Azərbaycanda yeni növ institusional investorların bazara çıxması ilə bağlı işlər aparılır.
Bunu "Report"a açıqlamasında "Azərbaycan Kapital Bazarları Assosiasiyası" (AKBA) İctimai Birliyinin Direktorlar Şurasının sədri Orxan Bağırov bildirib.
"Kapital bazarlarında institusional investorlar kifayət qədərdir - banklar, sığorta şirkətləri və s. Biz hazırda yeni növ institusional investorların bazara çıxmasına çalışırıq. Söhbət investisiya fondlarından gedir. Onlarla bağlı qanunun da yenilənməsinə ehtiyacı var. Azərbaycan Mərkəzi Bankı bu istiqamətdə işlər görür. Mənə elə gəlir ki, tezliklə investisiya fondlarının yaradılmasını və beləliklə, kollektiv investisiya sxemlərinin işə düşdüyünü bizim ölkədə də görə biləcəyik", - deyə o qeyd edib.
Bundan başqa, O.Bağırov deyib ki, Azərbaycanda blokçeyn və tokenləşdirilmiş aktivlərin tətbiqi bazara güvəni və effektivliyi artıra biləcək ünsürdür: "Blokçeyn texnologiyalarının əsas xüsusiyyəti mərkəzləşdirməyə ehtiyat olmadan əməliyyatın həyata keçirilməsidir. Amma sual daha çox odur ki, bizim bazar, bizim cəmiyyət bunun tətbiqinə nə qədər hazırdır? Çünki yəni bu da insanlar üçü növbəti psixoloji baryerdir. Bu gün insanlarımız hələ səhm və istiqrazın kağız formadan çıxıb elektron formaya keçidinə öyrəşməyə çalışırlar. Amma biz artıq bu gün həmin o elektron formanın da dəyişib blokçeyn platformasına keçidindən danışırıq. Bu mənada bizim cəmiyyətin daha çox maariflənməsinə və buna hazır olmasına ehtiyac var".