və hopmuş qoxuları azaltmağa kömək edir.


Əgər qaralma daha dərindirsə, mütəxəssislər 3 faizli hidrogen peroksitdən istifadə etməyi tövsiyə edirlər. Peroksit lövhənin üzərinə çəkilir, 5–10 dəqiqə gözlədikdən sonra yenidən yuyulur və tam qurudulur.


Təmizləmə prosesindən sonra taxta lövhəni xüsusi mineral yağla yağlamaq məsləhət görülür. Bu, həm taxtanın ömrünü uzadır, həm də səthin daha parlaq görünməsini təmin edir. Qeyd olunur ki, zeytun və digər yemək yağlarından istifadə etmək düzgün deyil, çünki bu yağlar taxtada qoxu və yapışqanlıq yarada bilər.


Mütəxəssislər qaralmanın qarşısını almaq üçün çiy ət və balıq kəsildikdən sonra lövhənin dərhal yuyulmasını, eləcə də xlor və güclü kimyəvi maddələrdən uzaq durulmasını tövsiyə edirlər.


Əminə Bayramova 

Tarix: 29 Yanvar 2026, 12:08   
Seçilən
5
pravda.az

1Mənbələr